3 medallı Şəhid qardaşlardan Tural Həsənovun 27 yaşı tamam oldu-ÇOX TƏSİRLİ ANLAR YAŞANDI, ŞƏHİDLƏR ANASI DİZİN-DİZİN SÜRÜNDÜ, FƏRYAD ETDİ, HƏR KƏS GÖZ YAŞLARINA QƏRQ OLDU… – YENİLƏNİB – (2) – FOTOLAR

Bu gün-16 iyul Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən-Şəhid qardaşlardan biri-Tural Tapdıq oğlu Həsənovun ad günüdür.

Bu, onun Şəhidliyindən sonra Cənnətdəki-Cənnətindəki ilk doğum günüdür.

Etikxeber.az xəbər verir ki, Tural Tapdıq oğlu Həsənov 1994-cü ilin iyulun 16-sında Mingəçevirdə sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib.

27 yaşı tamam olan Tural ata tərəfdən Ağdamlı, ana tərəfdən Goranboyludur.

Tural Həsənov qardaşı Musa Həsənovla İkinci Vətən Müharibəsi başlayan gündən, sentyabrın 27-sindən könüllü kimi döyüşlərdə olub.

Döyüşlər, müharibə başlayandan bir neçə gün sonra nə Turaldan, nə də Musadan xəbər almaq mümkün olub.

Musanın nəşi 35, Turalın nəşi 68 gündən sonra tapılıb.

Musa noyabrın 5-ində, Tural isə dekabrın 9-unda Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Həm Tural, həm Musa 2020 və 2021-ci illərdə Ali Baş Komandan tərəfindən 3 medalla təltif olunublar.

Hər iki qardaş ailəli olub, Tural iki oğlan, Musa iki qız atası idi.

Turalın övladlarından biri babasının-Tapdıq kişinin adını daşıyır. Digərinin də adı Hüseyndir.

Musanın kiçik qızı İnci isə bir müddət öncə bir yaşında dünyasını dəyişib.

Aprel ayında hər iki qardaşın adını daşıyan “Şəhid bulağı”nın açlışı olub.

Şəhid qardaşların valideynləri Mingəçevirin küçələrindən və uşaq bağçalarından birinə övladlarının adının verilməsini, eyni zamanda, onların ən azı birinin Milli Qəhrəman adı, digərinin isə “Qarabağ” və ya “Zəfər” ordeni ilə təltif olunmasını istəyirlər.

Şəhid valideynləri bununla bağlı ölkə rəhbərliyinə də müraciət edib.

Qeyd edək ki, Şəhid Tural Həsənovun ad günü ilə bağlı bu gün ailəsi tərəfindən tədbir keçiriləcək və tədbirdə Mingəçevirdən, Kürdəmirdən, Bərdədən və digər bölgələrdən olan Şəhid ailələri iştirak edəcəklər.

00:00

***

Tural Həsənovun Cənnətdəki ilk doğum günü ilə bağlı ailəsi tərəfindən nəzərdə tutulan mərasim-tədbir saat 12:00-da başlayacaq.

Mərasimdən öncə isə Tural və Musa Həsənovların məzarları, Mingəçevir şəhər Şəhidlər Xiyabanı ziyarət olunacaq.

Şəhidlərin məzarları üzərinə gül dəstələri düzüləcək, əklillər qoyulacaq, ruhlarına dualar oxunacaq.

Hər iki Şəhidimiz və cəmi Şəhidlərimiz nur içində yatsın, məkanları nurla dolsun!

Turalın Cənnətdəki-Cənnətindəki ilk ad günü mübarək olsun!

Ruhu, ruhları qarşışında baş əyirəm!

07:00

***

Cənnətdəki ilk ad günü ilə bağlı öncə Tural Həsənovun Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Ziyarətdə yüzlərlə insan,şəhər sakini, Şəhidin ailə üzvləri, Şəhid ailələri-Mingəçevirdən, Goranboydan, Bərdədən, Xaçmazdan, Qubadan, Ağdamdan və digər bölgələrdən olan Şəhid anaları, Şəhid valideynləri, Qazilər, din xadimləri iştirak ediblər.

Ziyarət zamanı Tural Həsənov da daxil olmaqla, Şəhidlər Xiyabanındakı bütün Şəhidlərin (o cümlədən qardaşı Musa Həsənovun) məzarları ziyarət edilib, üzərlərinə əklillər və gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Saat 11:00-dan başlayan ziyarət bir saatdan çox çəkib.

***

13:00

Sonra Şəhidin yaşadığı binanın həyətində ad günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə də Şəhidin ailə üzvləri, yaxınları, Azərbaycanın müxtəlif bölgələrindən olan Şəhid ailələri, Qazilər, bina və şəhər sakinləri iştirak ediblər.

Daha sonra Şəhidin ailə üzvləri çıxış ediblər.

Şəhidlər anası Nəhayət xanım özü və ailəsi adından hər kəsə belə bir gündə onları tək buraxmadıqları üçün minnətdarlığını bildirib.

Qeyd edib ki, bu gün onu, eləcə də bütün Şəhid ailələrini bir araya gətirən, bütün Azərbaycana tanıdan övladları, 3 minə yaxın İkinci Vətən Müharibəsi Şəhididir.

“Biz onların sayəsində Azərbaycana tanınmışıq, onların sayəsində bir araya gəlmişik. Onlar Şəhidlikləri ilə bizi ən uca Zirvəyə ucaltdılar. Həm özləri ən uca Zirvəyə ucaldılar, həm də bizləri ən uca Zirvəyə yüksəltdilər. Hamısının ruhu qarşısında baş əyirəm. Hamısı mənim övladlarımdır. İki oğlumun ikisini də Vətən yolunda Şəhid vermişəm, əvəzində yüzlərlə, minlərlə oğul qazanmışam”-deyə, Şəhia anası bildirib.

Sonra Şəhid analarından Radə xanəm, Mehriban xanım, iki Şəhid anası Sevinc xanım, Akifə xanım, Fəxriyə xanım, Şəhid bacısı Elnarə xanım, Nərgiz xanım, Arzu xanım, Saqibət xanım və digərləri çıxış ediblər.

Şəhid Sübhan Abdurəhmanlının anası Mehriban xanım Şəhidlər anası Nəhayət xanımı və Sevinc xanımı Qəhrəman ana adlandırıb.

Bildirib ki, hər bir şəhid anası, o cümlədən Şəhidlər anası Nəhayət xanım və Sevinc xanım bir Qəhrəmandır.

“Hər biri ilə fəxr edirik, qürur duyuruq. Qürur duyuruq ki, belə analar var”-deyə, o, əlavə edib.

Çıxış edən digər Şəhid anaları da Tural və Musa Həsənovların ailəsinə bir daha səbr diləyiblər, onlara bir daha dözüm arzulayıblar, Şəhidlərin ruhları qarşısında bir daha baş əydiklərini bildiriblər.

Qeyd ediblər ki, Tural və Musa Həsənovlar, bütövlükdə cəmi Şəhidlər hər zaman qəlblərdə yaşayıblar və yaşayacaqlar, heç kimin onları unutmağa haqqı yoxdur.

Şəhid ailələrinin çıxışları bitdikdən sonra “Nur” Dəstək Qrupunun üzvlərindən birinin ifasında Şəhidlərimizə aid şeir səsləndirilib, kompozisiya təqdim olunub.

Və hər kəsi göz yaşlarına boğan çox təsirli anlar yaşanıb.

Şəhidlər anası Nəhayət xanım yerə yıxılaraq, dizin-dizin sürünməyə başlayıb, fəryad edib və bu zaman mərasim iştirakçıları da göz yaşlarına hakim ola bilməyiblər, Şəhidlər anasının başına toplaşaraq, onu sakitləşdirməyə çalışıblar.

Və tədbirin sonunda Şəhidlərlə bağlı ehsan süfrəsi açılıb, bir daha Şəhidlərin ruhlarına dualar oxunub.

Tədbir bütövlükdə təxminən 3 saat çəkib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qətldə günahlandırılan general Rövşən Əkbərovun məhkəməsi başlayır-BU GÜN

Read Next

Azərbaycanın 4 ölkədəki səfiri geri çağırıldı-YENİ SƏFİRLƏR TƏYİN OLUNDU – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir