Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün, 14 sentyabr tarixində Balakənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Heybullah Məzahir oğlu Əsdiyevin Şəhidliyindən 11 ay keçir.
Etikxeber.az xəbər verir ki, Heybullah Əsdiyev Balakənin Qaysa kəndində, sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib.
Evin-ailənin iki oğlan övladından, iki qardaşdan biri olub.
Hər iki qardaş həm də subay olublar.
1993-cü ilin oktyabrın 14-də dünyaya gələn Heybullah İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.
O, özü könülü şəkildə səfərbərliyə müraciət edib, İkinci Vətən Müharibəsinin ilk günlərindən, ilk anlarından da cəbhənin ən ağır nöqtələrindən, bölgələrindən olan Talış, “Ağuçuq”, Suqovuşan istiqamətlərində olub, döyüşüb.
Və elə dünyaya gəldiyi tarixdə, 27 yaşının tamam gündə, 2020-ci ilin oktyabrın 14-də Heybullah Suqovuşan istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.
Nəşi 4 gün sonra doğlulub boya-başa çatdığı Qaysa kənd qəbiristanlığında dəfn edilib.
Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Nur içində yatsın, məqamı ucalardan Uca olsun!
Allah ailəsinə, əzizlərinə səbr versin!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az