3 günlük büdcə müzakirələri başa çatdı – VERGİ MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİK EDİLDİ – YENİLƏNİB

2020-ci ilin büdcə müzakirələri başa çatdı, növbəti müzakirələr noyabrın 26-da baş tutacaq

Müzakirələrin sonuncu günündə Vergi Məcəlləsinə 164 dəyişikliyi nəzərdə tutan qanun layihəsi birinci oxunuşda qəbul edildi

Milli Məclisin (MM) büdcə zərfi ilə bağlı 3 günlük müzakirələrinin sonuncu günündə  Vergi Məcəlləsinə dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb və birinci oxunuşda müzakirə olunub. 

Etikxeber.az-ın xəbərinə görə, layihə barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

“Vergilər Məcəlləsinə hazırda edilən dəyişikliklər mahiyyətinə, miqyasına görə Azərbaycan tarixində ən mühüm dəyişikliklər kimi qəbul edilə bilər”-deyən  Z. Səmədzadə  qeyd edib ki, sözügedən Məcəlləyə 162 dəyişiklik nəzərdə tutulur: “Məcəllənin 73 maddəsi dəyişib. Uyğunlaşma xarakterli dəyişikliklərin sayı 89-dur. Məcəlləyə dəyişikliklər ədalətli rəqabət, şəffaf və fizkal mühitin təmin edilməsinə xidmət edir. Həmçinin dəyişiklik sahibkarlığın inkişafı ilə haqsız rəqabətin aradan qaldırılmasına xidmət edəcək”. Komitə sədri bildirib ki, gələn il yanvarın 1-dən heyvan və quş yemlərinin satışı 4 il müddətində əlavə dəyər vergisindən (ƏDV ) azad edilir: “Məcəllənin 199-cu maddəsinin (Vergi güzəştləri və azadolmalar) 199.14-cü bəndinə təklif olunan dəyişikliyə görə, mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisindən azaddırlar ( mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla). Məcəllənin 218-1-ci maddəsinin ( Azadolmalar və güzəştlər) 218-1.1.1-ci bəndinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi – 2014-cü il yanvarın 1-dən 10 il müddətində vergidən azad olunur. Məcəlləyə edilən digər dəyişikliklə isə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir (əmək haqından tutulan gəlir vergisi istisna olmaqla) qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ildən başlayaraq, 10 il müddətinə gəlir vergisindən azad ediləcək”.

Komitə sədri həmçinin bildirib ki, gələn ildən konyak istisna edilməklə, Azərbaycanda istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına, energetik (alkoqollu və alkoqolsuz) içkilərə tətbiq edilən aksiz dərəcələri artırılır. Ümumiyyətlə, Məcəlləyə dəyişiklikdə bildirilir ki, aksiz dərəcəsi içməli spirtin (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti) hər litri üçün 2 manatdan 3,2 manata, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litri üçün 2 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün 2,5 manatdan 2,6 manata, şərablar və şərab materiallarının hər litri üçün 0,1 manatdan 0,2 manata, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litri üçün 0,2 manat manatdan 0,5 manata, siqarillanın (nazik siqarlar) 1000 ədədi üçün 20 manatdan 31 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədi üçün 20 manatdan 31 manata, alkoqollu energetik içkilərin hər litri üçün 2 manatdan 2,1 manata, alkoqolsuz energetik içkilərin hər litri üçün 3 manatdan 3,1 manata qaldırılır. Bu siyahıda yer almayan tündləşdirilməmiş alkoqollu içkilərin hər litri üçün isə 0,4 manat aksiz dərəcəsi tətbiq olunacaq. Konyak və konyak materiallarının hər litri üçün tətbiq edilən 6 manat aksiz dərəcəsi isə 3,2 manata endiriləcək. Bu mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin (miqdarının) hasili tətbiq edilməklə hesablanır. Həmçinin növbəti dəyişikliyə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutuma metodunun ləvğ edilir və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsi təmin edilir. (ƏDV və mənfəət vergisi metodu) Qeyd edək ki, dəyişikliklər layihəsi bu gün parlamentdə birinci oxunuşda müzakirəyə çıxarılır.

***

Dəyişikliklər layihəsi ilə bağlı müzakirələr zamanı isə bir neçə millət vəkili öz fikirlərini bildiriblər. “Publik hüquqi şəxslər dövlət üçün bir bəladır. Adını dəyişdiriblər, amma heç nə dəyişməyib”-deyən deputat Vahid Əhmədov  bildirib ki, public hüquqi şəxslər faktiki olaraq dövlət büdcəsində maliyyələşən təşkilatlardır: “ Onları da biz müəyyən müddətə görülən işlərdən və xidmətdən azad edirik. Bu, nəylə əlaqədardır, bunu bilmək istərim”.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla da parlamentdə büdcə zərfi ilə bağlı 3 günlük müzakirələr yekunlaşdırılıb. Növbəti müzakirələr (ikinci oxunuşlar) noyabrın 26-da baş tutacaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Vergi Məcəlləsinin müzakirəsi başladı…

Read Next

Milli Məclisin büdcəsi məlum oldu – 45 MİLYON 488 MİN MANAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir