2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Sammiti keçiriləcək

“Prezidentlə çox maraqlı və əhatəli müzakirələrimiz oldu. Qoşulmama Hərəkatında tərəfdaşıq. Üç ildən sonra – 2019-cu ildə yenidən buraya, Azərbaycana səfər edəcəyik. Əlbəttə, həmin vaxta qədər çox səfərlərimiz olacaq. Lakin 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Sammiti keçiriləcək. Şəhərin gözəlliyini nəzərə alaraq, bilirik ki, bu Zirvə görüşü çox uğurlu olacaq. Marqarita adasında keçirilmiş toplantıda Qoşulmama Hərəkatı daxilində daha fəal olmaq, yeni əlaqələr, yəni, ölkələrimiz arasında mədəniyyət, humanitar, iqtisadi sahələrdə əsl dərin münasibətlər qurmaq qərarına gəlmişik”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevləgörüşündə Venesuela Prezidenti Nikolas Maduro səsləndirib.

O, deyib ki, hazırda ölkəsi üç illik müddət ərzində təşkilatın sədridir. Azərbaycan isə 2019-2022-ci illərdə təşkilatın sədri olacaq.

Prezident qeyd edib ki, buna görə də həmrəyliyin qurulmasında ümumi məsuliyyət daşıyırlar:

“Biz dünyanın inkişaf edən ölkələriyik. İyirmi birinci əsr bizim əsrimizdir. Bu əsr ərzində mədəniyyətlərimiz, dəyərlərimiz, sülh və inkişaf şəraitində yaşamaq arzumuz hamıya məlum olacaq. 500 il ərzində bir-birimizi tanımamışıq. Lakin bundan sonra bir-birimizi tanıyacağıq. Bakı və Karakas, inkişaf edən iki dövlətimiz inkişafda olan digər ölkələrlə yanaşı, bəyan etmək istəyirik ki, biz xalqlarımız üçün sülh və rifah arzu edirik. Məhz bu məqsəd üçün çalışırıq. Xalqlarımızın xoşbəxtliyi üçün əlaqələr qururuq. İqtisadi sahədə bir sıra tədbirlərin görülməsi ilə bağlı razılığa gəldik. İqtisadi məsələlər üzrə vitse-prezident buradadır. Yaxın vaxtlarda xarici ticarət və sərmayələr naziri Xesus Farias ticari münasibətlərin stimullaşdırılması, təmasların qurulması və məlumat mübadiləsi istiqamətində zəruri addımların atılması üçün Bakıya səfər edəcək.

Bizim iki güclü neft şirkətimiz iqtisadi, maliyyə, texnoloji, ticari və praktiki mübadilələr üçün yaxın vaxtlarda əməkdaşlığa başlayacaq. Prezident Əliyev bildirmişdir ki, Azərbaycan neftinin 95 faizi dənizdə hasil olunur. Bu, Venesuela üçün lazım olan zəngin təcrübədir”.

Onun sözlərinə görə, texniki mütəxəssislər təkmilləşə, dövlətlər və şirkətlər arasında enerji sahəsində münasibətlər daha da dərinləşə bilər:

Eyni zamanda, İstanbulda qeyd etdildiyi kimi,  kənd təsərrüfatı sahəsində irəliləyiş əldə edilə bilər:

“Mən Pablo Peres Alfonsoya istinad etmək istərdim. Həmin müdrik adam OPEC-in yaradıcılarından biridir. İyirminci əsrin əvvəlində o, belə bir nəticəyə gəldi ki, neft bəla da gətirir və Venesuelada iqtisadiyyatımızın şaxələndirilməsinin qarşısını alır. XIX əsrin sonunda – XX əsrin əvvəllərində Venesuelada bu cür sistem quruldu. Ölkə 1922-1970-ci illər ərzində çox böyük həcmdə neft hasil və ixrac edirdi. Bakı isə həmin vaxt Hitleri məğlub etmək məqsədilə Sovet Ordusunu neft ilə təmin edirdi. Biz isə Amerika və Avropanın birləşmiş silahlı qüvvələrinə Avropa cəbhəsində neft verirdik. Bu faktı biz yaxın zamanlarda müəyyən etmişik. Venesuelada həmin zaman “neft gəlirlərinə” əsaslanan sistem qurulmuşdu. Lakin həmin sistem artıq çoxdan çöküb. Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üçün yeni inkişaf sahələrini müəyyən etdik. Bu, böyük səylər, texnologiyalar tələb edir. Neft hasil edən ölkə olaraq, mən iqtisadiyyatlarımızın şaxələndirilməsində təcrübə mübadiləsi vasitəsilə bu səylərin birgə göstərilməsini Prezidentə təklif etdim.

Biz, həmçinin OPEC və qeyri-OPEC ölkələri arasında razılaşma haqqında danışdıq. Bu razılaşmanın əldə olunmasına, yekun sazişin imzalanmasına çox yaxınıq. Bu, neft bazarında sabitliyin bərqərar olunması mərhələsi, real qiymətin qurulması üçün elan edilə bilər. İstanbulda da Prezident bildirdi ki, neft sənayesi üçün dünyada ədalətli və real qiymətlər olmalıdır. Son iki ildə dünyanın neft sərmayələri üzrə rəsmi statistikası ilə tanış olmuşuq. Son 45 illik müddəti götürsək, axırıncı 22 ay ərzində neftin ən aşağı qiymətlərini müşahidə etdik. Proses 2014-cü ilin oktyabrından başladı. Həmin vaxt neft sərmayəsi dünya miqyasında 700 milyarddan 520 milyarda düşmüşdü. Qarşımızda duran sual ondan ibarətdir ki, bir barrelin 20–30 dollara olması dünya iqtisadiyyatı və sabitliyi üçün məqbuldurmu? Neft sektorunda sərmayələr artıq kifayət deyil. Halbuki, bəzi illərdə neftin qiyməti 150 dollar təşkil edib. Bu, düzgün deyil.

Nail olmağa çalışdığımız razılaşma OPEC ilə qeyri-OPEC ölkələri arasında siyasi iradə tələb edir. Azərbaycanı da buraya aid etmək olar. Biz həmin sazişə çox yaxınıq. Çox nikbin baxıram ki, bu razılaşma lap yaxın vaxtlarda əldə olunacaq və elan ediləcək. Bu, sabitlik və sərmayələr, gəlirlər və rifah, sabit hasilat və neftin qiymətinin yeni düstur dövrünə yol açacaq. Bu, OPEC və qeyri-OPEC ölkələri arasındakı razılaşmaya söykənəcək. Bir sözlə, Azərbaycandan başladığımız bu səfər çox uğurlu olacaq. Mən Prezidentə verdiyi məsləhətə, rəyə və nümayiş etdirdiyi iradəyə görə bir daha minnətdaram. Ümid edirəm ki, gələn günlər ərzində səfərimizi uğurla davam etdirəcəyik. Əməkdaşlığımız nəinki Qoşulmama Hərəkatı daxilində, o cümlədən dünyada sülhün bərqərar olunması naminə davam edəcək.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi məsələlərində iradəmizə, dəstəyimizə hər zaman arxalana bilər. Biz bir çox dünya ölkələrinin dəstəyi ilə Təhlükəsizlik Şurasına üzv seçilmişik. Təhlükəsizlik Şurasının daxilində əlimizdən gələni edəcəyik ki, beynəlxalq hüquq tətbiq olunsun. Azərbaycan öz milli maraqlarının qorunmasında çox aydın fəaliyyət göstərib. Venesuela Sizin yeni, etibarlı dostunuzdur. Cənab Prezident, Venesuela xalqının, dövlətinin, vətənimiz Bolivarın adından bir daha bildirirəm ki, bizə arxalana bilərsiniz. Biz dostuq. Bir-birimizə etibar edirik. Dövlətlərimizin rifahını və dünyada sülhü təmin etmək əzmindəyik”.

Etikxeber.az

Read Previous

“Gəzintiyə çıxdıq, şəhər möhtəşəmdir…” – MADURO

Read Next

Prezident həmkarına ziyafət verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir