1993-cü ildə, eyni gündə həm həyat yoldaşı, həm də qayını itkin düşmüş Ağdamlı Şəhid xanımı-MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT ETDİ

Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan məcburi köçkün, Şəhid xanımı Almaz Famil qızı Qarayeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, o cümlədən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə və Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə müraciət ünvanlayıb.

Etikxeber.az xəbər verir ki, müraciətdə qeyd olunur:

“Çox hörmətli, əzizimiz, dəyərlimiz Mehriban xanım!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Almaz Famil qızı Qarayeva əslən Ağdam rayonunun Üçoğlan kəndindənəm. 1958-ci ildə anadan olmuşam. 1988-ci ildə Ağdamın Muradbəyli kəndinə gəlin köçmüşəm, 1996-cı il təvəllüdlü Şakir İmdad oğlu Qarayevlə ailə qurmuşam. Bir il sonra, 1989-cu ildə tək övladımız-Elgizimiz dünyaya gəlib. 1993-cü ilin iyulun 23-də Ağdam rayonu erməni cəlladları, qaniçənləri tərəfindən işğal olunan gün həm həyat yoldaşım, həm də subay qayınım Rasim Qarayev itkin düşüblər. Məzarsız Şəhidlərimizdəndirlər. 1997-ci ildə həyat yoldaşıma Şəhidlik statusu verilib. Həmin vaxtdan rəsmən Şəhid ailəsi sayılıram.

Cəmi 4 yaşından da övladıma tək canımla həm analıq, həm atalıq etmişəm. Həyatda çox əzab-əziyyətlər görmüşəm, çəkmişəm. Həyatım, taleyim gətirməyib. Amma dözmüşəm, tək balama görə ayaqlarım üstədə durmağa, yaşamağa çalışmışam. Hazırda da oğlum, gəlinim və iki nəvəmlə Quzanlı qəsəbəsində yerləşən 6 mərtəbəli binadakı mənzillərdən birində yaşayıram. Səhhətim də yaxşı deyil. Dava-dərmanla yaşayıram. Övladımın da elə bir güclü qazancı yoxdur.

Onu da qeyd edim ki, Şəhid ailəsi olaraq, nə 90-cı illərdə, nə də 2019-cu ildə 11 min manatlıq sığorta pulu ilə təmin olunmuşuq. Bunun səbəbi hələ də bizə məlum deyil. Dəfələrlə maraqlanmağımıza baxmayaraq, bu barədə bizə bir dəqiq cavab verilməyib.

Ona görə Azərbaycanımızın Birinci xanımı, həm ölkəmizin, həm dünyanın rəhm, mərhəmət, şəfqət simvolu kimi Sizdən rica və xahiş edirəm ki, bu məsələnin həlli ilə bağlı köməkliyinizi əsirgəməyəsiniz, səlahiyyətləriniz çərçivəsində müvafiq qurum və səlahiyyət sahiblərinə tapşırıq və göstəriş verəsiniz, bu məsələnin müsbət həllinə nail olasınız. Həm cavan həyat yoldaşını, həm də qayınını Şəhid vermiş vermiş bir Şəhid ailəsi, bir Şəhid xanımı olaraq, Sizdən çox-çox rica və xahiş edirəm. İnanıram ki, belə də olacaq, müraciətim nəzərə alınacaq və xahişim müsbət həllini tapacaq.

Öncədən də Sizə öz dərin minnətdarlıq və təşəkkürlərimi bildirirəm. Allah Sizi və ailənizi qorusun!”

Etikxeber.az

Read Previous

Ordumuzun mövqeləri yenidən atəşə tutulub-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

“Türkiyə kimi Azərbaycan da qonşuluğunda müharibə istəmir, ancaq…”-POLİTOLOQUN GÖZLƏNİLƏN İRAN-İSRAİL SAVAŞINA BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir