Şəhid anaları ölkə Prezidentinə müraciət etdi: “ALTI İLƏ YAXIN VAXT KEÇİR, HƏLƏ DƏ BALALARIMIZIN HAQQI OLAN MƏNZİLLƏRLƏ TƏMİN EDİLMƏMİŞİK…”

Goranboylu Şəhid anaları-Lətafət Qurbanova və Sənubər Teymurova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevə, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə və Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə birlikdə müraciət ünvanlayıblar.

Etikxeber.az-a daxil olan müraciətdə deyilir:

“Cənab Prezident!

Yazıb Sizə ərz etmək istəyirik ki, biz-Lətafət Sədi qızı Qurbanova və Sənubər Yaşar qızı Teymurova Goranboy rayonunun Qızılhacılı qəsəbəsi və Tap-Qaraqoyunlu kəndindənik. Qızılhacılı Azərbaycanın ən çox Şəhidi olan qəsəbələrindən, kəndlərindəndir, 40-a yaxın Şəhid verib bu kənd, bu qəsəbə. Üç Şəhid Milli Qəhrəmanı və bir sağ Vətən Müharibəsi Qəhrəmanı var. Tap-Qaraqoyunlu isə 1988-ci ildən 2020-ci ilə qədər 32 il ərzində düşmənin qarşısında mətanətlə dayanan, mətanətlə duruş gətirən bir kənddir.

İkimiz də Goranboylu Şəhid analarıyıq, ikimiz də Qəhrəman Oğulların Qəhrəman Analarıyıq.

Mən-Lətafət Qurbanova mühribə dövründə düşmənə bir qarış da torpaq verməyən Qəhrəman Goranboyumunzun, Qızılhacılımızın ilk İkinci Vətən Müharibəsi Şəhidlərindən olan tək və subay oğul Fariz Məhəmməd oğlu Qurbanovun anasıyam. Tək oğlum Vətən yolunda canını fəda etdi, qəhrəmancasına Şəhid oldu, məni, bizləri gözləri yaşlı qoydu. Oğul, övlad dərdinə dözə bilməyən həyat yoldaşım Məhəmməd Qurbanov da bir xeyli müddət öncə dünyasını dəyişdi. Həm tək oğlumu, həm də həyat yoldaşımı itirdim. Oğulsuz, başsız, sahibsiz qaldım bir övlad anası olan tək qızımla. Səhhətim də normal deyil, dəfələrlə koma vəziyyətinə düşmüşəm. Tək, mənimlə yaşayan və bir övlad anası olan qızım da işsizdir, kənardan bir manat gəliri də yoxdur…

Mən-Sənubər Teymurova isə Tap-Qaraqoyunludan olan MAXE Hidi Bəxtiyar oğlu Vəliyevin anasıyam. Hidi mənim dörd övladımdan, iki oğlumdan biri idi. Hidi də Fariz kimi müharibənin ilk günündə, sentyabrın 27-də Şəhid oldu. Hidi də Fariz kimi Qələbə, Zəfər Şəhidlərimizdəndir. Hidi də Fariz kimi subay idi. Bu yerdə qeyd edim ki, digər oğlum Tərlan Vəliyev və bir övlad anası, bizimlə birgə yaşayan, hazırda işsiz olan qızım Nərgiz Vəliyeva da vaxtilə hərbçi olublar. Nərgiz 2016-cı ilin Aprel döyüşlərinin iştirakçılarındandır. Həmçinin, həyat yoldaşım Bəxtiyar Vəliyev müharibə veteranı, Birinci Qarabağ Müharibəsinin iştirakçılarındandır. Gözləri ilə odlar görüb, ölümlərdən dönüb. Eyni zamanda, digər qızımın-Fərqanənin da həyat yoldaşı hərbçi, müharibə iştirakçısı olub, hazırda müharibə veteranıdır. Bir sözlə, Qəhrəmanlar ailəsiyik.

Çox hörmətli İlham Heydər oğlu, Müzəffər Ali Baş Komandanımız!

Sizə bu dəfə ikimiz birlikdə müraciət etmək qərarına gəldik.

Müraciətimiz də bu günə kimi balalarımızın halal Haqqı olan evlə, mənzillə təmin olunmamağımızla bağlıdır. Müharibədən, düşmən üzərindən tarixi Qələbəmizdən 6 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də evlə, mənzillə təmin olunmamışıq. Ümumiyyətlə, Qəhrəman Goranboy rayonunun böyük əksər Şəhid ailələri bu məsələdə nədənsə kənarda qalıb, kənarda, kölgədə saxlanılıb. Bir-iki Şəhid ailəsini çıxmaqla, heç kim evlə, məzillə təmin olunmayıb. Hansı ki, bir çox digər rayonlardan olan Şəhid ailələri ya öz bölgələrində, ya da Bakı, Sumqayıt və Gəncə şəhərlərində mənzillərlə təmin olunublar. Balalarının Haqqıdır, özlərinin haqlarıdır və salamatlıqla yaşasınlar. Bəs bizlər Şəhid verməmişik, bəs bizlər Şəhid ailələri deyilik? Bizlərə olan bu fərq, bu ayrıseçkilik nədəndir, bunun kökündə nə dayanır?

Hər dəfə də aidiyyatı dövlət qurumuna (qurumlarına) müricət edəndə başdansovdu cavablar verilir, “zamanı gələndə mənzillə təmin olunacaqsınız, hələlik imkan yoxdur…”-deyilir…Bəs bu zaman nə vaxt gələcək, bu növbə nə vaxt bizə gəlib çatacaq? Biz ölüb gedəndənmi sonra? Səhv etmiriksə, sonuncu dəfə-iki il öncə bizə verilən cavabda ən geci 2025-ci ilin sonuna qədər evlə, mənzillə təmin olunacağımız qeyd olunurdu…Bəs nə oldu, niyə evlə, mənzillə təmin edilmədik?

Ona görə Müzəffər Ali Baş Komandanımız kimi Sizdən xahiş edirik ki, bu məsələnin həllinə öz köməkliyinizi, dəstəyinizi əsirgəməyəsiniz. Səlahiyyətlərinizdən istifadə edib aidiyyatı dövlət qurumlarına, cavabdeh məsul şəxslərə tapşırıq və göstərişlərinizi verəsiniz. Bizlərin balalarımızın halal haqqı olan mənzillərlə təmin edilməyimizə yardımçı olasınız. Ümidimiz göydə Allahımza, yerdə Sizədir!

Kaş balalarımız yaşayaydı, belə müraciətə də ehtiyac qalmayaydı…Kaş…Görünür ki, qismətləri belə imiş, qismətlərində Şəhidlik, qismətimizdə Dərdli, Yaralı Şəhid anaları olmaq varmış…

İnanırıq və əminik ki, müraciətimiz nəzərə alınacaq, müsbət həllini tapacaq və nəhayət, balalarımızın Haqqı olan mənzillərlə təmin ediləcəyik.

Öncədən də hər ikimiz Sizə öz dərin minnətdarlığımızı ifadə edirik. Allah Sizi, ailənizi və Qalib Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

Bu gün Cənnətdəki altıncı doğum günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-BƏRDƏLİ, XÜSUSİ TƏYİNATLI ELŞƏN MEHBALIYEV VƏ ŞAMAXILI, AİLƏNİN TƏK OĞLU RZA MƏMMƏDOV…

Read Next

Sonrakı mərhələdə Azərbaycanla Almaniya arasında Strateji Tərəfdaşlıq haqqında saziş imzalnacaq-MİLLƏT VƏKİLİNİN PROQNOZU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir