Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonunun Kələntərli kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Sərvan Sərxan oğlu Şükürovun doğum günüdür.
Sərvan Şükürovun bu gün-26 avqust 2026-cı il tarixində 28 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Sərvan Sərxan oğlu Şükürov 1998-ci ilin avqust ayının 26-da Bərdənin Kələntərli kəndində sadə bir ailədə dünyaya gəlib.
Ailədə iki övlad, bir bacı-bir qardaş olublar.
Tək bacısı hazırda ailəlidir.
2004-2015-ci illərdə orta məktəbdə oxuyub.
Təhsilini başa vurduqdan bir il sonra, 2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb və 2017-ci ildə Əsgərliyini başa vuraraq, evinə, ailəsinə dönüb.
Amma bir müddət sonra həyatını, taleyini yenidən hərblə, Ordu ilə bağlayıb.
2019-cu ildən MAXE kimi fəaliyyət göstərməyə başlayıb və İkinci Vətən Müharibəsində də hərbçi-MAXE kimi iştirak edib.
Şərəfli döyüş yolu cəmi 7 gün çəkib.
2020-ci ilin oktyabr ayının 3-də Suqovuşan istiqamətində döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi elə həmin gün, oktyabrın 3-də Kələntərli kəndində, Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları və bu ilin 25 iyun tarixində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Sərvanın adı da təsadüfi seçilməyib.
Belə ki, atası-1974-cü il təvəllüdlü Sərxan Şükürov Birinci Qarabağ Savaşının iştirakçılarından olub və 1994-cü ildə Füzuli istiqamətində ağır döyüşlərdən birində Sərvan adlı dostunu itirib.
4 il sonra, 1998-ci ildə isə dünyaya gələn övladına Şəhid dostunun-Sərvanın adını verib…
Sərvan həm də Kələntərlinin beş İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!
Nur içində yatsın!
Etikxeber.az





