Qarşıdan gələn 6-cı çağırış 2020-ci il parlament seçkiləri , xüsusilə də, ölkədə aparılan son kadr dəyişiklikləri, yaşlı kadrların nisbətən cavan kadrlarla əvəzlənməsi ilə əlaqədar millət vəkillərinin yaş məsələsi yenidən gündəmin ən ən aktual məsələlərindən birinə çevrilib.
Qeyd edək ki, hökumət, icradeci hakimiyyət təmsilçilərindən fərqli olaraq, dünyada, o cümlədən, Azərbaycanda deputatlarla bağlı yaş senzi və neçə dəfə ilə seçilmə bağlı məhdudiyyət yoxdur.
Seçiçilər tərəfindən etimad göstəriləcəyi təqdirdə, istənilən şəxs istənilən yaşda və bir neçə dəfə seçilə bilər.
Ancaq buna baxmayaraq, son günlərin hadisələri ilə bağlı deputatların yaş məsələsi həm sosial şəbəklərdə, həm də mediada gündəm mövzusu olaraq qalmaqdadır.
Bəziləri parlamentdə çoxdan, hətta, sovetlər dövründən təmsil olunan deputatların yeni, gənc, cavan deputatlarla əvəzlənməsini daha məqsədəuyğun sayırıar.
Bəs görəsən, 1995-ci ildən, birinci çağırış Milli Məclisdən (MM) bu yana parlamentdə 5 çağırışdır ( o cümlədən, keçmiş sovetlər dövründən) təmsil olunan təcrübəli və yaşlı millət vəkilləri kimlərdir?
Qeyd edək ki, bir müddət öncə saytımıza açıqlamasında Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli indiki deputatlardan cəmi 9 millət vəkilinin 5 çağırış MM üzvü olduğunu bildirmşidi.
Ancaq araşdırmalarımız zamanı onların sayının (5 çağırış dalbadal parlamentdə təmsil olunan millət vəkillərinin) 9 yox, 10 olduğu üzə çıxıb.
Eyni zamanda, onlardan bir neçəsinin hələ sovetlər dövründən deputat kimi fəaliyyət göstərdiyi məlum olub.
Etikxeber.az həmin millət vəkillərini təqdim edir:
Zeynəb Xanlarova
Öncə qeyd edək ki, Zeynəb xanım parlamentin iki ən stajlı millət vəkilindən biridir.
Belə ki, ünlü sənətçi parlamentdə (keçmiş sovetlər dönəmindən etibarən) 1985-ci ildən təmsil olunur.
O, iki dəfə keçmiş Ali Sovetin, 5 dəfə isə MM-in üzvü seçilib.
Arif Rəhimzadə
Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə də Zeynəb xanım kim, 34 illik deputatlıq stajına malikdir.
O da iki dəfə keçmiş Ali Sovetin son çağırışlarının, 5 çağırış isə MM-in üzvü seçilib. A. Rəhimzadə həmçinin, birinci və ikinci çağırşlarda birinci vitse-spiker vəzifəsini icra edib.
3 çağırışdır ki, MM-in Regional məsələlər komitəsinə rəhbərlik edir.
Eldar İbrahimov
MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da 5 çağırış parlamentin üzvü olan nüfuzlu və çəkili millət vəkillərindədir.
E.İbrahimov 1995-ci ildən həm də parlamentin Aqrar siyasət komitəsinə rəhbərlik edir.
O, həmçinin, parlamentin ən stajlı üzvlərindəndir.
E.İbrahimov həmçinin, 1990-95-ci illərdə sonuncu çağırış Ali Sovetin (sonradan Milli Məclisin) üzvü olub.
Hadi Rəcəbli
Hadi Rəcəbli də E. İbrahimov kimi 6 dəfə millət vəkili seçilən deputatlardandır.
O, 1985-90-ci illərdə keçmiş Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Sonra- 1995-ci ildə ilk çağırış MM-in üzvü seçilib.
Həmin vaxtdan da bu günə kimi hakim partiyanı parlamentdə təmsil edən millət vəkillərindəndir.
Həmçinin, 1995-ci ildən bu yana Əmək və sosial siyasət komitəsinə rəhbərlik edir.
Onun rəhbərlik etdiyi komitə MM-in ən fəal komitələrindəndir.
Parlamentin qəbul etdiyi qanunların böyük əksəriyyəti məhz həmin komitəyə aiddir.
Bununla yanaşı, Hacı Madər Musayevlə Mixail Zabelin də 5 çağırışdır MM-də təmsil olunurlar, biri bitərəf, digəri hakim partiyanın nümayəndəsi kimi.
Həmçinin, adıçəkilən millət vəkilləri E. İbrahimov və H. Rəcəbli kimi, 6 dəfə parlament üzvü olan millət vəkillərindəndir.
Hər ikisi 1990-95-ci illərdə Bakı şəhərini parlamentdə təmsil edən deputatlardan olub.
Eyni zamanda, 5 çağırış MM-in üzvü olan millət vəkilləri arasında professor, Sosial-Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov və tanınmış jurnalist İmamverdi İsmayılov da var.
F.Heydərov ilə İ. İsmayılov 1995-ci ildən, X.Kazımlı isə 1999-cu ildən MM-də təmsil olunur.
Xatırladaq ki, X. Kazımlı ilk çağırış parlamentdə tanınmış siyasətçi və elm adamı Səfiyar Musayevin dünyasını dəyişməsindən sonra onu əvəzləyib, daha doğrusu, Goranboy-Naftalan Seçki Dairəsindən boş qalmış deputat kürsüsünə seçilib.
5 çağırış dalbadal MM-də təmsil olunanlar arasında sonuncu – 10-cu deputat isə sabiq nazir müavini, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalıdır.
F.Ağamalı da 1995-ci ildən bu yana parlamentin üzvü olan millət vəkillərindəndir.
Bununla yanaşı, həm sovetlər dövründə, həm müstəqillik illərində millət vəkili olan deputatlar arasında akademik, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, sabiq birinci vitse-spiker və eks vitse-premyer Ziyad Səmədzadə, bitərəf millət vəkili, sabiq birinci vitse-premyer Vahid Əhmədov, Ali Məhkəmənin sabiq sədri, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə, Tibb Universitetinin sabiq rektoru, akademik, parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və Milli Dirşəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev də var.
Qeyd edək ki, Z. Səmədzadə ilə İstiqlalçı parlamentari V. Əhmədov 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı olub, 2005-ci ildən bu yana isə dalbadal 3 çağırışdır – üst-üstə 4 dəfə – millət vəkili seçiliblər.
İstiqlalçı millət vəkili T. Kərimli, A. Əlizadə, Ə. Əmiraslanov və İstiqlalçı deputat F. Quliyev də ilk dəfə 1990-cu ildə Ali Sovetin sonuncu çağırışının üzü olublar.
Ə. Əmiraslanovla F. Quliyev 4 və 5-ci çağırış, T. Kərimli ilə A. Əlizadə isə 5-cı çağırış parlamentin üzvləridir.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az