2018: uğur və nailiyyətlər ili – MEHDİ ABDULLAYEV YAZDI

Tarix anlayışına verilən təriflərdən birinə əsasən, tarix – keyfiyyətlə zənginləşdirilmiş zamandır. Yəni hər hansı bir vaxt kəsiyi, o zaman tarix ola bilir ki, orada məna, keyfiyyət və dinamika olsun.

Məhz bu baxımdan tam əminliklə deyə bilərik ki, 2018-ci il, cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət və onun real nəticələri sayəsində tarixə çevrilmiş, tarixləşmişdir.

Yola saldığımız 2018-ci il bir çox hadisələrlə zəngin və əlamətdar olub. Ölkədə möhtəşəm quruculuq işləri davam edib, makroiqtisadi göstəricilər yüksəlib, iqtisadiyyatımızın bütün istiqamətləri inkişaf edib, neçə-neçə yeni müəssisə açılıb, yollar salınıb, məktəblər tikilib və digər saya gəlməz böyük işlər görülüb. Bütün sahələrdə modernləşmə, təkmilləşmə və yenilənmə geniş vüsət alıb.

Bildiyimiz kimi, 2018-ci il ölkə Prezidentinin Sərəncamı ilə “Cümhuriyyət İli” elan olunub. Düz 100 il öncə, 1918-ci ilin 28 may tarixində Azərbaycanın istiqlaliyyəti elan olundu və ilk müstəqil Cümhuriyyətimizin əsası qoyuldu. Düzdür, bu dövlətin ömrü cəmi 23 ay çəkdi, amma bu qısa müddət ərzində o, çox böyük və şərəfli bir yol keçdi, Azərbaycanın imzasını imzalar içində tanıtdırdı və bu ilin mayında ilk müstəqil dövlətimizin 100 illiyi ən yüksək səviyyədə qeyd olundu…

2018-ci ildə, aprel ayının 11-də ölkədə növbədənkənar prezident seçkiləri keçirildi və Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin dəstəyi, etimadı ilə cənab İlham Əliyev yenidən ölkə Prezidenti seçildi. Azərbaycan xalqı bununla bir daha öz müdrik seçimini etdi. Prezident seçkilərindən qısa müddət sonra nəinki bölgənin, bütövlükdə Avropanın və dünyanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayacaq bir sıra uğurlara imza atıldı. İstiqlaliyyətimizin 100-cü ildönümünün səhərisi günü, may ayının 29-da Səngəçal terminalında Azərbaycan Prezidentinin iştirakı ilə Cənub Qaz Dəhlizinin tarixi rəsmi açılış mərasimi keçirildi və bununla da Azərbaycanın dünyanın enerji təhlükəsizliyi təminatında əsas aktorlarından biri olduğu bir daha təsbit olundu.

Bundan cəmi 14 gün sonra, iyun ayının 12-də Türkiyənin Əskişəhər şəhərində bir neçə dövlət başçısının iştirakı ilə TANAP-ın rəsmi açılış mərasimi keçirildi. Dövlət başçısı cənab İlham Əliyev mərasimdəki nitqində bunu böyük tarixi hadisə adlandıraraq, “Türkiyənin gücü bizim gücümüzdür. Bu gün dünyada bir-birini bu qədər dəstəkləyən ölkə tapmaq çətindir. TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının təzahürü, zəfəridir. Biz 21-ci əsrin enerji tarixini yazırıq. Bu, əməkdaşlıq, sabitlik layihəsidir. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan liderlərinin birgə siyasi iradəsi nəticəsində mümkün olub” – deyə, bəyan etdi, Azərbaycan-Türkiyə qardaşlığının dönməzliyinə bir daha xüsusi diqqət çəkdi…

tanappp

ilham-cenub

parad-22

parad-24

parad-11

İyun ayının 26-da Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyi təntənəli şəkildə, möhtəşəm Hərbi Parad təşkil olunmaqla qeyd edildi. Azərbaycan Ordusunun 100 illiyinə ən böyük töhfə isə Naxçıvanın Günnüt kəndinin erməni işğalından azad edilməsi, ermənilərə, Ermənistana 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, böyük sarsıdıcı zərbə endirilməsi oldu. Belə ki, 1992-ci ildə Ermənistan silahlı birləşmələrinin işğal etdiyi Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər 26 ildən sonra Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən azad edildi. Bu əməliyyat nəticəsində, ümumilikdə 11 min hektara yaxın ərazi azad olundu. Hərbi Paradda çıxışı zamanı Ali Baş Komandan bu tarixi hadisəyə toxunaraq, “Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır” – deyə, vurğuladı…

Qeyd etmək lazımdır ki, Azərbaycanın 27 illik müstəqilliyi heç də asan başa gəlməyib, bir çox ağrılı-acılı hadisələrdən keçib. Bu illər ərzində Azərbaycanın müstəqilliyini, inkişafını həzm və qəbul edə bilməyən qüvvələr, yəni koordinasiyalı şəkildə fəaliyyət göstərən antiazərbaycan qüvvələri Azərbaycan əleyhinə fəaliyyətlərini daim açıq və gizli şəkildə davam etdiriblər. Hər dəfə də layiqli cavab almalarına, bütün cəhdləri uğursuzluğa düçar edilməsinə baxmayaraq, həmin qüvvələr öz məkrli və çirkin niyyətlərindən əl çəkməyiblər. Bunu bu ilin yayında, iyul ayında Azərbaycanın ikinci baş şəhərində, tarixi Gəncə şəhərində radikal ekstermist qüvvələrin həyata keçirmək istədikləri hadisələr bir daha açıq şəkildə nümayiş etdirdi. Ancaq Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin xalqla vəhdəti sayəsində Azərbaycanı yenidən qarışdırmaq istəyən dağıdıcı qüvvələrin niyyəti baş tutmadı, onlara sarsıdıcı zərbə vuruldu. Azərbaycan xalqı və Azərbaycan dövləti daha bir sınaqdan alnıaçıq, üzüağ çıxdı və dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti güclü, qüdrətli dövlətdir və onu heç bir cəhdlə öz yolundan, müstəqil dövlətçilik siyasətindən çəkindirmək mümkün deyil…

avro-ilya

nato-ilya-erdo

Eyni zamanda, bu ilin yayında, iyul ayında Azərbaycan prezidentinin Brüsselə növbəti səfəri oldu və bu, siyasi tariximizə “Brüssel zəfəri” kimi düşdü. Həmin səfər zamanı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında böyük uğura imza atmaqla yanaşı, Ermənistanın siyasi-diplomatik təcridi istiqamətində böyük qələbə əldə edildi. Birincisi, tərəfdaşlığın prioritetləri ilə bağlı Avropa İttifaqı və Azərbaycanın münasibətlərini keyfiyyətcə yeni mərhələyə qaldıran sənədin paraflanması baş tutdu. İkincisi, NATO-nun Brüssel Sammitində qəbul edilən yekun kommünikedə Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı xüsusi olaraq qeyd edildi. Ümumiyyətlə, Brüsseldə diqqət çəkən məsələlərdən biri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı erməni tərəfinin siyasi avantürasına son qoyulması oldu. Məlum olduğu kimi, Ermənistanda baş verən aprel hadisələrindən, hakimiyyət dəyişikliyindən, hərbi xunta rejiminin populist Paşinyan iqtidarı ilə əvəzlənməsindən sonra yeni baş nazir tərəfindən avantürist fikirlər səsləndirilir, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi təqdim olunması kimi məsələlər gündəmə gətirilirdi. Ancaq bu mötəbər toplantıda dünya siyasətini müəyyənləşdirən, onun keyfiyyətini, istiqamətlərini təyin edən beynəlxalq təşkilatların mövqeyi bir daha ölkəmizin lehinə oldu. Yəni NATO-nun qəbul etdiyi kommunikeni, habelə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan sənədi buna misal göstərmək olar… Bu, Azərbaycanın Ermənistan üzərində növbəti siyasi-diplomatik qələbəsi, uğuru idi…

xazar-ilya-4

Bununla yanaşı, sentyabr ayının 15-də Bakı şəhərinin Qafqaz-İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 100 illiyi Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə yüksək səviyyədə qeyd olundu. Həmin gün Bakıda möhtəşəm Parad təşkil edilməklə, bir daha Azərbaycanın dünyaya nə qədər güclü və qüdrətli dövlət olduğu nümayiş etdirildi, həmçinin, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyi, sarsılmazlığı növbəti dəfə bəyan edilmiş oldu. Bunu hər iki ölkənin liderləri də öz çıxışlarında bir daha dilə gətirdilər…

Bununla bərabər, avqust ayının 12-də məhz Azərbaycanın, zamanında Ümummilli liderimiz Heydər Əliyevin və onun ən layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin gərgin və yorulmaz fəaliyyətləri nəticəsində 1996-cı ildən davam edən 22 illik Xəzər müzakirələri, danışıqları öz müsbət sonluğu ilə nəticələndi. Həmin gün, 2018-ci ilin 12 avqust tarixində Qazaxıstanın Aktau şəhərində  5 Xəzəryanı dövlət başçısının iştirakı ilə tarixi Aktau Konvensiyasına imza atıldı ki, bununla da Xəzərin hüquqi statusu müəyyənləşdirildi. Qeyd etmək lazımdır ki, bu, tarixi Aktau anlaşması məhz Azərbaycan dövlətinin, dövlət başçısının yeritdiyi son dərəcədə təmkinli, səbrli, balanslaşdırılmış siyasət nəticəsində baş tutdu və Azərbaycan bununla daha bir uğura imza atdı…

MM-ILHAM

Senyabr ayının 21-də isə “Cümhuriyyət İli” çərçivəsində Müsəlman-Şərq aləmində ilk dəfə yaradılan parlamentin – AXC Parlamentinin 100 illiyi Milli Məclisin xüsusi və təntənəli iclası ilə qeyd olundu. Dünyanın 50-yə yaxın ölkəsinin, həmçinin, nüfuzlu beynəlxalq təşkilatların parlament nümayəndə heyətlərinin iştirakı ilə AXC Parlamentinin 100 yaşı ən yüksək səviyyədə qeyd edildi. Həmin tədbirdə çıxışı zamanı bir daha AXC-ni, Azərbaycan Parlamentini tarixi hadisə adlandıran dövlət başçısı Azərbaycanın müstəqilliyinin artıq dönməz xarakter daşıdığını, ölkənin bütün ərazisində suveren hüquqlarını təmin etmək əzmində olduğunu dünyaya bəyan etdi…

Oktyabr ayının 19-da Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümunəsi olaraq, birgə səylərlə reallaşdırılan və nəinki iki ölkənin iqtisadi inkişafına, bütövlükdə regionun inkişafına böyük töhfəsi olacaq “STAR” neft emalı zavodunun açılış mərasimi keçirildi. Açılış mərasimində hər iki ölkənin lideri iştirak və çıxış etdi. Azərbaycan Prezidenti bildirdi ki, bu gün Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin tarixində çox gözəl və əlamətdar bir gündür.

“Biz “Star Rafineri”nin açılışına toplaşmışıq. Xatırlayıram ki, 7 il bundan əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla burada, Əliağada “Star”ın təməlini qoyduq və bu gün bu nəhəng layihənin açılışını bərabər edirik. Bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq” – deyən Azərbaycan prezidentinin sözlərinə görə, bu, bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var və bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır.

Bu il həmçinin, Azərbaycanın dünyanın ən nüfuzlu ölkələri ilə – Böyük Britaniya, Fransa, İtaliya, Almaniya və digər dövlətlərlə münasibətlərində yeni keyfiyyət mərhələsinə qədəm qoyuldu. Ölkə başçısının cəmi bir neçə ay ərzində – aprel-sentyabr ayları arasında Böyük Britaniya və Fransaya səfərləri, eləcə də, İtaliya və Almaniya liderlərinin Azərbaycan səfərləri Azərbaycanın etibarlı tərəfdaş kimi dünyadakı yerini bir daha təsdiqlədi, eyni zamanda, Ermənistanın təcridi siyasətində böyük rola malik oldu. Dünya Azərbaycandan daha çox onun özünün Azərbaycana ehtiyacı olduğunu bir daha anladı.

putin-ilham

İLHAM-İLYA

ALİYEV VE PUTİN-2

Bu yerdə Azərbaycan-Rusiya münasibətlərinə də toxunmamaq mümkün deyil. Çünki bu münasibətlər 27 illik müstəqilliyimiz tarixində bəlkə də özünün ən yüksək nöqtəsinə qalxdı. Təsadüfi deyil ki, bu il Azərbaycan və Rusiyanın dövlət başçıları müxtəlif zamanlarda və müxtəlif tədbirlərdə ən azı 8 dəfə bir araya gəldi. İstər Azərbaycan Prezidenti Rusiyaya, istərsə də Rusiya Prezidenti Azərbaycana rəsmi və işgüzar səfərlərini reallaşdırdı, hər iki dövlətin maraqlarına xidmət edən növbəti sazişlərə imza atıldı və bununla da əslində, Rusiyanın bu bölgədə hansı dövlətə daha çox inandığı və etibar etdiyi bir daha üzə çıxdı. Rusiya dövləti və onun prezidenti Ermənistana, onun çevriliş yolu ilə hakimiyyət başına gəlmiş Paşinyan hökumətinə güvənmədiyini, etibar etmədiyini açıq şəkildə ortaya qoydu. Bunu elə MDB dövlət başçılarının Rusiyada keçirilən sonuncu qeyri-rəsmi Zirvə toplantısında da açıq-aşkar sezmək mümkün idi. Rusiya prezidenti Azərbaycan liderinə son dərəcədə isti münasibəti ilə Paşinyanı pərt duruma saldı…

Bu yerdə onu da qeyd etmək yerinə düşər ki, elə həmin ərəfədə Azərbaycan Ermənistan üzərində daha bir diplomatik-siyasi qələbəsinə nail oldu. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmadığı halda, Azərbaycan Ermənistanın bu təşkilatda da küncə sıxışdırılmasına, öz yerini “tanımasına” nail oldu. Hərbi cani Yuri Xaçaturovun KTMT baş katibi vəzifəsindən uzaqlaşdırılması ilə Ermənistanın necə etibarsız bir dövlətə çevrildiyi bir daha bəlli oldu. Azərbaycan bu qurumdakı dostlarının, müttəfiqlərinin qətiyyəti, siyasi iradəsi nəticəsində KTMT-nin Ermənistanın əlində Azərbaycana qarşı bir təhdidə, təzyiq mexanizminə çevrilməsinin qarşısını tam aldı, eyni zamanda, işğalçı dövlətin  bütün məkrli planlarını puç etdi.

Dekabrın 13-də ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı dövlət başçısı bir daha Ermənistanın təcrid edilməsi istiqamətində atılan addımlara toxundu və qeyd etdi ki, Azərbaycanın siyasəti nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi surətdə tərk edir, iqtisadi inkişaf üçün heç bir əsas yoxdur, xarici sərmayə qoyulmur, beynəlxalq bazarlara çıxışı çox çətinləşib.

O, “Dünyada isə bildiyiniz kimi, 2018-ci ildə bir çox təhlükəli proseslər getmişdir və demək olar ki, beynəlxalq vəziyyət daha da gərginləşmişdir. Qanlı toqquşmalar, müharibələr, etiraz aksiyaları və digər hadisələr, demək olar ki, 2018-ci ilin mənzərəsini əks etdirir” – deyərək, diqqəti Azərbaycandakı sabitliyin, təhlükəsizliyin təmin edilməsinə çəkdi.

idman-1

“Azərbaycan öz yolu ilə uğurla gedir və qarşıda duran bütün vəzifələri icra edir. Əlbəttə, biz dünyada gedən prosesləri izləyirik. Biz bu proseslərə biganə qala bilmərik. Çünki həm Avropada, həm bizim regionumuzda, Yaxın Şərqdə gedən proseslər narahatlıq doğurur”, – bəyan edən Azərbaycan prezidenti bu il Ermənistanda çox ciddi dəyişikliklər baş verdiyini, iyirmi il ərzində hakimiyyəti qanunsuz olaraq zəbt etmiş kriminal xunta rejiminin çökdüyünü xüsusilə vurğuladı.

“… Bizim dediyimizi indi erməni xalqı deyir. Kriminal, rüşvətxor rejim 20 il ərzində öz xalqını istismar edirdi və bu rejimin acı sonu məntiqə tam uyğundur. Onu da deməliyəm ki, bizim ardıcıl, məqsədyönlü siyasətimiz kriminal xunta rejiminin çökməsində öz rolunu oynamışdır. Çünki bizim siyasətimiz dəyişməz olaraq qalır. Nə vaxta qədər ki, bizim torpaqlarımız işğal altındadır, biz bütün imkanlardan istifadə edib Ermənistanı təcrid vəziyyətində saxlayacağıq və buna nail olduq” – deyən dövlət rəhbəri eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji, nəqliyyat layihələrinin Ermənistandan yan keçdiyini söylədi və bəyan etdi ki, beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan münaqişəsində haqlı tərəf bizik.

Azərbaycan xalqı münaqişənin ədalətli, müsbət həllinə inanır. Xüsusilə də, bu inam, bu güvən Azərbaycan dövlətindən, onun yeritdiyi siyasətdən, ən əsası, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsindən və qətiyyətindən qaynaqlanır. Azərbaycan cəmiyyəti məruz qaldığı bu münaqişənin məhz dövlət başçısının siyasi iradəsi, qətiyyəti, uğurlu daxili və xarici siyasəti sayəsində həllini tapacağına inanır.

Geridə qoyduğumuz son bir ildə də Azərbaycan dövləti, ölkə prezidenti var gücü ilə münaqişənin ədalətli həlli istiqamətində çalışıb, fəaliyyət göstərib, Ermənistana bütün istiqamətlərdə, bütün sahələrdə, bütün cəbhələrdə sarsıdıcı zərbələr endirilib.

Bütün bunlar nəticə etibarı ilə onu deməyə əsas verir ki, Azərbaycan 2018-ci ili yeni-yeni uğur və nailiyyətlərlə başa vurur, bu isə qarşıdan gələn 2019-cu ildə növbəti qələbələrin, zəfərlərin fundamental əsaslarını, təməlini təşkil edir. Ən əsası cəmiyyətimizin həllini səbrsizliklə gözlədiyi Qarabağ münaqişəsinin ədalətli həllində öz müsbət rolunu oynayacaq, öz töhfəsini verəcək.

mehdi

Mehdi ABDULLAYEV
Hüquq elmləri doktoru, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru

Read Previous

Prezident Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasını təsdiqlədi

Read Next

Keyfiyyətsiz ərzaqla bağlı Bakı meriyasından – ETİRAF…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir