20 ilə yaxındır kirayədə və şəraitsiz evdə yaşayan, ömür çürüdən Şəhid ailəsi…-ŞƏHİD ADƏM ƏLİYEVİN AİLƏSİNİN DƏRDLƏRİNİ, PROBLEMLƏRİNİ DİNLƏYƏN, HƏLL EDƏN TAPILACAQMI? – FOTOLAR

Şəhid ailələrinin, xüsusilə, İgid övladlarını İkinci Vətən Müharibəsində itirmiş Qəhrəman ailələrin problemləri, qayğıları, dərdləri bitib-tükənmək, qurtarmaq bilmir…

Bir tərəfdən övlad, həyat yoldaşı…acısı, bir tərəfdən başdan aşan, illərlə üst-üstə qalaqlanan problemlər, sosial qayğılar…

Üstəlik də məmur bürokratiyası, laqeydliyi, biganəliyi və cəmiyyətin bunlara susqunluğu…

Problemlərin, qayğıların…həllinə söz, vəd verənlər çox, ancaq əməl edənlər də az və yox dərəcəsində…

Problemlər içində çabalayan, həm də ən əsası-8 aydır övlad-qardaş acısı, itkisi yaşayan ailələrdən biri də Əliyevlər ailəsidir…

İkinci Vətən Müharibəsi Şəhidimiz, sentyabrın 28-də Şəhidlik məqamına ucalan, sentyabrın 29-da da Kürdəmir Şəhidlər Xiyabanında-20 yaşında torpağa tapşırılan nur üzlü Adəm Əliyevin ailəsi…

Adəmin ailəsi iki nəfərdən anası-Akifə xanım və tək-yeganə, 26 yaşlı qardaşı Arifdən ibarətdir…

Adəmgil (anası Kürdəmirlidir) əslən Ağdamın Üçoğlan kəndindən olsalar da, 2002-ci ildən Kürdəmirdə-kirayədə yaşayıblar və bu gün də ailəsi kirayədə, olduqca şəraitsiz bir evdə yaşamaqda, əslində ömür çürütməkdədirlər…Bunun başqa adı yoxdur və ola da bilməz!

2007-2008-ci illərdən də anaları-həyat yoldaşından ayrıldığına görə-onları – balaca Ariflə Adəmi təkbaşına, minbir zülmlə, əzab-əziyyətlə böyüdüb…

Nə qədər çətin, əzab-əziyyətli olsa da, Vətən üçün iki xeyirli övlad böyüdüb Akifə xanım…

Və 2020-ci ilin 28 sentyabr tarixi…

Dərd-sərləri azmş kimi, 2020-ci ilin həmin günü ailənin dərdinin üstünə daha bir və daha ağır dərd – övlad, qardaş dərdi, acısı əlavə olunub… Və sözlə ifadəsi belə mümkün deyil…

Çox təəssüflər və əfsuslar olsun ki, Şəhid ailəsi hələ də problemlər (qeyd etdiyimiz kimi) içində üzməkdə, boğulmaqdadır…Xüsusilə, ev problemi hələ də problem olaraq qalmaqdadır…

Onu da qeyd edim ki, Akifə xanım ayda cəmi 282 manat məvacib alır ki, onun da 150 manatını kirayə pulu ödəyir…

Oğlu Arif də bu yaxınlarda işə düzəlib, o da müvəqqəti…

Şəhidlə bağlı ailəsinə kəsilən sosial müavinətə də əl dəyilmir, hər ay Şəhidimizin məzarını, adını daşıyan “Şəhid bulağı”nı bəzəmək üçün təzə-tər güllərə xərclənir…

Akifə xanım deyir ki, o pula əl vura, başqa nəyəsə xərcləyə bilməz:

“Bir Allah şahiddir ki, hər ay həmin pula Bakıdan təzə-tər güllər alıb gətirib balamın məzarını və adını daşıyan bulağın üstünü bəzəyirəm…O pulu başqa heç nəyə xərcləyə bilmərəm (Gözləri dolur)…Kaş balam yaşayaydı, mənə heç nə lazım deyildi…Ayda cəmi 282 manat maaş alıram, onun da 150 manatını kirayə pulu ödəyirəm…Bir gün gəlib baxarsız, görərsiz ki, biz illərdir hansı şəraitdə yaşamışıq və yaşayırıq…Hələ başqa xərcləri demirəm…İndi siz deyin: həmin pulla dolanmaq, ev-eşik qurmaq olarmı?! Arif də yeni işə düzəlib, o da müvəqqəti…Onun da özünün problemləri, qayğıları var, gəncdir, cavandır, artıq 26 yaşı var…Ailə qurmalı, ev-eşik sahibi olmalıdır…Amma nə ilə, necə?!”

Akifə xanım ötən illər ərzində çox çətinliklərə, əzablara dözdüyünü və yenə də dözəcəyini, dözəcəklərini deyir, təki 2002-ci ildən bəri yaşadıqları ünvanda-Üzeyir Hacıbəyov küçəsində, oğlunun adını daşıyan bulağın yanında onlar üçün 1-2 sot torpaq sahəsi ayrılsın və orada özləri üçün bir daxma qaralda bilsinlər:

“Mənə nə ev, nə eşik lazımdır…Bugünədək dözmüşəm, dözmüşük, bundan sonra da dözərik…Ancaq istəyirik ki, 20 ilə yaxındır yaşadığımız ərazidə, kirayə qaldığımız evin yanında boş sahə var, oradan bizə bir-iki sot torpaq sahəsi versinlər, biz də orada özümüzə bir daxma tikək…Düzdür, orada vaxtı ilə köhnə, sınıq-salxaq bir yeməkxana olub, o da ilərdir istifadəsizdir…Biz kiminsə obyektinə, ərazisinə iddia etmirik, lazımımız da deyil, amma orada boş torpaq sahəsi var, istəyirik ki, oradan bizə bir-iki sot torpaq sahəsi verilsin…Çünki başqa yerdə mənə sotlarla torpaq, ev, mənzil lazım deyil…Mənim oğlum burada, bu ərazidə böyüyüb, məktəbə gedib, bütün uşaqlığı, yeniyetməliyi, xəyalları, arzuları məhz bu ərazi ilə bağlı olub…

Həm də özümüzün (təxminən 3500 manata başa gəlib) tikdirdiyimiz “Şəhid bulağı” məhz bu ərazidə, kirayə qaldığımız evin yanındadır…Vallah, bilmirəm, nədən danışım, nədən deyim…”Şəhid bulağı”nı tikib başa çatdıranacan başımıza gəlməyənlər qalmadı…Ona görə ancaq bu ərazidən, Üzeyir Hacıbəyov küçəsindən, dediyim ərazidən bizə kiçik bir torpaq sahəsinin verilməsini istəyirik…Bununla bağlı hər yerə müraciət etmişik, İcra Hakimiyyətindən də bizə cavab verilib ki, başqa yerdən torpaq sahəsi ayırılacaq…O da söz olaraq qalmaqdadır… Ancaq bizə başqa yer lazım deyil, məhz həmin boş ərazidən bizə torpaq sahəsi ayrılmasını istəyirik…Yenə deyirəm: orada oğlumun yaşantıları, anıları, arzuları, xəyalları, ayaq izləri var, olub (Gözləri dolur)…Oranı tərk edib gedə bilmərik…Bu, bir ana kimi mənə ölüm demək olardı…Çox xahiş edirik ki, bizim səsimiz artıq eşidilsin, bizə artıq qulaq verilsin, bizim istəyimiz, Haqqımız artıq nəzərə alınsın-ən azı Şəhidimizin nakam ruhu xatirinə…”

Şəhid anası eyni zamanda, iki arzusunu dilə gətirib.

“Bir Şəhid anası, 20 yaşında övladını itirmiş, torpağa qoymuş bir ana kimi istəyirəm ki, Şəhidimin adı, xatirəsi əbədiləşdirilsin…Bu, həm mənim, bizim Haqqımızdır, həm də Şəhidimizin Haqqıdır…İstəyirəm ki, oğlumun adına həm küçə verilsin, həm oxuduğu bir saylı məktəb onun adı ilə adlandırılsın…Kürdəmirdə küçələr çoxdur, bizim küçənin adı başqa küçəyə verilə bilər, necə ki, indiyədək belə hallar olub… Bu baxımdan, çox istərdim ki, küçəmizin adı dəyişdirilsin və Şəhidimizin, Adəmimin adı ilə adlandırılsın…

Həm də oxuduğu məktəbə onun adı verilsin…İkinci Vətən Müharibəsində həmin məktəbin məzunlarından tək Şəhid məhz Adəmdir…Həmin məktəbin adı da başqa məktəbə verilə bilər, burada da problem olmaz elə bilirəm… Və 1 saylı məktəbə Adəmimin adı verilsin…

Bəli, bunun üçün Nazirlər Kabineti qərar verməlidir…Çünki 1994-cü ildən verilmiş və hər kəs tərəfindən narazılıqla qarşılanan qərar arzularımızın üstündən xətt çəkir…Ona görə Baş nazir Əli Əsədov cənablarına üz tutaraq, bir Şəhid anası kimi, çox xahiş və rica edirəm ki, həmin zərərli qərar dəyişdirilsin və Şəhidlərimizin adlarının əbədiləşdirilməsinin yolu açılsın…Bununla az da təskinlik, təsəlli tapmış olarıq”-deyə, Şəhidimizin anası sözlərinə əlavə edir.

Bəli, elə bilirəm ki, əlavə, uzun-uzadı izahata, şərhə də ehtiyac, yer qalmır…

Artıq söz qarşı tərəfin-aidiyyatı qurumların-İcra Hakmiyyətinin, Nazirlər Kabinetinindir…

Onlar artıq sözdən əmələ, hərəkətə keçməli, illərdir problemlər içində çabalayan, üstəlik, övlad, qardaş acısı yaşayan Şəhid ailəsinin problemlərini həll etməlidir…

Bu, onların birbaşa vəzifə borcudur və vəzifələrini də yerinə yetirməlidlər…

Şəhid ailəsinin artıq dərdinin üstünə dərd, problemlərinin üstünə problem gəlməməli, gətirilməməlidir…

Yetər, yetər, yetər!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

03.05.2021, Bakı, Jurnalistlər binası

Etikxeber.az

Read Previous

Yoluxmada növbəti azalma-418 nəfər – DAHA 19 ÖLÜM…

Read Next

Pasxa bayramı münasibəti ilə Kəlbəcərə səfər təşkil-OLUNDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir