“Səninlə bağlı çoxlu arzularım var idi…Sənə toy edəcəkdim, səni evləndirəcəkdim…Bütün arzularım gözümdə, yarımçıq qaldı…”-Şəhid anası Rəna Səfərova – 10 mayda Cənnətdəki altıncı doğum günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-BAKILI MƏMMƏDAĞA SƏFƏROV VƏ YARDIMLILI ZAHİD ZAİRLİNİN MƏZARLARI ZİYARƏT EDİLDİ, MÖVLUDLARI İLƏ BAĞLI MƏCLİS TƏŞKİL EDİLDİ – YENİLƏNİB – (3)

Yardımlı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Zahid Azad oğlu Zairlinin doğum günüdür.

Zahid Zairlinin bu gün-10 may 2026-cı il tarixində 26 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün Şəhidin Dəlləkli kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Eyni zamanda, mövludu ilə əlaqədar ailəsinin yaşadığı evdə Şəhidin adına ehsan süfrəsi təşkil edilib, bir daha ruhuna dualar olunub.

Etikxeber.az xəbər verir ki, Zahid Zahirli 10 may 2000-ci il tarixində Yardımlı rayonunun Dəlləkli kəndində sadə bir ailədə dünyaya göz açıb…

Ailədə 6 uşaq-3 bacı, 3 qardaş olublar…

Zahid isə evin, ailənin son beşiyi idi…

2006-cı ildə Dəlləkli kənd ümumi orta məktəbində birinci sinfə gedib və 2015-ci ildə 9 illik təhsilin başa vurduqdan sonra AZMİU-nun nəzdindəki İnşaat Kollecinə daxil olub…

Kolleci bitirdikdən sonra, 2019-cu ilin 23 iyul tarixində həqiqi hərbi xidmətə yollanıb…

Zahidin uşaqlıqdan arzusu həmişə Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) snayperçi olmaq olub…

Bu arzusu da reallaşıb, Əsgərlikdə olarkən XTQ-nın baş snayperçisi seçilib…

İkinci Qarabağ Savaşı başlayan gündən də bir Xüsusi Təyinatlı kimi döyüşlərə qatılıb…

Murovdan Suqovuşana, Suqovuşandan Cəbrayıl və Füzuliyə, Hadrutacan şərəfli döyüş yolu keçib…

İkinci Vətən Müharibəsinin 11-ci günündə, oktyabr ayının 7-də Cəbrayıl rayonununda gedən qızğın döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, 8 oktyabr 2020-ci il tarixində Dəlləkli kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra isə 4 medalla – “Vətən uğrunda”, “Cəsur döyüşçü” “Kəlbəcərin azad olunmasına görə”  Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…

20 yaşında Şəhidlik məqamına ucalan Zahid həm də subay olub…

Yardımlıda adını daşıyan küçə var…

***

Bu gün həm də Bakılı İkinci Vətən Müharibəsi Şəhidi Məmmədağa Səfərovun Cənnətdəki altıncı doğum günüdür.

Onun 29 yaşı tamam olur.

Qeyd edək ki, Məmmədağa Səfərov 1997-ci ilin may ayının 10-da Bakı şəhərində-ziyalı ailəsində dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.

Ondan iki yaş böyük olan bacısı hazırda ailəli və iki qız anasıdır.

2003-2014-cü illərdə Bakıda yerləşən məşhur 20 saylı tam orta məktəbdə oxuyub.

Sonra Türkiyənin Balıkəsir Universitetində ali təhsil almağa başlayıb və 2019-cu ildə təhsilini dondurub, həqiqi hərbi xidmətə yollanıb.

11 ayın Əsgəri kimi İkinci Vətən Müharibəsinə qatılıb.

25 günlük şərəfli döyüş yolu keçib.

Oktyabrın 21-də Xocavənd, Düdükçü istiqamətində qəhrəmancasına Şəhid olub.

22-si günü nəşi Bakıya, yaşadığı evə gətirilib və oktyabrın 23-də Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra dörd medalla təltif olunub.

Ancaq anası Rəna xanım övladının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

***

Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət edilib.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Anası Rəna xanıma və tək bacısına Allahdan səbr və dözüm arzulanıb.

Cənnətdəki altıncı doğum günü, 29 yaşı təbrik olunub.

Məzarını ziyarətdən sonra isə Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim zalında Cənnətdəki altıncı doğum günü ilə bağlı adına çay-ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Qısa çıxışlar olunub.

Şəhid Murad Qurbanovun anası Mehriban Qurbanova Səbail Şəhid Anaları və cəmi Şəhid ailələri adından danışaraq bildirib ki, məhz Şəhidlərin, Məmmədağa kimi Vətənini, Torpağını ailəsindən, anasından üstün tutan, bu yolda Şəhadətə qovuşan Şəhid Oğulların sayəsində Azərbaycan torpaqlarının, Qarabağın 30 illik işğalına son qoyulub.

“Bu gün biz sevinirik ki, öz doğma yurd yerlərindən köçkün düşmüş insanlar məhz Şəhidlərin, Qazilərin qanları, canları hesabına işaldan azad edilmiş torpaqlara-evlərinə qayıdır və ilk sözləri də “Allah Şəhidlərimizə rəhmət etsin!” olur…Bu, bizi həm sevindirir, həm də bizlərə bir təsəlli olur…”

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və adına təşkil edilən ehsan süfrəsində anası və tək bacısı, yaxınları, dostları, Şəhid ailələri, Qazilər, Şəhidsevər ziyalılar, din xadimləri və digər şəxslər iştirak ediblər.

Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

13:59

***

FOTOLAR:

14:14

***

14:34

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Zəngilanı nəinki Azərbaycanın, bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Bəzi bölgələrdə külək güclənəcək-XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir