27 sentyabra gedən 200 illik qanlı və şanlı yol!-ELDAR İBRAHİMOV YAZIR

“Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur.

Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür…”.

Bu fikirlər Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, xalqının Xilaskar oğlu, ölkə Prezidenti cənab İlham Əliyevin düz iki il öncə, 27 sentyabr tarixində Azərbaycan xalqına tarixi müracətindədir.

Düz ik il öncə, 27 sentyabr 2020-ci il tarixində tarixində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozan və növbəti dəfə qanlı təxribat əməlinə əl atan işğalçı, təcavüzkar Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəvrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladı.

Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu.

Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.

Ermənistanın və onun qanlı havadarlarının Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətindən boğaza yığılan, cana doyan, təngə gələn, səbr kasası dolub-aşan Azərbaycan xalqı və Azərbaycan dövləti öz Rəşadətli Ordusu, İgid, Qəhrəman Əsgər və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə müqəddəs Vətən savaşına qalxdı, İkinci Vətən Müharibəsinə başladı.

Bütün dünya bir daha Azərbaycanın, onun Liderinin əzminə, qətiyyətinə və sarsılmaz dəmir iradəsinə, işğalla, düşmənlə barışmazlığına şahidlik etdi.

Bütün dünya 2016-cı ilin Aprel döyüşləri və tarixi Cünnüt əməliyyatında Azərbaycan dövləti, Azərbaycan xalqı və Ali Baş Komandanın rəhbəri olduğu Rəşadətli Azərbaycan Ordusunun cəsarətinə, qətiyyətinə necə şahidlik etmişdisə, yenidən və bir daha qarşısında həmin əzmi, həmin qətiyyəti, həmin cəsarəti, həmin iradəni gördü.

Gördü, duydu və bildi ki, artıq güclü, qüdrətli Azərbaycanla bacarmaq, onu təhdidlə, təzyiqlə çəkindirmək, hədəfindən, əzmindən sapdırmaq mümkün deyil.

Və cəmi 44 günlük Vətən Müharibəsi ilə düşmən və onu müdafiə edənlər üzərində tarixi Qələbə qazanıldı, dünya hərb elmi tarixinə yenilik, yeni səlnamə daxil oldu.

44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı.

44 gün davam edən və Vətən Müharibəsi olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı.

Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar.

Düşmənin 10 noyabr bəyanatını imzalamaqdan, təslimiyyətini etiraf etməkdən başqa yolu qalmadı.

Düşmən qarşımızda diz çökdürüldü, rəzil-rüsvay edildi.

Rəşadətli Ordumuzun başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.

Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.

Noyabrın 10-da imzalanmış bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi.

Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi.

2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

Bəli, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir.

Bu Qələbə tarixdə əbədi qalacaq.

Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.

Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı.

Qələbəni bizə bəxş edən qəhrəman Əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.

Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrildi.

Allah cəmi Şəhidlərimizin məkanlarını cənnətlik etsin, Yaralı və Qazilərimizə şəfa versin!

Qarabağı dağlı-aranlı Vahid Azərbaycan edən Müzəffər Ali Baş Komandana və onun Rəşadətli Azərbaycan Ordusuna, İgid Azərbaycan Əsgərinə milyon kərə eşq olsun!

Qələbələr, Zəfərlər bizimdir və bizim olacaq!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

“Gəncə hadisələri” hakimlərinə qarşı terrora çağıran şəxs həbs edildi-DTX MƏLUMAT YAYDI

Read Next

Milli Məclisin fotoqrafı-DÜNYASINI DƏYİŞDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir