2023-cü ilin dövlət büdcəsinə dəyişiklik ediləcək-PREZİDENT HÖKUMƏTƏ GÖSTƏRİŞ VERDİ

Bu ilin 3 ayında əldə edilmiş nailiyyətlər imkan verir ki, biz büdcəyə əlavələr edək. Artıq hökumətə göstəriş verilmişdir ki, büdcə dürüstləşməsi aparılsın və Milli Məclisə təqdim edilsin.

Etikxeber.az xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlət başçısı deyib ki, ilk növbədə Vergi Xidməti xətti ilə üç ay ərzində proqnozdan 1,1 milyard manat çox vəsait toplanıb:

“Bu da şəffaflıq nəticəsində olmuşdur, yeni idarəetmə nəticəsində olmuşdur. Gömrük sektorunda isə proqnozdan əlavə toplanan vəsait 400 milyon manatdan çoxdur. Hazırda gömrük sahəsində də aparılan islahatlar, əvvəlki dövrlərdə buraxılan nöqsanların aradan qaldırılması prosesi uğurla gedir. Təkcə 3 ay ərzində proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıbdır. Əlbəttə ki, biz ilin ancaq üç ayını başa vurmuşuq, ilin sonuna qədər, təbii ki, bu rəqəm artacaq. Ona görə işləri sürətləndirmək və ölkə qarşısında duran digər vəzifələri yerinə yetirmək üçün, hesab edirəm ki, büdcə dürüstləşməsi aparılmalıdır.

Bütövlükdə, hesab edirəm ki, büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq, ondan da çox ola bilər. Bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək. İkinci yerdə bizim hərbi xərclərimiz olacaq. Çünki buna da böyük ehtiyac var. Dünyada gedən prosesləri hər kəs izləyir. Dünyada təhdidlər artır, təhlükələr artır. Düzdür, biz İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək möhtəşəm Qələbə əldə etmişik.

Ancaq Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Bu gün də Azərbaycan Ordusu güclüdür. Biz gücümüzü döyüş meydanında göstərmişik. Biz döyüş meydanında həm Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdik, eyni zamanda, hərbçilərimizin peşəkarlığını göstərdik, öz hərbi potensialımızı göstərdik”.

Etikxeber.az

Read Previous

“Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verir və buna heç bir reaksiya verilmir…Bu onu göstərir ki, Ermənistan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əməlin müəllifidir…”-DÖVLƏT BAŞÇISI AZƏRBAYCAN TELEVİZİYASINA MÜSAHİBƏ VERDİ – FOTO – YENİLƏNİB – (4)

Read Next

Cəmi 19 yaşında Vətən yolunda sağlamlığını qurban verən beş medallı İgidimiz, Vətən sevdalımız-QAZAXLI QAZİMİZ RÖYAL KƏRİMOV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir