“15 il ərzində nikahların sayında 11,4 faiz artım olub…” – DSK SƏDRİ – YENİLƏNİB

Ölkə əhalisinin sayı  10 il ərzində 12,1 faiz artıb

Tahir Budaqov: “Ömür uzunluğu 73,4 yaşdan 75,8 yaşa yüksəlib”

Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqovun mətbuat konfransı keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, mətbuat konfransı  1-10 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək əhalinin növbəti siyahıyaalınmasına həsr olunub.

O, deyib ki,  əhalinin siyahıyaalınması ilə bağlı bütün hazırlıq işləri yüksək səviyyədə tam başa çatdırılıb: “Artıq oktyabrın 1-i saat 00:00-dan əhalinin siyahıyaalınmasına başlanılıb”.

Onun sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Bakı Dəmir Yolu Vağzalında gecə reysləri ilə gedən insanların siyahıya alınması həyata keçirilib: “Oktyabrın 1-i səhər saat 08:00-dan başlayaraq isə mənzillərə gedilərək əhalinin siyahıyaalınmasına başlanılıb”.

DSK sədri sonra bildirib ki,  Azərbaycan əhalisinin sayı son 10 il ərzində, yəni 2009-cu ildən bu günə qədər 1 084 500 və ya 12,1 faiz artıb. T.Budaqovun dediyinə görə, nikahların sayında dinamika müşahidə olunub: “Son 15 il ərzində nikahların sayında 11,4 faiz artım olub. Ömür uzunluğu 73,4 yaşdan 75,8 yaşa yüksəlib. O cümlədən kişilər üzrə 70,8 yaşdan 73,3 yaşa, qadınlar üzrə 76,1 yaşdan 78,2 yaşa qədər artıb”.

O, həmçinin, bildirib ki, Azərbaycanda ana ölümü əmsalı aşağı düşüb: “Ana ölümü əmsalı doğulan hər 100 min nəfərdə 26,3-dən 12, 2-ə enib. Körpələr üzrə əmsal isə 11,4-dən 11,1-ə enib. 5 yaşadək uşaq ölümlərinin sayı 14,4-dən 13, 1-ə düşüb”.

T. Budaqov bildirib ki, ölkədə miqrasiya saldosu yüksəkdir, bu rəqəm son 10 ildə 14 min 800 təşkil edir.

DSK sədri eyni zamanda, qeyd edib ki,  ölkə əhalisinin 6,4 faizini 65 və yuxarı yaş həddində olan şəxslər təşkil edir. T. Budaqovun bildirdiyinə görə, demoqrafik güc məsələsində Azərbaycan müsbət ölkələrdəndir:

“Azərbaycanda əhalinin gənc nəsli hər 1000 nəfərə 459 nəfər təşkil edir. Dünya Bankının rəsmi məlumatına görə, digər ölkələrlə müqayisədə Azərbaycanda demoqrafik güc müsbətdir. Gənclərin nisbi sayı ahılların nisbi sayından yüksəkdir. Bu o deməkdir ki, Azərbaycanda əhalinin təkrar istehsalı və artım tendensiyası müsbətdir. Düzdür, əvvəlki illərə nisbətən müəyyən qədər azalma tendensiyası müşahidə edilsə də, ümumi olaraq demoqrafik vəziyyət yaxşıdır”.

tahir_budaqov_011019_2

***

DSK sədri bununla yanaşı, mətbuat konfransında bildirib ki, son 15 ildə ölkədə ÜDM istehsalı 3,3 dəfə artıb:

“Hesabat dövründə qeyri-neft sektoru üzrə məhsul istehsalı 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə artıb, qeyri-neft sənayesi üzrə 2,4 dəfə artıb. Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 3 dəfə, tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitlər 4,6 dəfə artıb. Yük daşınması 2,1 dəfə, sərnişin daşınması isə 2,2 dəfə yüksəlib. İnformasiya və rabitə xidmətlərinin həcmi 12,3 dəfə, pərakəndə ticarət dövriyyəsinin həcmi 12,2 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 6,6 dəfə artıb”.

Qeyd edək ki, siyahıyaalınma ilə bağlı hər 300 nəfər əhali üçün bir sayıcı nəzərdə tutulub. 14 min əhali üçün bir məntəqənin yaradılması və beş sayıcıya bir təlimatçı nəzarəti müəyyən edilib. Azərbaycanın inzibati ərazi vahidləri üzrə təşkilati planların tərtib edilməsi nəticəsində ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33 907 sayıcı məntəqəsinə bölünüb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Bu, hər bir kəsin dövlətidir…” – ƏLİ ƏHMƏDOV

Read Next

28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində – YENİ PARK – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir