Bu gün Anım Günü olan Mingəçevirli Şəhid qardaşlardan Tural Həsənov və CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜ, 25 YAŞI TAMAM OLAN TƏK ÖVLAD EMİL ƏMİROV…

Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən-Şəhid qardaşlardan biri olan Tural Tapdıq oğlu Həsənovun Anım Günüdür.

Tural Həsənovun bu gün-9 dekabr 2025-ci il tarixində Əbədiyyətə uğurlanmasından beş il ötür.

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Mingəçevir Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar olunub, ailəsinə-anası Nəhayət Həsənovaya Allahdan səbr və dözüm arzulanıb.

Məzarını ziyarətdən sonra Anım Günü ilə bağlı Şəhidin Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, Mingəçevir, Bərdə və digər bölgələrdən olan Şəhid ailələri, din xadimləri və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, ata tərəfdən Ağdamlı, ana tərəfdən Goranboylu olan Tural Həsənov 1994-cü ilin iyul ayının 16-da Mingəçevir şəhərində, sadə bir ailədə-Həsənovlar ailəsində dünyaya gəlib.

Tural Həsənov Nəhayət və Tapdıq Həsənovların iki oğlan övladından biri idi.

Ataları Tapdıq Həsənov ötən ilin-2023-cü ilin yayında dünyasını dəyişib.

2000-2011-ci illərdə orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra həqiqi hərbi xidmətə yollanıb, 2012-2014-cü illərdə Vətənin keşiyində dayanıb və Əsgərliyini başa vuraraq, yenidən evinə-ailəsinə qayıdıb.

O, texnikum (kollec) təhsilli olub və İkinci Vətən Müharibəsinə qədər müxtəlif sahələrdə çalışıb.

Həm özü, həm də qardaşı İkinci Vətən Müharibəsi zamanı səfərbərliyə cəlb olunaraq, müharibəyə, döyüşlərə qatılıblar.

İkinci Vətən Müharibəsinin ilk günlərində Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə Şəhidlik məqamına ucalan Tural Həsənovun nəşi 68 gündən sonra tapılıb və ailəsinə təhvil verilib.

Və bir gün sonra, 9 dekabr 2020-ci il tarixində Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Tural ailəli, iki övlad, iki oğul atası olub.

Hüseyn  Tapdıq adlı iki oğlan övladı ailıəsinə, Vətəninə əmanət qalıb.

Qardaşı Musa Həsənovun nəşi isə 35 gündən sonra, 2020-ci ilin noyabrın 5-də torpağa tapşırılıb.

Musa Həsənov da ailəli, iki qız atası olub və Şəhidliyindən bir neçə ay sonra qızı-balaca İnci xəstəlikdən vəfat edib.

Mingəçevir şəhərinin “Günəşli” yaşayış massivində Şəhid qardaşların adını daşıyan küçə var.

***

Bu gün həm də Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Emil Zaman oğlu Əmirovun doğum günüdür.

Emil Əmirovun bu gün-9 dekabr 2025-ci il tarixində 25 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Qeyd edək ki, Emil Əmirov 2000-ci ilin dekabr ayının 9-da Mingəçevir şəhərində dünyaya gəlib.

Evin tək oğlan övladı olub və anası Xanımnaz İmanova tərəfindən təkbaşına böyüdülüb.

İkinci Vətən Müharibəsində MAXE kimi iştirak edib və oktyabrın 15-də Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 2 gün sonra, 17 oktyabr tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra medallarla və bir ordenlə təltif olunub.

O, həm də subay olub.

Adını daşıyan küçə var.

Qeyd edək ki, Emil Əmirovun tək dayısı da Şəhiddir.

Dayısı, üç bacının tək qardaşı ola  Müzəffər İmanov 1992-ci ildə, 1-ci Qarabağ Şavaşında iştirak edib və avqustun 9-da Ağdərə istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Müzəffər İmanov da Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Eyni zamanda, qeyd edək ki, bu gün Emil Əmirovun da məzarı ziyarət olunub, ruhuna dualar olunub, “Quran” oxunub, anası Xanımnaz İmanovaya Allahdan səbr dilənib.

Məkanları cənnətlik olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Tofiq Bakıxanov 1-ci dərəcəli “Əmək” ordeni ilə-TƏLTİF EDİLDİ

Read Next

Cənnətdəki üçüncü doğum günü, 22 yaşı tamam olan-ANTİTERROR ŞƏHİDİ SAVALAN QAFAROVUN BU GÜN MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir