Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əli Nuru oğlu Rzalı və Şahin Afat oğlu Tahirli…
Biri Yardımlılı, biri də Lerikli…
İki bacının nəvələri…
İki qohum və iki Şəhid…
İkisi də İkinci Vətən Müharibəsi Şəhidi…
İkisi də Azərbaycan Ordusunun Əsgəri…
İkisi də ailənin iki oğlan övladından biri…
Əli 18 yaşlı, Şahin 19 yaşlı…
***
Bu gün-5 iyun 2024-cü il tarixində Yardımlılı, Bilnəli İkinci Vətən Müharibəsi Şəhidi, ailənin üç övladından, iki qardaşdan biri, subay, tanınmış jurnalist Elşad Paşasoyun bacısı oğlu Əli Nuru oğlu Rzalının valideynləri-anası Samirə xanım, atası Nuru Rzalı, o cümlədən dayısı-Azərbaycan dili və ədəbiyyat müəllimi Xəqani Paşayevlə birlikdə Lerikli, Züvüçlü İkinci Qarabağ Savaşı Şəhidi, həm də doğmaları olan Şahin Afat oğlu Tahirlinin ailəsini, ocağını ziyarət etdik…
Ziyarət mənim xahişim və təşəbbüsümlə baş tutdu…
Təxminən bir saata yaxın çəkən ziyarətimiz zamanı öncə Şahin Tahirlinin Dərdli, Yaralı, həm də Qəhrəman valideynləri-anası Nazilə xanıma və atası Afat kişiyə Allahdan səbr və dözüm dilədik…
“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik…
Şəhidimizin və cəmi Şəhidlərimizin ruhu qarşısında baş əydiyimizi bildirdik…
Sonra Şəhidimizin valideynləri ilə söhbətləşdik, dərdləşdik…
Şəhidimizin atasının dediklərindən:
“Şahinlə axırıncı dəfə Şəhidliyindən 3 gün öncə, noyabrın 4-də danışmışdım…Ondan sonra Şahinlə əlaqə saxlaya bilmədim…Noyabrın 7-də isə Daşaltı istiqamətində Şəhid oldu…Ancaq onun nəşini günlərlə axtardım…Və nəşini noyabrın 22-də Füzili Müalicə Diaqnostika Mərkəzində tapdım…Şahin alnından snayper gülləsi ilə vurulmuşdu…Üzündə qan izləri qalırdı…Üzündəki qanı dilimlə yaladım (səsi titrəyir)…Allah kimsəyə övlad acısı yaşatmasın…Çox ağırdır…”
Sözün bitdiyi yer idi…
Kəlmələr, sözlər belə aciz qalmışdı…
Nə deyəcəyimi, necə təsəlli verəcəyimi belə bilmədim, bilmirdim…
Çox çətin idi, çox…
***
Qeyd edim ki, Şahin Tahirli 2001-ci ilin 17 sentyabr tarixində sadə bir ailədə dünyaya gəlib…
Ailənin beş övladından, iki qardaşdan biri olub…
2007-2018-ci illərdə Züvüç kənd tam orta mətəbində oxuyub…
2018-ci ildə Mingəçevir Turizm Kollecinə daxil olub…
Və birinci kursu başa vurduqdan sonra, 2019-cu ilin oktyabrında Əsgərliyə yollanıb…
Əsgərliyinin bir ilinin tamamına yaxın, 2020-ci ilin sentyabr ayının 27-də başlayan İkinci Vətən Müharibəsinə qatılıb…
Və noyabrın 7-cən uzun və şərəfli döyüş yolu keçib…
Noyabrın 7-də Daşaltı istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Ancaq nəşi 15 gün sonra tapılıb və noyabrın 23-də Züvüç kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…
O həm də Züvüçün yeganə İkinci Vətən Müharibəsi Şəhididir…
19 yaşlı Şahin eyni zamanda, subay idi…
Onu da qeyd edim ki, Şahinin ali təhsilli qardaşı, 1995-ci il təvəllüdlü İsgəndər Tahirli də İkinci Vətən Müharibəsi iştirakçısı olub…
Aprel döyüşlərində iştirak edən İsgəndər 2020-ci ilin 21 sentyabr tarixində səfərbərliyə cəlb olunub və 6 gün sonra İkinci Vətən Müharibəsinə qatılıb…
Və 2020-ci ilin dekabrında Ordudan tərxis olunub…
İsgəndər dörd medalla-“Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb…
29 yaşlı İsgəndər də subaydır…
***
Şəhidimizin ailəsini, ocağını ziyarətdən sonra yenidən Əli Rzalının ailəsi ilə birlikdə Bilnəyə döndük…
Və Bilnənin yeganə İkinci Vətən Müharibəsi Şəhidi olan bir neçə medallı və bir ordenli Əli Rzalının da məzarını ziyarət etdik…
Ruhuna dualar etdik, ruhu, məzarı qarşısında baş əydik…
Və iki qohum, iki Şəhid…
Əli və Şahin…
İkisinin də məqamı Uca, dərgahı mübarək olsun!
İkisi də Nur içində yatsın!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az