25 yaşında Vətən yolunda Şəhid olan Vətən sevdalısı-GİZİR, 3 MEDALLI, AİLƏNİN İKİ OĞLAN ÖVLADINDAN BİRİ, SUBAY RƏŞAD MİRZƏLİ…- FOTOLAR – YENİLƏNİB

Rəşad Hafiz oğlu Mirzəli…

1995-ci il, 26 may təvəllüdlü…

Qəhrəman Tərtər rayonunun və Azərbaycanın İkinci Vətən müharibəsi Şəhidlərindən, Vətən sevdalılarından biri…

Nur üzlü Şəhidimiz…

Rəşad Tərtər rayonunun Hacıqərvənd kəndində dünyaya gəlib…

Ailənin iki oğlan övladından biri və sonbeşiyi olub…

Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb və hərbi xidmət zamanı Azərbaycan Ordusunun sülhməramlı qüvvələrinin sırasında ölkəmizdə 6 ay qulluq edib…

Sonra isə digər əsgər yoldaşları ilə birlikdə könüllü olaraq xidmətini Əfqanıstanda davam etdirib və Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təşəkkürnamə ilə təltif edilib, həmçinin Prezident ona gümüş saat hədiyyə edib…

Hərbi qulluq müddətini başa vurduqdan sonra Azərbaycana qayıdan Rəşad Mirzəli Azərbaycan Silahlı Qüvvələrinin sırasında müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) başlayıb…

Müqaviləsi başa çatdıqdan sonra Mingəçevir Şəhər İdman və Turizm Kollecinə daxil olub və təhsilini davam etdirərkən sənədlərini Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Gizir Hazırlığı Kursuna təqdim edib…

Kursu bitirdikdən sonra isə Goranboyda yerləşən “N” saylı hərbi hissədə Gizir kimi fəaliyyətə başlayıb və nümunəvi, intizamlı olduğu üçün onu tağım komandirinin müavini təyin ediblər…

İkinci Vətən Müharibəsinin ilk günlərindən də döyüş meydanına atılıb…

Rəşad və onun döyüş yoldaşları Murov yüksəkliyi, Tərtərin Talış kəndi istiqamətində uğurlu hərbi əməliyyatlar keçirib…

Sonrakı istiqamət Tərtər rayonunun Suqovuşan kəndi olub və Rəşad Mirzəli oktyabrın 1-də, 25 yaşında Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb…

Ailəsi-atası ilə də sonuncu dəfə Şəhidliyindən bir gün öncə, sentyabrın 30-da danışıb…

Və nəşi bir gün sonra, oktyabrın 2-də Hacıqərvənd kənd qəbiristanlığında torpağa tapşırılıb….

Şəhidliyindən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib…

Rəşad həm də subay olub…

***

Bu gün axşam saatlarına yaxın Goranboylu Şəhid bacıları və Naftalanlı Şəhid qardaşı ilə Şəhidimizin, Rəşad Mirzəlinin ocağını, ailəsini ziyarət etdik…

Ailəsinə, valideynlərinə, əzizlərinə Allahdan səbr və dözüm arzuladıq, “Şəhidimizin məkanı cənnətlik olsun! Ruhu qarşısında baş əyirik!”-dedik…

Bir ömür boyu Rəşadlara, Şəhidlərimizə borclu olduğumuzu dilə gətirdik…

Şəhidimizin valideynləri-Afidə müəllim və Hafiz kişi ilə söhbətləşdik, dərdləşdik, onlara az da olsa, təsəlli verməyə çalışdıq…

Onlarla birlikdə Rəşadın qısa, amma şərəfli həyat və hərb, döyüş yoluna bir daha nəzər saldıq…

Fəxr etdik, Qürurlandıq…

Əsl Qəhrəman ömrü, əsl İgid həyatı…Kitablara sığmayacaq Şərəfli və Kişi ömrü, həyatı…

Söhbət zamanı həm də duyğulu, kövrək, təsirli anlar yaşadıq…

Ziyarətimiz, söhbətimiz iki saata yaxın çəkdi və Şəhidimizin valideynləri, əzizləri ilə sağollaşıb, onlardan ayrıldıq…

Məqamı Uca olsun, məzarı Nurla dolsun!

Nur içində yatsın!

19:50

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyevlə Mehriban Əliyeva yenidən Ağdamda-ÜÇ KƏNDİN TƏMƏLİ QOYULDU VƏ… – FOTOLAR – YENİLƏNİB – (8)

Read Next

22 yaşının tamam olmasına 4 gün qalmış və anasının doğum günündə Şəhid olan-EVİN TƏK OĞLU, 3 MEDALLI ELDAR BAXŞIYEV – ƏBƏDİYYƏTƏ UĞURLANMASININ İKİNCİ İLİNDƏ ANASI VÜSALƏ BAXŞIYEVAYA “ŞƏHİD ANASI” MEDALI TƏQDİM OLUNDU… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir