Şəhid anası ölkə rəhbərliyindən-KÖMƏK İSTƏDİ: “BEZMİŞİK, ARTIQ CANA DOYMUŞUQ…”

Bərdə rayonunun Bəcirəvan kənd sakini, Şəhid anası Hicran Süleymanova tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya, Ali Məhkəmənin sədri İnam Kərimova, Baş Prokuror Kamran Əliyevə, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova və Milli Məclisin üzvü Xanlar Fətiyevə müraciət ünvanlanıb.

Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:

“Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Hicran Hümbət qızı Süleymanova Bərdə rayonunun Bəcirəvan kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi Şövqi Raqub oğlu İsmayılzadənin anasıyam. Bəcirəvanın yeganə İkinci Qarabağ Savaşı Şəhidi olan Şövqi bizim iki övladımızdan biri, tək oğlumuz, arxa-dayağımız idi. Ailəli, bir övlad atasıydı. Amma nə biz övladımızdan doya bildik, nə də oğlumuz bizlərdən, tək balasından doya bildi. Cəmi 24 yaşında Vətən, Qarabağ uğrunda canını fəda etdi, qəhrəmancasına Şəhid oldu. Tək oğlumuzu, arxa-dayağımızı itirdik. Beş ildir oğulsuz, arxa-dayaqsız qalmışıq. Allah kimsəyə, heç bir valideynə, ata-anaya yaşatmasın!

Şəhidliyindən sonra Sizin müvafiq sərəncamlarınızla övladımız medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Bərdə şəhərində adını daşıyan küçə var. Oğlumuzun Şəhidliyindən sonra evimizi, ocağımızı ev-muzeyinə çevirmişik, həyətimizin önündə adına “Şəhid bulağı” tikdirmişik. Az da olsa, bunlarla təsəlli tapmağa çalışırıq.

Eyni zamanda, Bəcirəvan kəndində, Bərdə-Ağcabədi magistral yolunun kənarında bizə məxsus qanuni-özəlləşdirilmiş ərazidə içi balamız qarışıq Şəhidlərimizin xatirəsinə Abidə kompleksi tikdiririk. Amma bir neçə ildir ki, problemlə, çətinliklə, qeyri-insani münasibətlə üzləşmişik. Bəcirəvan kəndində yaşayan Laçınlı məcburi köçkün Nəsibə Nuruş qızı Piriyeva tərəfindən bizə problemlər yaşadılmaqdadır. İki ildən çoxdur ki, onun ucbatından məhkəmə yollarında qalmışıq.

İş Ali Məhkəməyəcən gedib çıxıb, hər dəfə də məhkəməni udmuşuq. Ekspertiza rəyləri ortadıdır. Ancaq bu adam kimə və kimlərə arxayındırsa, hər dəfəsində bizə-tək Oğlunu Şəhid vermiş Dərdli, Yaralı bir ailəyə-Şəhid ailəsinə problem yaradır, bizdən əl çəkmir, pozulmuş əsəblərimizlə oynayır, Şəhidimizin ruhuna hörmətsizlik edir, məhkəmələrin qanuni qərarlarını yerinə yetirmir. Onun əlindən artıq bezmişik, cana doymuşuq.

Çox hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız!

Müraciət etməklə, Sizdən bizə-Şəhid ailəsinə dəstək, yardımçı olmağınızı istəyirik. Xahiş və rica edirik ki, səlahiyyətlərinizdən istifadə edərək, pozulmuş, tapdalanmış hüquqlarımızın bərpa olunması və açıq-aşkar qanunsuzluqlar edən adıçəkilən şəxsin cəzalandırılması üçün müvafiq dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına göstəriş və tapşırıqlarınızı verəsiniz. Bu adamın artıq durdurulması, məhkəmələrin qanuni qərarlarını yerinə yetirməsi və əks-təqdirdə qanun qarşısında cavaddehliyə, məsuliyyətə cəlb edilməsi lazımdır.

İnanırıq və əminik ki, belə də olacaq, nəhayət, müraciətimiz nəzərə alınacaq və öz müsbət həllini tapacaq, ədalət yerini tapacaq. Öncədən də Sizə öz minnətdarlığımızı bildiririk. Allah Sizi, ailənizi, Qalib Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

Yağış yağacaq, bəzi yerlərdə leysan olacaq-XƏBƏRDARLIQ

Read Next

“Bizi sevindirən odur ki, bu gün beynəlxalq diplomatiyada qasırğanın hökm sürməsi, vəziyyətin gündən-günə dəyişməsi, təhlükələrin və çağırışların artması fonunda dost ölkələr bir araya gələrək beynəlxalq münasibətləri müzakirə edirlər…”-ORBAN – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir