Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) aprelin 9-da keçirilən növbəti plenar iclasında Hesablama Palatasının illik hesabatının müzakirəsi başlanılıb.
Etikxeber.az-ın xəbərinə görə, illik hesabatla çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, hesabat ilində Palata tərəfindən 59 nəzarət tədbiri, 53 audit təbdiri həyata keçirilib.
Onun sözlərinə görə, 53 audit tədbirindən 3-ü “Dövlət sirri haqında” qanuna əsasən məxfi qaydada aparılıb və nəticələr hüquq-mühafizə orqanlarına göndərilib:
“5 tədbir isə Dövlət Sosial Müdafiə Fondunda aparılıb”.
***
Ziyad Səmədzadə: Mühasibat uçotun aparalmasında hələ də nöqsanlar və problemlər yaşanmaqdadır
“Mühasibat uçotunun gücləndirilməsi ilə bağlı Hesablama Palatasının bir sıra təklifləri var”.
Bunu müzakirələr zamanı Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səməzdazə deyib.
O, qeyd edib ki, mühasibat uçotun aparalmasında hələ də nöqsanlar və problemlər yaşanmaqdadır: “Çünki bir sıra qurumlarda hələ də bu işlər lazımınca həyata keçirilmir. Odur ki, Palata mühasibat uçotunun aparılması ilə bağlı öz təkliflərini verib”.
***
Fəzail Ağamalı: Büdcəni mənimsəyənlər Azərbaycan qanunları qarşısında ciddi cavab verməlidirlər”.
Millət vəkili Fəzail Ağamalı isə hələ də dövlət büdcəsinin mənimsənilməsi hallarının qalmasından və mövcudluğundan narazılığını ifadə edib:
“Hesablama Palatası öz işini elə yüksək səviyyədə qurmalıdır ki, büdcədən maliyyələşən qurumlar tərəfindən büdcə vəsaitinin dağıdılmasına, mənimsənilməsinə imkan verilməsin”. O , bildirib ki, bu məsələ MM səviyyəsində illərdir müzakirə olunur və rəqəmlər söylənilir: “Ancaq bu ənənəyə son qoyulmur. Necə etmək olar ki, büdcəyə bu cür neqativ yanaşmalar baş verməsin?! Ona görə də Hesablama Palatası öz işini yüksək qurmaqla yanaşı, müstəqilliyini də təmin etməlidir. Elə etməlidir ki, bu və ya digər qurumların, şəxslərin təsiri olmasın. Bundan əlavə, biz ölkədə kimsə vəzifədən çıxandan sonra onların var-dövləti haqqında məlumatları eşidirik, bu barədə məlumatlar mətbuatda yayılır. Ancaq Hesablama Palatası bunları zamanında aşkarlamalıdır. Bu vəsaitlərin qaytarılması ilə iş bitməli deyil, büdcəni mənimsəyənlər Azərbaycan qanunları qarşısında ciddi cavab verməlidirlər”.
***
Fazil Mustafa: Hansı tenderin ləğvi ilə bağlı məlumat əldə etmək mümkün deyil
Millət vəkili Fazil Mustafa bildirib ki, büdcədən vəsait mənimsənilirsə, bu, cinayətdir:
“Ancaq buna “yumşaq” ad qoymaqla, cinayətdən imtina etməyə başlayırıq. Ümumiyyətlə, vergi ödəyiciləri, borcların ödənilməsi, satınalmalar ilə bağlı ciddi problemlər var”-deyən, millət vəkili bildirib ki, xüsusilə, dövlətsatınalmalarında ziddiyətlər qabarıq şəkildə özünü göstərir: “Hesabata əsasən, 76 tender komissiyasının qanunvericiliyin tələbələrinə uyğun şəkildə fəaliyyəti araşdırılıb. Lakin hansı tenderin ləğvi ilə bağlı məlumat əldə etmək mümkün deyil. Bütün bunları araşdırdıqda görürük ki, Hesablama Palatasının təsir imkanları böyük olsa da, reallıq baxımından çox yerlərə təsir etmək imkanı yoxdur. Hesablama Palatasının bu problemlərin aradan qaldırılmasında öncüllüyünü təmin etməsək, gələcəkdə bu problemlərin qarşısını almaq çətin olacaq. İslahatlar aparmaq niyyətimiz ardıcıldırsa, Hesablama Palatasının rəyi ilə bunları aradan qaldırmaq olar”.
***
Vahid Əhmədov: İnsanlar incidilməməli, özbaşınalıqlara son qoyulmalıdır
Millət vəkili Vahid Əhmədov çıxışında deyib ki, Hesablama Palatasının ən çox nöqsan aşkar etdiyi 3 qurum bunlardır: Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyi.
Millət vəkili qeyd edib ki, artıq sözügedən qurumlar bu nöqsanları aradan qaldırmalı və Palatanın tövsiyələrini nəzərə almalıdırlar. Millət vəkili eyni zamanda, çıxışında dövlət zəmanəti ilə verilən kreditlərin qaytarılması və ünvanlı sosial yardımların verilməsi məsələlərində ciddi nöqsanların, qanunsuzların yaşandığını bildirib. V. Əhmədov bir daha xatırladıb ki, son zamanlar ən çox müraciətlər və şikayətlər məhz ünvanlı social yardımlarıa bağlıdır: “Artıq neçə illərdir bu məsələni dilə gətiririk. Amma qanunsuzluqlar, nöqsanlar yenə də davam etməkdədir. Hesab edirəm ki, nəhayət, bu məsələdə ciddi dönüş yaradılmalı, insanlar incidilməməlidir. Həmçinin, dövlət nəzarəti ilə iri müəssisələrə, dövlət qurumlarına verilən kreditlərin qaytarılmasında böyük qüsurlar, özbaşınalıqlar davam etməkdədir. Kreditlər verilərkən, bu məsələlər ölçülüb-biçilməlidir. Hər quruma bunu vermək olmaz. Bunlar olmadığı, şəffaflıq təmin edilmədiyi üçün də belə hallar yaranır və yaşanır. Bunların qarşısı alınmalıdır, özbaşınalıqlara son qoyulmalıdır”.
***
Əflatun Amaşov: Artıq maliyyə şokları yaşanmamalıdır
“Bizim üçün vacib olan maliyyə nəzarətidir. Azərbaycanda artıq maliyyə şokları yaşanmamalıdır”.
Bunu da müzakirələr zamanı deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
“Bilirsiniz ki, bir müddət öncə, Beynəlxalq Bank məsələsində bunun şahidi olduq”-deyən, Ə. Amaşov sonra qeyd edib ki, bir sıra hallarda Hesablama Palatasının təklifləri aidiyyatı qurumlar tərəfindən nəzərə alınmır. “Belə olsaydı, bu cür hallar hesabata daxil olunmazdı. Bu da məsuliyyət hissi ilə bağlıdır. Necə edək ki, bu məsuliyyətsizlik aradan qaldırılsın? Onlar hesabatda göstərilən səhvlərini təkrarlamamalıdırlar. Bunu etməsək, inanmıram ki, Hesablama Palatası təklifləri, araşdırmaları öz faydasına verə biləcək”-deyə, millət vəkili sözlərinə əlavə edib.
***
Siyavuş Novruzov: Yoxlamalar mütəmadi aparılsın
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Hesablama Palatası öz imkanları daxilində kifayət qədər fəaliyyət göstərir və bəzi hallarda imkanlarından yüksək fəaliyyət ortaya qoyur:
“Biz köhnə sistemdən çıxıb yeni sistemə daxil olmalıyıq. Dövlət başçısı struktur islahatları aparır. “Hesablama Palatası haqqında” qanuna dəyişiklik edilməklə qurumun strukturunu islahatlara uyğun formalaşdırmalıyıq. Bəzi hallarda dövlət qurumlarında vəsait mənimsənilir, vəsaiti mənimsəyən cəza çəkməyə razı olur, nəinki vəsaiti qaytarmağa. Təklif edirəm ki, yoxlamalar mütəmadi aparılsın, bu, illik, hətta 6 aylıq ola bilər”-deyən, komitə sədri qeyd edib ki, lazım olduğu təqdirdə bura əlavə kadrlar cəlb olunmalıdır. Onun sözlərinə görə, korrupsiyaya meyllənənlərin qarşısı alınmalıdır: “Buna görə Hesablama Palatasına dəstək verilməlidir ki, fəaliyyətini daha da yüksək səviyyədə həyata keçirsin”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az