Naftalanlı Şəhid anası dövlət başçısına və millət vəkillərinə-MÜRACİƏT ETDİ…

Naftalan şəhərində yaşayan Şəhid anası Möhtərəm Quliyeva Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya, Müdafiə naziri, general-polkovnik Zakir Həsənova, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudova, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə, MM-in İnsan hüquqları komitəsinin sədri Zahid Oruca və MM-in üzvü Bədəl Bədəlova Müraciət ünvanlayıb.

Etikxeber.az-a daxil olan müraciətdə deyilir:

“Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Möhtərəm Əli qızı Quliyeva Naftalan şəhərindən olan İkinci Vətən Müharibəsi Şəhidi Bəhruz Firuz oğlu Quliyevin anasıyam. Oğlum İkinci Vətən Müharibəsinin Şəhidlərindən, Qələbə və Zəfər Şəhidlərimizdəndir. Bəhruz mənim üç övladımdan biri, tək oğlum, arxa-dayağım, dostum-sirdaşım, suyum, havam, nəfəsim idi. Həm də ailəli, iki körpə qız atasıydı. Tək, uzun illərin hərbçisi, Aprel döyüşlərinin iştirakçısı olan oğlumu Vətən, Qarabağ uğrunda Şəhid verdim. Oğlum həm də veteran oğluydu. Həyat yoldaşım Firuz Quliyev də müharibə iştirakçısı, Birinci Qarabağ Savaşında can qoyan Vətən oğullarından biri, müharibə veteranıdır. İndi 6 ildir Oğulsuz, arxa-dayaqsız qalmışam. Həmin gündən-2020-ci ilin oktyabrından dünya, həyat başıma uçub. Bilmirəm dünyanın altındayam, yoxsa üstündə…Bala, oğul, övlad acısı çox ağır, çox çəkilməz və dözülməzdir. Mən yaşadım, biz yaşadıq, Vətən uğrunda övladlarını Şəhid vermiş ailələr yaşadı, Allah bundan sonra kimsəyə, heç bir valideynə, heç bir ailəyə yaşatmasın.

Qeyd edim ki, Şəhidliyindən sonra övladım Sizin müvafiq sərəncamlarınızla üç medalla təltif olunub. Buna görə Sizə öz minnətdarlığımı ifadə edirəm. Ancaq təəssüflər olsun ki, ötən illərdə dəfələrlə söz, vəd edilməsinə baxmayaraq, övladım Haqqı olan ali ordenlərimizdən birinə təqdim olunmayıb, hələ də orden Haqqını ala bilməyib.

Çox hörmətli, çox dəyərli Müzəffər Ali Baş Komandanımız!

Bir dərdli, bir yaralı, tək Oğlunu Vətən uğrunda Şəhid vermiş Ana kimi Sizə müraciət edərək, övladımın ölkənin ali ordenlərindən biri ilə təltif edilməsini xahiş edirəm. Xahiş və rica edirəm ki, nəhayət, balamın Orden Haqqı tanınsın, qarşıdan gələn Silahlı Qüvvələr Günü və ya Zəfər Günündə övladım ali ordenlərimizdən biri ilə təltif olunsun. Orden də balamın, tək oğlumun halal Haqqıdır.

Eyni zamanda, fürsətdən istifadə edərək ikinci xahişimi dilə gətirmək istəyirəm. Bu xahişim də yenə balamın, Şəhidimin Haqqı olan ev, mənzil məsələsi ilə bağlıdır. Müharibədən beş il keçməsinə baxmayaraq, hələ də evlə, mənzillə təmin olunmamışıq. Hətta illər öncə evlə təmin olunacağımız, bizə həyətyanı yaşayış binası tikiləcəyi ilə bağlı söz, vəd verilsə də, beş ildə elə söz, vəd olaraq qalmaqdadır. Bu istiqamətdə bir addım olsun belə atılmayıb, daş daş üstünə qoyulmayıb. Son beş ildə əksər Şəhid ailələri evlə, mənzillə təmin olunduğu halda, biz nədənsə kənarda qalmışıq. Niyə, nəyə görə, hansı səbəbə?

Elə bu yerdə qeyd edim ki, biz-beş nəfər köhnə, darısqal, üç otaqlı mənzildə, bina evində yaşayırıq. Şəraitimiz olduqca çətindir. Yoldaşım da, mən də yaşlı, xəstə adamlarıq, hər günümüz müalicələrdə keçir. Əsəblərimiz tarmar olub. Səs-küy götürə bilmirik. Evdə iki qız uşağı böyüyür. Onların da öz dünyası var…Körpə yaşlarındaykən ata acısı dadıblar, ata açısı yaşayıblar, ata qayğısına, nəvazişinə həsrət qalıblar. Bəzən onlar bizi, bəzən də biz onları başa düşə bilmirik…Onlara da, bizə də çox çətindir…

Ona görə Sizdən çox xahiş və rica edirəm ki, bizim vəziyyətimizi, durumumuzu nəzərə alasınız və aidiyyatı qurumlara, onların cavabdeh şəxslərinə səlahiyyətlərinizdən istifadə edərək, göstəriş və tapşırıqlarınızı verəsiniz, Şəhidimin mənzil Haqqının tanınmasında əlinizdən gələni əsirgəməyəsiniz. Ömür çox qısadır, bilmirik ki, sabah başımıza nə gələcək…Bu gün varıq, sabah yoxuq…İstəmirik ki, Şəhidimizin əmanətlərini yarıyolda, problemlər, sıxıntılar içində qoyub gedək…Odur ki, övladımızın mənzil Haqqının da tezliklə tanınmasını Sizdən çox xahiş və rica edirik.

İnanır və əminəm ki, müraciətim Sizə çatdırılacaq, kənara atılmayacaq, nəzərə alınacaq, öz müsbət həllini tapacaq, həm Şəhidimin ruhu sevindiriləcək, həm də bizə-Yaralı, Dərdli Şəhid ailəsinə az da olsa, təsəlli, təskinlik verilmiş olacaq.

Öncədən də Sizə öz dərin minnətdarlığımı bildirirəm. Allah Sizi, gözəl ailənizi və Qalib Azərbaycanımızı qorusun!

Etikxeber.az

Read Previous

Bu, hökm Xocalı soyqırımına görə insanlığın alnındakı qara ləkənin silindiyi tarixi məqamdır-AZAY QULİYEV YAZIR

Read Next

Daha bir Şəhid anası-Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi Kərim Yusifovun anası Əminə Nuriyeva-56 YAŞINDA DÜNYASINI DƏYİŞDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir