20 gün komada qalan, kontuziya alan, bədəninin 54 faizi yanan, dabanı, topuqları qırılan, başından qəlpə çıxarılan…3 ay 16 gündür müalicə alan…Qızılhacılının müzəffər oğlu-MÜZƏFFƏR MAQSUD OĞLU!

Qəhrəman Qızılhacılımın daha bir İgidi, daha bir İkinci Vətən Müharibəsi Qəhrəmanı…

Abbasov Müzəffər Maqsud oğlu…

Kəndimizin, qəsəbəmizin, rayonumuzun, xalqımızın müzəffər oğlu Müzəffər…

1994-cü ilin mart ayının 14-də Qızılhacılıda, sadə, zəhmətkeş bir ailədə dünyaya göz açan Müzəffər elinin, obasının, xalqının, millətinin ürəyi əsl Vətən eşqi ilə döyünən oğullarındadır…

Elə məhz bu səbəbdəndir ki, sentyabrın 27-də-İkinci Vətən Müharibəsinə ilk saniyələrindən, ilk dəqiqələrindən qatılanlardan, Vətənin keşiyində ilk dayananlardan biri olub…

Müzəffər cəbhənin ən ağır nöqtələrindən olan Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib, daha doğrusu, döyüşlər zamanı zirehli texnika ilə Suqovuşana doğru hərəkət edərkən mərmi ilə vurulub.

“Suqovuşana hücum, bənd yarılan zaman vuruldum. Mən hardasa saat 11-12 radələrində, müharibənin elə ilk günündə mərmi ilə vuruldum, ağır yaralandım. Məni haradasa saat 3-də Naftalan Şəhər Mərkəzi Xəstəxanasına çatdırdılar, vəziyyətimin ağırlığını nəzərə alaraq, oradan da birbaşa Bakıya apardılar, “Papanin”dəki hospitala yerləşdirdilər”-deyir, İgidimiz.

Bədəninin 54 faizi yanıb, sol qıçının dabanı, topuqları, eləcə də, oynacığı qırılıb, qəlpəvari qırıqlar var, hazırda da millə yığılmış vəziyyətdədir.

Həmçinin, başından qəlpə yarası alıb.

Hospitalda müalicə olunarkən, əməliyyat yolu ilə həmin qəlpələr başından-beynindən çıxarılıb.

Eyni zamanda, bədəninin yanmış nahiyələrində-qollarında, ayaqlarında qəlpələr olub.

Kontuziya alıb, 20 gün komada qalıb, sonradan özünə gəlib, ayılıb.

Hələ də müalicədədir, 3 ay 16 gündür müalicələrini davam etdirir…

Məzuniyyət müddəti bitən İgidimiz bu gün yenidən Bakıya dönəcək, hopspitalda yenidən müalicəsini davam etdirəcək.

İgidimiz həm də Ali Baş Komandan tərəfindən təltifləndirilib, “Cəsur döyüşçü” və “Laçının azad olunmasına görə” medallarına layiq görülüb…

Haqqıdır, Haqqını da alıb!

Müzəffər həm də ailəlidir, bir övlad atasıdır, özü, adı kimi bir müzəffər övlad böyüdür.

Allah gözəl övladını da, İgidimizin özünü də qorusun!

Tezliklə tam-əvvəlki sağlamlığına qovuşdursun!

Fəxrimizdir, qürurumuzdur!

Allah bir daha Yar və Yardımçısı olsun!

Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az


Read Previous

“Onlar canlarını fəda edərək, illərdir həsrətini çəkdiyimiz torpaqlara bizi qovuşdurdular…”-FATMA YILDIRIM – FOTOLAR

Read Next

“Makron ikinci dərəcəli siyasətçi qismində Rusiya Prezidentinin əlinə oynamaqdan başqa heç nə qazanmadı…”-SAHİB ALIYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir