Əsgərliyinin başa çatmasına cəmi 3 ay qalmış Şəhidlik məqamına ucalan Fəxri Habil oğlu Məmmədov…
Cəmi 20 yaşında Vətən yolunda canını fəda etmiş İkinci Vətən Müharibəsi Şəhidi Fəxri Habil oğlu…
İgid, Qəhrəman, Nur üzlü Vətən sevdalısı Fəxri Məmmədov…
Ata tərəfdən Laçınlı, ana tərəfdən Bakılı olan Fəxri Məmmədov 2000-ci ilin 27 iyul tarixində Bakı şəhərində sadə bir ailədə dünyaya gəlib…
Ailənin üç övladından, evin tək oğlu, iki bacının tək qardaşı olub…
Uşaqlıqdan musiqiyə böyük marağı, həvəsi olub, gitarada ifa edib…
2007-2016-cı illərdə Bakı şəhəri Sabunçu rayonu Şəhid Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə oxuyub…
2016-cı ildə isə 9-cü sinfi bitirdikdən sonra Peşə Liseyinə daxil olub, kompüter ixtisası üzrə təhsil alıb…
2019-cu ildə Əsgərliyə, hərbi xidmətə yollanıb…
Beyləqan istiqamətindəki “N” saylı hərbi hissədə xidmət edib…
Əsgərliyinin başa çatmasına 3 ay qalmış-İkinci Vətən Müharibəsinin başlaması ilə döyüşlərə, Vətənin müdafiəsinə atılıb…
Axırıncı dəfə isə ailəsi ilə Şəhidliyindən-müharibədən 4 gün öncə, sentyabrın 23-də danışıb…
Və elə müharibənin, döyüşlərin ilk günündə, sentyabr ayının 27-də, 20 yaşının tamamından cəmi iki ay sonra da Cəbrayıl rayonunda qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Ancaq nəşi iki gün sonra-sentyabrın 29-da Bakı şəhərində Əbədiyyətə uğurlanıb, məzarı hazırda Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındadır…
Şəhidliyindən sonra 6 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…
Ailəsi həm də övladlarının ali ordenlərimizdən biri ilə təltif olunmasını istəyir və həmin günü, anı gözləyirlər…
20 yaşında Şəhidlik məqamına ucalan Fəxri həm də subay olub…
Bu yerdə qeyd edim ki, Şəhidimizin anası Kəmalə xanımla hələ aylar öncə, ötən ilin sonlarında Şəhid xanımı, tanınmış sənətkar, Əməkdar artist Aybəniz Haşımovanın Dövlət Filarmoniyasındakı gecəsində tanış olmuşdum…

Amma onunla geniş söhbətləşə bilməmişdim…
Dünən, axşam saatlarında yenə Aybəniz xanımın-bu dəfə Kamera və Orqan Musiqisi Zalında təşkil etdiyi növbəti konsert proqramında Şəhidimizin anası ilə yenidən görüşdüm, yenidən bir araya gəldim, onunla söbətləşdim…
Kəmalə xanıma və ailəsinə Allahdan səbr və dözüm arzuladım…
“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…
Şəhidimizin ruhu və ailəsi qarşısında baş əydiyimi bildirdim…
Və söz verdim ki, bir gün gəlib onları da evlərində, Şəhidimizin ocağında ziyarət edəcəyəm…
Şəhid anası Kəmalə xanımın dediklərindən:
“Fəxri körpəlikdən çox sakit, ağıllı uşaq idi. Tez-tez xəstələnərdi. Buna baxmayaraq, idmanı çox sevir, futbol və Kikboksinq idman növü ilə məşğul olurdu. Televiziyada yayımlanan müharibə mövzusunda filimləri izləməyi çox sevirdi. Hər zaman atasına oyuncaq silahlar aldırırdı. Kiçik yaşlarından yaxşını-pisdən ayrımağı bacarırdı. Çox hissiyatlı, həssas uşaq idi. Heç vaxt pis vərdişli uşaqlara qoşulmazdı. Ətrafında olan uşaqlar da özü kimi ağıllı, tərbiyəli uşaqlar idi.
Fəxri məktəbə qədər yazıb-oxumağı bacarırdı. Musiqiyə çox bağlı idi. Evimizdə piano var idi. Mən çalardım, Fəxri isə oxuyardı. İlk-orta təhsilini 2007 ci il Bakı şəhəri Sabunçu rayonu Şəhid Cəlal Məmmədyarov adına 155 saylı tam orta məktəbdə almışdı. Məktəbə qədəm qoyan gündən Fəxri sakit, mehriban, tərbiyəli davranışı ilə müəllim, şagird və valideynlərin hörmətini qazanmışdı. Oxuduğu müddətdə o məktəbin nümunəvi şagirdi kimi tanınırdı. İbtidai sinifdə oxuyarkən, Fəxri möhkəm xəstələndi. Bu səbəbdən Fəxrinin səsində dəyişikliklər oldu. Həkimlərin qoyduğu diaqnoza görə Fəxri astma xəstəsi idi.
Həkimlərin və mənim səyim nəticəsində Fəxri 9-cu sinifə kimi oxudu. Və bu müddət ərzində məktəbin bütün tədbirlərdə yaxından iştirak etdi. 9-cu sinifi bitirdikdən sonra təhsilini 14 nömrəli Liseydə davam etdirdi. Bu təhsil ocağında da Fəxri hamının hörmətini qazanmış və nümunəvi şagird olaraq şəklini şərəf lövhəsindən asmışdılar. Hərbiyə marağı çox olduğuna görə, atıcılıq dərslərinə gedir, eyni zamanda, musiqi ilə də məşğul olaraq, gitarada ifa etməyi öyrənirdi. Liseyin bütün tədbirlərində vətənpərvərlik ruhunda mahnılar ifa edirdi…
…Fəxrinin atası əslən Laçın rayonundandır və ata ocağı işğal olunmuşdu. Hər dəfə ailəsini başına yığıb Laçındakı evlərinin layihəsini ağ vərəqə cızardı. Laçın dağlarından, Laçının gözəlliyindən söhbət açardı. Fəxri də, bacıları da diqqətlə qulaq asardılar. Fəxri Laçına qayıtmaq arzusu-ümidi sönməyən bir ailədə böyüdü…”
Kəmalə xanım daha sonra bunları bildirdi:
“…Fəxri çox müsbət xasiyyətə malik idi. İnsanlarla salamlaşmağı çox sevərdi. Altıncı hissi güclü idi. Həm də dostlarına sadiq idi. Evimizdə də hamının qayğısını çəkərdi. Mən xəstələnəndə balaca bacılarını məktəbə o aparıb-gətirərdi. Dərd ortağımız idi. İnsanları sona qədər dinləyirdi. Mən qəmlənəndə tez gitarasını əlinə alıb, hər zaman sevdiyim “Könlümə düşmüsən” mahnısını çalıb-oxuyardı. Ürəyi həyat eşqi ilə çırpınırdı. Sevirdi-sevilirdi. Gələcəyə planlar qurardı. Bizi yaşatmaq üçün nələr vəd etməzdi…
…Sevdiyi qız var idi. Hələ məktəb illərindən paralel siniflərdə oxuyurdular. Bir- birini çox sevirdilər. Fəxri xidmətdən sonra işə düzələcək və həmin qızla ailə quracaqdılar…”
Allah səbr və dözümünü Kəmalə xanımın, Fəxrilər ailəsinin!
Məqamı Ucalardan-uca, dərgahı mübarək olsun-Şəhidimizin!
Nur içində yatsın!
Xatirəsi daim qəlbimizdədir!














Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az