26 oktyabrda yenə birlikdə öz həmrəyliyimizi, sarsılmzalığımızı nümayiş etdirdik, yenə birlikdə öz mesajımızı verdik-JALƏ ƏLİYEVA YAZDI

26 oktyabr 2021-ci il.

Azərbaycanın və Türkiyənin, Türkün, Türk Dünyasının tarixinə qızıl hərflərlə yazılan və yazılacaq yeni bir gün, yeni bir Tarix, yeni bir Qələbə, yeni bir Zəfər.

Qələbə ardınca Qələbə, Zəfər dalınca Zəfər.

Həmin gün yenə sevinc sevincə, Qələbə Qələbəyə, Zəfər Zəfərə qarışdı. Böyük təntənə, möhtəşəmlik, ehtişamlıq yaşandı.

Yenə dostlar sevindi, yenə düşmənlərə gözdağı verildi, yenə düşmən kor oldu.

Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu, nəinki Azərbaycan üçün, bütövlükdə bölgə, region üçün böyük əhəmiyyət daşıyacaq, gücə güc, inkişafa inkişaf qatacaq Zəngəzur dəhlizinin təməlatması və digər tarixi hadisələr yaşandı.

Yenə də hər zaman, hər daim yanımızda olan qardaş və dost Türkiyənin və onun sayğıdəyər Cümhurbaşqanı cənab Rəcən Tayyib Ərdoğanın iştirakı ilə.

Torpaqlarımızın işğalına son qoyulmasından, tarixi Qələbə və Zəfərimizin qazanılmasından sonra sayın Ərdoğan ikinci dəfə işğaldan azad olunmuş torpaqlarımıza qədəm basdı, səfər etdi və hər gəlişi, hər səfəri ilə də qələbəlik, möhtəşəmlik yaratdı.

Bu gəliş də, bu səfər də dünyaya bir mesaj, həm də birlik, bərabərlik, sarsılmazlıq, həmrəylik nümayişi oldu.

Dünya bir daha gördü və duydu ki, Azərbaycanla Türkiyə vahiddir, həmrəydir, Azərbaycan-Türkiyə dostluq və qardaşlığı sarsılmazdır, əbədidir, daimidir, dönməzdir.

Azərbaycanla Türkiyə “İki dövlət-tək millət”dir, Azərbaycanın sevinci Türkiyənin sevinci, Azərbaycanın kədəri Türkiyənin kədəri, Türkiyənin sevinci Azərbaycanın sevinci, Türkiyənin kədəri Azərbaycanın kədıridir.

Həm də artıq kədər, kədər tarixlərinə birlikdə son qoyulur, birlikdə sevinc anları, sevinc tarixləri yaşanır, yazılır.

“Sizin səfərinizin çox böyük önəmi var. Siz işğaldan azad edilmiş torpaqlara ikinci dəfədir ki, səfər edirsiniz. Dörd ay bundan əvvəl Sizinlə bərabər Şuşa şəhərində olmuşuq, bu gün isə Füzulidə və Zəngilandayıq. Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır”-deyən Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin də bəyan etdiyi kimi, Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirak bir daha bizim birliyimizi göstərir, gücümüzü nümayiş etdirir.

Bu, Türkiyə ilə Azərbaycanın iki qardaş ölkə kimi hər zaman bir-birinin yanında olduğunun növbəti isbatıdır. Bəli, Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi.

Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Yəni, bu, bizim birgə uğurumuzdur. Eyni zamanda, Zəngilan rayonunda birinci özəl sərmayə layihəsinin təməli qoyuldu ki, bu layihə də Türkiyə və Azərbaycanın birgə layihəsidir.

Yəni, bu, bir daha onu göstərir ki, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də biz çiyin-çiyinə bir yerdə irəliləyirik.

Bəli, cənab Prezidentimizin vurğuladığı kimi, Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq.

Adətən rəsmi mərasimlər paytaxtlarda keçirilir. Ancaq biz rəsmi mərasimləri bütün görüşlər zamanı keçiririk.

Həm Şuşada, həm də bu gün Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq.

Bu tarixi biz birlikdə yazırıq. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik.

Sonra “Biz İkinci Qarabağ savaşının birinci ildönümünü yaşayırıq. Dünən Qubadlı şəhərinin azad olunmasının birinci ildönümünü qeyd edirdik. İki həftə bundan sonra Şuşanın azad olunmasını qeyd edəcəyik, böyük Zəfər bayramı kimi qeyd edəcəyik”-deyən Ali Baş Komandanımız onu da qeyd etdi ki, İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında oldu.

Türkiyə Cümhurbaşqanı olaraq, cənab Ərdoğan müharibənin elə ilk saatlarında Azərbaycana dəstək göstərdi, bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır.

Bu, bizə çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi.

Dövlət başçımız “Əziz qardaşım, bu gün Azərbaycan xalqı haqlı olaraq Sizə öz təşəkkürünü bildirir. Bilirsiniz ki, Azərbaycanda hər kəs Sizi sevir, Sizə böyük hörmətlə yanaşır. Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüsünüz və bu gün artıq quruculuq dövründə, bərpa dövründə yenə də bizimlə bərabərsiniz”-deyərək, bəyan etdi ki, bu, əsl qardaşlıq nümunəsidir, əsl dostluq nümunəsidir.

Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir.

Sayın Ərdoğan isə öz növbəsində bəyan etdi ki, növbəti səfər zamanı Azərbaycanın işğaldan azad edilən bölgələrinin qısa müddət ərzində həqiqətən necə dirçəldiyi, necə sürətlə inkişaf etdiyi açıq-aydın göründü.

O, “Bu, hər igidin, hər siyasətçinin işi deyil. Bu qədər qısa müddətdə bu investisiyaları yatırmaq, bu işləri həyata keçirmək, inanıram ki, doğma yurdundan ayrılmağa məcbur qalmış azərbaycanlı qardaşlarım üçün buradan bir müjdə vermək imkanı yaradır. Çünki azərbaycanlı qardaşlarım ayrıldıqları torpaqlara, inanıram ki, ən qısa vaxtda son dərəcə gözəl şəkildə inşa edilən, canlandırılan bu yerlərə qayıtmaq imkanı əldə edəcəklər. Burada qarşımızdakı binaya, sol tərəfimizdəki binalara baxırıq. Bu binalar orijinal, tarixi üslubda son dərəcə gözəl bir şəkildə inşa edilir”-deyərək, bildirdi ki, Füzulini bir tərəfdən Şuşa, digər tərəfdən cənub sərhədi boyunca Ağbənd, gələcəkdə isə Naxçıvan ilə birləşdirəcək yolların inşası bütövlükdə bölgədə çoxtərəfli daşımaların əsasını təşkil edəcək.

Bütövlükdə görülən işlər həm Azərbaycan, həm də regionumuz üçün qürurverici və ümidvericidir.

Cənab Ərdoğan eyni zamanda Ermənistana mesaj verərək bildirdi ki, qarşı tərəf Azərbaycan ilə problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir.

Əgər Azərbaycan ilə bağlı səmimi iradə ortaya qoyarsa, Türkiyənin Ermənistan ilə əlaqələrinin də normallaşması üçün bir maneə qalmayacaq.

Bütün bölgə üçün birlikdə qurulacaq firavan gələcəyi kiçik hesablara və daxili siyasətə qurban vermək vaxt itkisi mənasına gələcək.

Dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcək, əlbəttə ki, mümkündür.

Bəli, biz yenə birlikdə öz həmrəyliyimizi, sarsılmzalığımızı nümayiş etdirdik, biz yenə birlikdə öz mesajımızı verdik.

Söz, addım, seçim isə artıq qarşı tərəfindir. Hansı addım atılacaqsa, anında da ona müvafiq adekvat cavabı, qarşılığı olacaq.

Bəli, biz kimsəyə, heç nəyə fikir vermədən birik, bərabərik, birgə Qələbə və Zəfərlərə imza atırıq, bundan sonra da bir olacaq, birlikdə yeni Qələbə və Zəfərlərə imza atacağıq.

Birliyimiz, Qələbə və Zəfərlərimiz mübarək olsun!

Jalə ƏLİYEVA, Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

“Azərbaycan-Türkiyə həmrəyliyini bir daha bütün dünyaya nümayiş etdirmiş bu dəstəyi xalqımız heç zaman unutmayacaq”-ƏLİYEV ƏRDOĞANI TƏBRİK ETDİ

Read Next

Hava şəraiti yenidən pisləşəcək, yağış, qar yağacaq-XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir