2018-ci il Qarabağ münaqişəsinə nə vəd edir? – RƏYLƏR

2017-ci ilin başa çatmasına sayılı günlər, saatlar qalır. Ancaq 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi bu il də həll olunmamış vəziyyətdə qalır. İşğalçı və təcavüzkar Ermənistanın destruktiv mövqeyi üzündən Qarabağ münaqişəsinin sülh və danlışıqlar yolu ilə həlli prosesi 2017-ci ildə də nəticəsiz durumdadır. Münaqişənin həllində bir il də itirilmiş sayıla bilər. Bəs görəsən, qarşılamağa hazırlaşdığımız 2018-ci ildə necə, Ermənistan-Azərbaycan münaqişəsinin nəhayət, arzuolunan ədalətli həlli mümkündürmü və gözləniləndirmi? Münaqişənin başlamasının 30 illiyində onun həllinə ümidlər varmı?

azer-badamov

Etikxeber.az xəbər verir ki, bununla bağlı mətbuata açıqlamasında millət vəkili Azər Badamov bildirib ki, 2018-ci ildə Qarabağ münaqişəsinin həlli ilə bağlı ümidlər daha genişdir. Çünki 2017-ci ildə tərəflər arasında danışıqların yenidən bərpa olunması fonunda qoyulmuş bünövrənin inkişaf etdirilməsi istiqamətində addımlar atılacaqdır: “Digər tərəfdən, 2017-ci ilə nisbətdə 2018-ci ildə Azərbaycan daha da qüdrətlənəcək”. Onun sözlərinə görə, 2017-ci il ərzində münaqişənin sülh yolu ilə nizamlanması məsələsində həmsədrlərin görüşləri baş tutdu. İki ölkə prezidentlərinin və xarici işlər nazirlərinin görüşləri keçirildi. Müəyyən müzakirələr aparıldı. Təssüf ki, bu görüşlərdən sonra, eləcə də il boyu Ermənistan prezidenti Serj Sarkisyan qeyri-konstruktiv mövqe sərgilədi:

“2017-ci ilin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tam uğursuz olduğunu deməzdim. Çünki 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistan danışıqlar prosesini saxlamışdı. Ümumiyyətlə danışığa getmirdilər və danışıqlar prosesinin bərpası üçün müəyyən şərtlər irəli sürürdülər. Məhz 2017-ci ildə onlar heç bir şərt, təklif irəli sürmədən özləri danışıqlar prosesinin bərpasına razılıq verdilər. Onlar Azərbaycanla danışıqların bərpa olunmasına məcbur oldular. Bunun özü bir yenilik idi. Yəni, Azərbaycan Ermənistanın heç bir təklifini, şərtini qəbul etmədi. Düşmənin danışıqlar prosesinə qayıtmağa məcbur olması ölkəmizin gücünün göstəricisidir. Bu bizim qələbəmiz, uğurumuzdur. Həm də prosesin nizamlanması fonunda bu bir yenilik idi”.

O, həmçinin qeyd edib ki, Azərbaycan 2018-ci ildə dünya arenasında sözünü deməyi bacaran, haqqını tələb edə bilən ölkə kimi nümunə olacaq:

“Ancaq Ermənistan günü-gündər tənəzzülə gedir. Hər gün iflasa uğrayır. İşğalçı dövlət müəyyən dairələrin təsiri ilə oturub-duran ölkədir. Həmin müəyyən dairələrin də Azərbaycana qarşı münasibəti müsbətə doğru inkişaf edir. Bu da sevindirici haldır. 2017-ci ildə Azərbaycanın da oyunçu olduğu yeni-yeni üçtərəfli formatlar yaradıldı. Türkiyə-Rusiya-Azərbaycan, Azərbaycan-Rusiya,-İran və s. Bu kimi formatlarda da ölkəmizin mövqeyi yüksək səviyyədə dəstəklənir. Düşünürəm ki, 2018-ci ildə Dağlıq Qarabağ məsələsində irəliləyişə nail ola bilərik. Buna ümidlər çoxdur.

Sadəcə, Ermənistanın havadarlarının işğalçı ölkəyə təsiri istiqamətində işlər görülməlidir. Biz buna çalışmalıyıq. Ermənistanı idarə edənlər işğalçı ölkəni zəbt etdikləri ərazilərdən çıxarmalarına, məsələnin həllinə nöqtə qoymağa çağırmalıdır. Biz bu istiqamətdə də çalışmalıyıq. Paralel olaraq biz ordumuzu da gücləndiririk. 2018-ci ilin dövlət büdcəsində hərbi xərcləri də çoxaltmışıq. Bu gün ordumuz ən müasir silahlarla təchiz olunur. Daha çox öz gücümüzə arxayın olmaq üçün bunu edirik. Bunu heç vaxt yaddan çıxarmaq olmaz”-deyə, millət vəkili mətbuata açıqlamasında daha sonra vurğulayıb.

elden-1

Millət vəkili Eldəniz Səlimov da həmkarı kimi, 2018-ci ilə nikbinliklə baxır. O da belə hesab edir ki, qarşıdan gələn 2018-ci  ildə Qarabağ münaqişəsinin həllinə ümidlər var.

“Hər gələn, ömrümüzə, həyatımıza qədəm qoyan hər növbəti il bir ümiddir, özü ilə bərabər böyük ümidlər gətirir, doğurur. Ona görə də belə hesab edirəm və inanmaq istəyirəm, nəhayət, 2018-ci ildə, Ermənistan-Azərbaycan münaqişəsinin “qara yubiley”ində, 30-cu ilində konfliktin həlli illə bağlı ümidlərimiz özünü doğruldacaq, bu qanlı savaşın Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində çözümü mümkün olacaq. Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli, bu yöndə istəklərimiz xalqımızın, dövlətimizin haqqıdır, haqlı tələbidir. Artıq dünya, beynəlxalq ictimaiyyət, Qarabağ münaqişəsinin həlli ilə məşğul olan beynəlxalq təsisatlar, ATƏT-in Minsk qrupu, xüsusilə, həmsədrlər və həmsədr dövlətlər öz konkret, ədalətli və obyektiv mövqelərini ortaya qoymalı, Ermənistanı sülhə məcbur etməli, onu işğalçılıq və təcavüzkarlıq siyasətindən geri çəkindirməlidirlər.

Ermənistana bütün vasitələrlə təzyiqlər edilməli, sanksiyalar tətbiq olunmalıdır. Bizim dünyadan, beynəlxalq birlikdən, həmsədrlərdən haqlı tələbimiz və gözləntilərimiz bunlardır. Bu baxımdan ümid edir və inanmaq istəyirəm ki, artıq 2018-ci ildə biz bunun şahidi olacağıq, yəni, dünya birliyi, beynəlxalq aləm, vasitəcilik missiyası ilə məşğul olanlar Qarabağ münaqişəsinin həllində onlardan umulan, gözlənilən mövqeni sərgiləyəcəklər. Yoxsa…”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

K. HƏMZƏOĞLU

Etikxeber.az 

 
 

Read Previous

Bu gün həm də canlı əfsanə Zeynəb xanımın günüdür… – FOTOLAR

Read Next

Gələn il Bakıda Qoşulmama Hərəkatı XİN başçılarının toplantısı keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir