Şəhidlər anası iki dövlət qurumunun rəhbərinə müraciət etdi: “BUNUNLA HƏM ŞƏHİD AİLƏLƏRİNİ, HƏM DƏ DİGƏR İNSANLARI SEVİNDİRMİŞ OLACAQSINIZ…”

Mingəçevirli Şəhidlər anası Nəhayət Həsənova Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılova, o cümlədən Kənd təsərrüfatı naziri Məcnun Məmmədova müraciət ünvanlayıb.

Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli Zaur müəllim!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-əslən Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən (Aşağı Ballıqaya kəndindən) olan Nəhayət Rəhim qızı Həsənova Mingəçevirli İkinci Vətən Müharibəsi Şəhidləri-Tural və Musa Həsənovların anasıyam. İki övladım, iki oğlum var idi. İkisini də İkinci Vətən Müharibəsi zamanı Vətən yolunda Şəhid verdim, ikisi də Vətən yolunda canını fəda etdi. Musa 35, Tural isə 69 gündən sonra Mingəçevir şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlandı. Turalımın iki oğlu, Musamın isə iki qızı var idi. Musamın Şəhidliyindən az sonra qızı-körpə İnci nəvəm də xəstəlikdən vəfat etdi. İki oğul, iki övlad dərdinə dözməyən həyat yoldaşım Tapdıq Həsənovu da 3 il öncə itirdim. Bunları yazarkən də bir Allah bilir nələr çəkdim və nələr çəkirəm…Allah kimsəyə yaşatmasın! Mən yaşadım, biz yaşadıq, kimsə yaşamasın!

Sizə, Sizlərə də müraciətim isə Goranboy rayonunun Qızılhacılı qəsəbə inzibati ərazi dairəsinə daxil olan Aşağı Ballıqaya kəndində yaşanan su problemi ilə bağlıdır. Qeyd edim ki, gəlinim-Şəhid Musamın həyat yoldaşı (həm də dayısı qızı) Maya Əli qızı Həsənova da Qızılhacılı qəsəbəsindən, Aşağı Ballıqaya kəndindəndir. Həmin kənddə ona Şəhid ailəsi, Şəhid yoldaşı kimi 70 sot torpaq sahəsi verilib. Ancaq həmin torpaq sahəsini sulamaq, suvarmaq mümkün deyil. Yaxınlıqdakı artezian quyusu (06/543) xarab olub, işləmir. Təkcə gəlinim deyil, onun sahəsinin yaxınlığındakı digər Şəhid ailələri və torpaq sahəsi olan başqa kənd sakinləri də su problemindən ciddi əziyyət çəkirlər.

Ona görə hər iki Oğlunu Vətən yolunda Şəhid vermiş bir Ana kimi Sizdən, Sizlərdən xahiş edirəm ki, həmin artezian quyusunun təmir edilməsinə və yaxud yenisi ilə əvəz olunmasına köməkliyinizi, dəstəyinizi əsirgəməyəsiniz. Bu məsələnin həllinə səlahiyyətləriniz çərçivəsində yardımçı olasınız, həm Şəhid ailələrini, həm də yerli insanları sevindirəsiniz.

İnanıram ki, belə də olacaq, müraciətim nəzərə alınacaq və tez bir zamanda Sizin, Sizlərin dəstəyi ilə öz müsbət həllini tapacaq. Öncədən də minnətdarlığımı ifadə edirəm!”

Etikxeber.az

Read Previous

“Ana da balasının doğum gününü onun məzarı başında təbrik edər?…”-30 İYUL 2026-CI İL TARİXİNDƏ CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜ OLAN, BİR ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN ŞƏKİLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELMƏDDİN MƏMMƏDOVUN ANASI QARATEL MƏMMƏDOVA – FOTOLAR – YENİLƏNİB

Read Next

Şuşada heyranlıq, Moskvada sığorta: Aleksey Naumovun səmimiyyət sınağı-QHT SƏDRİ YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir