Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-4 iyul 2023-cü il tarixində 2022-ci ilin sentyabr Şəhidlərindən olan Xüsusi Təyinatlı Qüvvələrin Əsgəri Ümid Vüqar oğlu İmamquliyevin ailəsini-ocağını yenidən ziyarət etdim…
Bir daha Şəhidimizin Yaralı, Dərdli ailəsinə baş çəkdim…
Bir daha çox kasıb, çox imkansız, çox şəraitsiz olan Şəhid ailəsinin durumu ilə maraqlandım…
Qeyd edim ki, ailənin dörd övladından biri ( böyük qardaşları illər öncə-körpəykən dünyasını dəyişib) və 2003-cü il 28 avqust təvəllüdlü olan Ümid İmamquliyev Goranboy rayonunun Qaradağlı kəndində çox kasıb, çox sadə bir ailədə dünyaya gəlib…
2021-ci ilin oktyabrında həqiqi hərbi xidmətə yollanan Ümid Xüsusi Təyinatlı Qüvvələrin Əsgəri kimi ötən ilin sentyabrında Ermənistanın növbəti qanlı təxribatı nəticəsində baş vermiş qanlı döyüşlər zamanı Kəlbəcər istiqamətində Şəhidlik məqamına ucalıb…
2022-ci ilin sentyabrında Şəhidlik məqamına ucalan 80 Şəhiddən biri olub…
Nəşi 15 sentyab tarixində Qaradağlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Və bu yerdə xatırladım ki, hələ aylar öncə-yanvar ayının əvvəllərində Şəhidimizin evində – əslində ev, daxma belə demək mümkün deyildi – olmuş, ailəsini ziyarət etmiş, onların acınacaqlı durumu barədə yazmışdım…
Çox təəssüflər olsun ki, o vaxtdan da az qala dəyişən heç nə yoxdur…
Şəhidimizin ilinin tamam olmasına cəmi 2 ay 11 gün qalmasına baxmayaraq, ailəsi tərəfindən könhə “ev”in yerində tikdirilən təzə ev hələ də hazır deyil…
Evin tikilib-tam başa çatdırılması üçün maliyyə yardımına, dəstəyinə ciddi ehtiyac var…
YAŞAT Fondu da aylar sonra Şəhid ailəsinə cəmi 2 min 500 manat kömək edib…
Hansı ki, bir çox başqa Şəhid ailələrinə 5 min, 7 min, 10 min (və daha çox) miqdarında pul yardımı edilsə də, çox imkansız olan Ümidin ailəsinə cəmi 2 min 500 manat yardım edilib…
Eyni zamanda, 10 ay ərzində bu məsələyə birbaşa cavabdeh olan qurum-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdindəki Sosial Xidmətlər Agentliyi bir dəfə olsun Şəhidin ailəsi ilə maraqlanmayıb, onların ev-mənzil-yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində heç bir addım atmayıb…
Şəhid ailəsi nə mənzillə təmin olunub, nə də Şəhid ailəsinin öz gücü hesabına tikilən yeni evin tikintisinin başa çatdırılmasına kömək edilib…
Şəhid ailəsi görməzdən, duymazdan gəlinib bu müddətdə…
Bu gün Şəhid ailəsini yenidən-ikinci ziyarətim zamanı bir daha bunun-Ümidin ailəsinə qarşı laqeydliyin, biganəliyin şahidi oldum…
Yeri gəlmişkən qeyd edim ki, Şəhidin valideynlərinin də, tək qardaşının da səhhətində problemlər var…
Şəhidin Dərdli və Yaralı ailəsi-valideynləri deyir ki, kaş övladları sağ olaydı, kasıb komaları onlara bəs edərdi…
“Özünüz də hələ o vaxt gəldiniz, gördünüz ki, nə vəziyyətdə, hansı şəraitdə yaşayırıq…Bu evi də-mənim üçün dilə gətirmək nə ağır olsa da, balamın “qanpulu” ilə tikdirirəm…Amma təəssüflər olsun ki, onu başa çatdıra bilməmişəm, bilmirəm… Çünki pulumuz, vəsaitimiz yoxdur…Gələn ay balamın mövludu, Cənnətdəki ilk ad günü, sentyabrda isə Anım günü, ilk ildönümüdür…Vaxta da az qalıb…Nə edəcəyik bilmirik…Çox çətin durumdayıq…Sosial Xidmətlər Agentliyi, YAŞAT Fondu bizim vəziyyətimizi nəzərə alsın və evin tikilib-başa çatdırılmasına kömək etsin…Başqa heç nə istəmirik… Balam cəmi 19 yaşında bu Vətən yolunda canını qurban verdi…Ona görə Şəhidə, Şəhid ailəsinə belə münasibət olmaz, düzgün deyil”-deyə, Şəhid atası Vüqar İmamquliyev bildirir…
Bəli, dediklərində də başdan-ayağacan haqlıdır…
Və sözün bitdiy yerdir yenə…
Odur ki, Ümidin ailəsinə qarşı olan laqeydlik, biganəlik aradan qaldırımalı, onların ev məsələsinin həlli tezləşdirilməli, daha doğrusu, Şəhid ailəsinin öz hesabına tikdirdiyi evin başa gəlməsi gəlməsi üçün gərəkən maliyyə dəstəyi göstərilməli, evin tikintisi Şəhidin doğum gününəcən başa çatdırılmalı və az da olsa, Onun ruhu sevindirilməlidir!
Bunları etmək də aidiyyatı qurumların işi, vəzifəsidir, işlərini də, vəzifələrini də nəhayət, vicdanla yerinə yetirməlidirlər!
***
FOTOLAR:











Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





