19 yaşında həyat yoldaşını itirmiş, 11 aylıq körpəsi ilə taleyin amansız ümidinə buraxılmış-ŞƏHİD XANIMINA, ŞƏHİD AİLƏSİNƏ SAHİB ÇIXAN, KÖMƏK ƏLİ UZADAN OLACAQMI? – FOTOLAR

Yataqxanada 11 aylıq körpəsi ilə ömür çürüdən, 11 ayın gəlini olan, 19 yaşından dul qalan Gülü…

***

İki gün öncə, 16 iyun tarixində Mingəçevirdə Şəhid ailələrini növbəti ziyarətim zamanı ikinci üz tutduğum, baş şəkdiyim ailə Şəhid Əli Rzayevin ailəsi, xanımı və 11 aylıq övladı oldu…

Atasını çox vaxtsız itirmiş, anası ilə yataqxanada yaşamış evin-ailənin tək oğlan övladı Əli də İkinci Vətən Müharibəsinin Şəhidlərindəndir…

Əli 2020-ci ilin oktyabrında, Ağdərə istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhid olub, nəşini isə bir neçə gün sonra əldə etmək mümkün olub…Və nəşi doğulub boya-başa çatdığı Mingəçevir şəhərində. Şəhidlər Xyabanında torpağa tapşırılıb…

2019-cu ilin noyabrın 12-də Gülü adlı 18 yaşlı qızla ailə quran Əli cəmi 11 ayın bəyi, həyat yoldaşı isə cəmi 11 ayın gəlini olub…

Vətən, Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına həlak, Şəhid olması ilə Əlinin həyatı, ömrü, arzuları, xəyalları yarımçıq da qalıb…Həm də xanımı və bir körpəsi sahibsiz, kimsəsiz qalıb…

Elə bu yerdəcə xatırladım ki, Şəhidimizin həyat yoldaşı, 20 yaşlı Gülü ilə də bir neçə gün öncə Astarada, Şəhid ailələrinin Astara görüşü zamanı tanış olmuşdum…

Əslən Goranboydan olan Gülü həm də çox sakit, çox utancaq, çox çəkingən, çox fağır…bir qızdır, Azərbaycan-Türk xanımıdır…

Orada-Astarada bir xeyli söhbətləşmişdik və söz vermişdim ki, Mingəçevirə növbəti dəfə gələn kimi mütləq onunla da görüşəcəyəm, yaşadığı şəraitlə tanış olacağam...Və söz verdiyim kimi Mingəçevirə-Şəhid ailələrinə növbəti ziyarətim zamanı Gülügilə, yaşadıqları yataqxanaya getdim…

11 ayın gəlini olmuş və bir övlad anası Gülü 11 aylıq, səhhətində də problemləri olan körpəsi ilə yataqxanada, olduqca şəraitsiz, darısqal, rütubət, iy-qoxudan durmaq mümkün olmayan bir otaqda yaşayır…

Buna da yaşamaq demək mümkündürsə…Sözün bitdiyi yer yenə…

…Və…Gülünün başına gələnlərlə, yaşadıqları, yataqxana şəraiti ilə tanış olduqca, dəhşətə gəlirdim, yerimdə sakit dayana bilmirdim…

Axı, necə də sakit, rahat dayana bilərsən, dayanmaq olar bu mənzərənin qarşısında?!…

Qeyri-mümkündür…

Və çox təəssüflər olsun ki, Mingəçevir rəhbərliyi, İcra Hakimiyyəti, o cümlədən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, YAŞAT Fondu da səhhətində problemləri olan övladı ilə tək və şəraitsiz yataqxanada ömür çürüdən Şəhid xanımına, Şəhid körpəsinə çox biganə, çox laqeyd, çox biganə yanaşır…

Ancaq quru sözlərdən və vədlərdən başqa heç nə yoxdur…Xüsusilə də, Mingəçevir İcra Hakimiyyəti Şəhid ailəsinə heç bir yardım və köməklik göstərmir…Sanki belə bir Şəhid ailəsi yoxuymuş kimi davranılır…

Və çox təəssüflər olsun ki, 8 aydan çox vaxt keçməsinə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun yerli qurumu Şəhid balasına nəzərdə tutulan müavinəti verməyi (el arasında buna “yetim pulu” da deyilir) gecikdirir, yubadır…Məsələni “bu gün-sabah” deyə-deyə uzadır…Bu gün yenə də vəd verilib ki, bir həftəyə məsələ, problem həll olunacaq…Gözləyək…

Gülünün valideynləri də qızlarının vəziyyətindən çox naratdırlar, həm qızlarının taleyi onları yandırıb-yaxır, həm də şəraitsiz, köməksiz, dəstəksiz bir durumda qalması, yaşaması, göstərilən laqeydlik, biganəlik, etinasızlıq onları çox üzür, çox incidir…Və tezliklə qızlarının ən azı mənzil şəraitinin nəzərə alınmasını, onun növbədənkənar evlə, mənzillə təmin olunmasını istəyirlər…

Bəli, nəhayət, etinasızlığı, laqeydliyi, biganəliyi bir kənara qoyub, Şəhid ailəsinə, 19 yasından dul qalmış Şəhid xanımına və ata üzünü görməyən, gələn ay, iyulda bir yaşı tamam olacaq Şəhid balasına əl uzatmaq, vəziyyətlərini, durumlarını nəzərə almaq və üzlərini güldürmək, sevindirmək, onları evlə, mənzillə təmin etmək zamanıdır…

Mingəçevir İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, YAŞAT Fondu (o cümlədən, Mingəçevirin pullu, imkanlı insanları, iş adamları) indi növbə-konkret addım atmaq növbəsi sizindir…

Üzərinizə, öhdənizə düşənləri yerinə yetirin, biganəliyə, laqeydliyə, məsuliyyətsizliyə son qoyun, Şəhid xanımına və Şəhid balasına gərəkən, Haqq etdikləri həssas münasibəti göstərin, sərgiləyin!

Yenə inanmaq və əmin olmaq istərdim ki, belə də olacaq…Və belə də olmalıdır,

Şəhid ailəsi artıq, nəhayət-üzüntülərdən, sıxıntılardan qurtarılmalıdır!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Şuşa bəyannaməsi region üçün yeni tarixi gerçəklik deməkdir…”-MİLLƏT VƏKİLİ

Read Next

“…Çünki Şuşa artıq azaddır və biz onu dirçəldəcəyik!”-ELDƏNİZ SƏLİMOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir