“Axırıncı dəfə İbrahimlə müharibədən bir gün əvvəl danışdıq…Kiçik qardaşına dedi ki, dərləsini yaxşı oxu, anamın, atamın üzündən öp…Gözləyirik ki, bir gün gələcək, bəlkə bir gün ondan xəbər çıxacaq…Hər gün bu ümidlə yaşayırıq…”-NAXÇIVANLI-ŞƏRURLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, İTKİN ŞƏHİDLƏRİMİZDƏN OLAN İBRAHİM VƏLİZADƏNİN ATASI SƏMƏD VƏLİYEV

İlk dəfədir Azərbaycanımızın ən qədim və cənnətməkan guşələrindən biri olan nəqşi-cahanda, Naxçıvanımızdayam…

İlk dəfədir Şərurdayam…

İlk dəfədir Naxçıvanlı Şəhid ocağındayam…

İlk dəfədir Şərurlu İkinci Vətən Müharibəsi Şəhidi-itkin Şəhidimiz İbrahim Səməd oğlu Vəlizadənin ocağında, ailəsindəyəm…

O İbrahim ki, ailənin dörd övladından, dörd qardaşdan biri idi…

O İbrahim ki, ki, babası İbrahim kişinin adını daşıyırdı…

O İbrahim ki, ali-hərbi təhsilli, peşəkar hərbçi, zabit, Leytenant idi…

O İbrahim ki, tək bir ailənin yox, bir nəslin-Vəliyevlər nəslinin Fəxri, Qüruru idi…

O İbrahim ki, İkinci Vətən Müharibəsində-Kəlbəcər istiqamətində Vətən yolunda Şəhid oldu…

O İbrahim ki, itkin Şəhidlərimizdən biridir…

O İbrahim ki, İkinci Vətən Müharibəsinin beş itkin Şəhidindəndir…

O İbrahim ki, ailəsi, valideynləri, doğmaları 2020-ci ilin sentyabr ayının 30-dan bu yana-altı ilə yaxındır onun yolunu həsrətlə gözləyir…

Atası Səməd kişinin dediklərindən:

“İbrahimlə axırıncı dəfə müharibədən bir gün öncə, 26-sı günü görüntülü danışdıq…Həmişəki kimi dedik, güldük, zarafatlaşdıq…Dedi ki, ata, hazırda Maralgöl tərəfdə, hərbi təlimdəyik…Amma müharibə barədə bir kəlmə olsun demədi…Bizim də heç ağlımıza gəımədi ki, cəmi bir gün, əslində saatlar sonra müharibə başlayar…Dedi ki, hər şey yaxşlıqdır, əladır, özünüzdən muğayat olsun…Kiçik qardaşına-Vurğuna da dedi ki, dərləsini yaxşı oxu, anamın, atamın üzündən öp…Yenə də deyirəm ki, amma müharibə barədə bir kəlmə olsun demədi…Səhərisi gün isə müharibə başladı…Mən ona həmin nə qədər zəng etsəm də, cavab vermədi, mesaj yazdım, iki xətt düşdü, amma mesajıma da baxmadı,cavab yazmadı… Ayın 30-na kimi zənglərimizə cavab vermədi…Ayın 30-dan isə onun telefonuna, ümumiyyətlə, zəng çatmadı…

Amma yenə də ağlıma başqa heç nə gəlmədi, dedim ki, müharibədir… Yəqin elə yerdədir ki, cavab verə bilmir, zəng çatmır…Oktyabr ayında-gününü xatırlamıram-bir də gördüm ki, oğlumun adı itkinlər sırasında qeyd olunub…Sanki dünyamız yıxıldı…O vaxtdan onu axtarmağa, ondan xəbər tutmağa çalışdım…Amma təəssüflər olsun ki, hələ də ondan xəbər yoxdur…Altı ildir onun yolunu gözləyirik…Gözləyirik ki, bəlkə bir gün gələcək, bəlkə bir gün ondan xəbər çıxacaq (gözləri dolur)…Hər gün bu ümidlə yaşayırıq…Nə deyim…Çox çətindir, çox ağırdır, çox…”

Bu yerdə qeyd edim ki, İbrahim Vəlizadə 1998-ci ilin iyun ayının 11-də Şərur rayonun Vərməziyar kəndində-sadə bir ailədə dünyaya gəlib…

Ona babası İbrahim kişinin adı qoyulub…

Ailənin dörd övladından, dörd qardaşdan biri və evin ikinci oğlu olub…

Əvvəlcə Vərməziyar kənd orta məktəbində oxuyub, sonra-2012-2015-ci illərdə təhsilini Heydər Əliyev adına Hərbi Liseydə davam etdirib…

Liseyi bitirdikdən sonra-2015-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub və orada ali-hərbi təhsil alıb…

Ali Hərbi Məktəbi başa vurduqdan sonra ona Leytenant hərbi rütbəsi verilib…

Şəmkir rayonunda-Seyfəlidə yerləşən hərbi hissədə peşəkar hərbçi kimi fəaliyyətə başlayıb…

İkinci Vətən Müharibəsi zamanı isə döyüşlərə, Vətənin müdafiəsinə atılıb və sentyabr ayının 30-dan sonra ondan heç bir xəbər almaq mümkün olmayıb…

Həmin vaxtdan adı itkin Şəhidlərimiz sırasındadır…

Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…

Şərur Şəhidlər Xiyabanında büstü ucaldılıb…

22 yaşında Şəhadətə qovuşan İbrahim həm də subay olub…

Ali təhsilli böyük qardaşının övladı Onun adını daşıyır…

Adı ilə böyüsün, ruhu köməyi olsun!

İbrahimin isə məqamı Ali və Uca olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hava isti olacaq-temperatur 33 dərəcəyə çatacaq-SABAH

Read Next

Şərurlu İkinci Vətən Müharibəsi, “Qisas” və Antiterror Şəhidləri-NƏŞİ 7 AYDAN SONRA ƏBƏDİYYƏTƏ UĞURLANAN ƏLİ YUSİFOV, ÖZÜNƏ ŞƏHİDLİK DİLƏYƏN MƏMMƏD ZAMANLI, 25 YAŞININ TAMAMINDAN AZ SONRA ŞƏHİD OLAN ƏLİ ƏLİYEV, İTKİN ŞƏHİD İBRAHİM VƏLİZADƏ VƏ AİLƏLİ-TƏK OĞUL ELÇİN İBRAHİMLİ… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir