İkinci Vətən Müharibəsi Şəhidi Hidi Vəliyevin anası yenidən ölkə Prezidentinə müraciət etdi: “İSTƏYİRƏM Kİ, MÜRACİƏTİM NƏZƏRƏ ALINSIN, BALAMIN ORDEN, MƏNZİL HAQQI TANINSIN”

Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndində yaşayan Şəhid anası Sənubər Yaşa qızı Teymurova ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə, Müdafiə naziri, general-polkovnik Zakir Həsənova, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə qeyd olunur:

“Hörmətli çənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Sənubər Yaşa qızı Teymurova Qəhrəman Goranboy rayonunun 1988-ci ildən ta tarixi Zəfərimizə kimi 32 il ərzində düşmən qarşısında mətanətlə, dəyanətlə dayanan Qəhrəman Tap-Qaraqoyunlu kəndindənəm. Və bu, son bir ildə Sizə ünvanladığım ikinci müraciətimdir. Çox təəssüflər olsun ki, ilk müraciətimdə qaldırdığım, dilə gətirdiyim heç bir məsələ ötən bir ildə həllini tapmadı. Odur ki, yenidən-ikinci dəfə Sizə müraciət etmək qərarına gəldim. Çünki Göydə Allahımız, Yerdə isə Sizsiniz ümidimiz, dayağımız.

Bir daha qeyd etmək, xatırlatmaq istəyirəm ki, İkinci Vətən Müharibəsi Şəhidi Hidi Bəxtiyar oğlu Vəliyevin anasıyam. Dörd övladımdan, iki oğlumdan biri olan Hidi Goranboyun, bütövlükdə Azərbaycanın ilk İkinci Vətən Müharibəsi Şəhidlərindən biridir. Övladım-MAXE Hidi Vəliyev İkinci Vətən Müharibəsinin elə ilk günündə Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qanlı döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Bu yerdə deyim ki, həyat yoldaşım Bəxtiyar Vəliyev də müharibə iştirakçısı olub. Birinci Qarabağ Savaşında iştirak edib, müharibə veteranıdır. Eyni zamanda, dayım Birinci Qarabağ Savaşının, 1994-ci ilin Şəhidlərindəndir. Qızım Nərgiz Vəliyeva Azərbaycan Ordusunda qulluq edib, MAXE-Baş çavuş kimi fəaliyyət göstərib, Aprel döyüşlərinin iştirakçılarından olub. Evimiz müharibə illərində, xüsusilə, İkinci Vətən Müharibəsi zamanı dəfələrlə atəş altında olub.

Hidim həm də subay idi, ona toy etmək istəyirdik. Amma ömrü, həyatı kimi arzuları, arzularımız, xəyalları, xəyallarımız da yarımçıq qaldı. Balama toy qismət olmadı.Mən yaşadım, biz yaşadıq, mən yandım, biz yandıq, kimsə yaşamasın, kimsə yanmasın. Allah heç kimə övladı acısı yaşatmasın! Eyni zamanda, övlad itkisi nə qədər ağır və əzablı olsa da, Oğlumla, Hidimlə, Qəhrəmanımla, İgidimlə Fəxr edirəm.

Onu da qeyd edim ki, Şəhidliyindən sonra övladım Ali Baş Komamdan kimi Sizin tərəfinizdən 3 medalla təltif edilib və buna görə Sizə öz minnətdarlığımı ifadə edirəm bir daha. Amma çox təəssüflər olsun ki, ötən 3 ildə övladım Haqqı olan ali ordenlərimizdən biri ilə təltif olunmayıb. Eyni zamanda, övladımın ev, mənzil Haqqı tanımayıb. Ailəmizdə heç kim işləmir, hamımız işsizik. Bunlar isə Dərdli, Yaralı, həm də Qəhrəman Ana kimi məni üzür, incidir”.

Müraciətdə sonra deyilir:

“Çox hörmətli İlham Heydər oğlu, Müzəffər Ali Baş Komandanımız!

Bu müraciəti ünvanlamaqla, Sizdən bir daha bir neçə məsələ ilə bağlı xahişimi etmək istərdim. İlk öncə övladımın ali ordenlərimizdən biri ilə təltif olunmasını istəyirəm. Yuxarıda da qeyd etdiyim kimi, orden balamın, Şəhidimin Haqqıdır. İstəyirəm ki, övladımın orden Haqqı tanınsın. Ona görə Sizdən xahiş edirəm ki, növbəti sərəncamlarınızdan birində övladımı da ordenlərimizdən biri ilə təltif edəsiniz. Bununla həm Şəhidimizin ruhu sevindirilmiş, həm də bir ana, bir Şəhid ailəsi kimi bizə təsəlli, təskinlik verilmiş olar.

Eyni zamanda, bir Şəhid ailəsi olaraq, heç birimiz heç bir yerdə işləmirik. Nə mən, nə yoldaşım, nə bizimlə yaşayan və bir övlad anası olan keçmiş hərbçi qızım, nə də digər iki övladım bugünə kimi işlə təmin olunmuşuq. Ona görə istəyirəm ki, heç olmasa, övladlarım işlə təmin olunsun. Elə mən özüm də işləmək imkanına malikəm. Özümün də işlə təmin olunmağımı istəyirəm, çünki hələ pensiya yaşıma var.

Həmçinin, Şəhid ailəsi olaraq, bugünə kimi evlə-mənzillə təmin olunmamışııq. Az qala üç ilə yaxındır Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Xidmətlər Agentliyi bizi get-gələ salıb, hər dəfə bir bəhanə gətirilib. Mənzil də balamın Haqqıdır və onun mənzil, ev Haqqı da tanınmalıdır. Odur ki, bu məsələnin də müsbət həllini tapmasını üçün səlahiyyətlərinizdən istifadə edərək, müvafiq qurumlara və şəxslərə göstəriş və tapşırıqlar verməyinizi xahiş edirəm.

İnanıram və əminəm ki, belə də olacaq, nəhayət, budəfəki müraciətim nəzərə alınacaq, qaldırdığım, xahiş etdiyim, Haqq etdiyimiz məsələlər öz müsbət həllini tapacaq. Öncədən də Sizə təşəkkürlərimi bildirirəm.

Allah Sizi və Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

Şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova Bərdə rayon Mədəniyyət Mərkəzində-İŞLƏ TƏMİN OLUNDU, MİNNƏTDARLIQ ETDİ… – FOTOLAR

Read Next

Ay yuxarıdakılar, ay başbilənlər…niyə belə bir OĞULun, CANLI ƏFSANƏ QƏHRƏMANın qədrini bilmirsiniz???-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir