3 medallı, iki övlad atası, Baş leytenant-kəşfiyyatçı Şəhid Ramil Babayevin adını daşıyan-“ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU… – FOTOLAR – YENİLƏNİB

Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan 3 medallı-Baş leytenant Ramil Taqət oğlu Babayevin adını daşıyan “Şəhid bulağı”nın açılış mərasimi keçirilir.

Etikxeber.az-ın xəbərinə görə, açılışda Şəhidin ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, rayon sakinləri və ziyalıları, Kürdəmir rayon İcra Hakimiyyətinin məsul şəxsləri, din xadimləri, məktəblilər iştirak edirlər.

Xatırladaq ki, 1991-ci ilin dekabr ayının 12-sində dünyaya gələn Ramil Babayev 15 yaşında, 9-cu sinfi bitirdikdən sonra həyatını hərblə bağlayıb, əvvəlçə Naxçıvanski adına məktəbi bitirib, sonra Hərbi Akademiyaya daxil olub və oranı başa vurub.

Ramil Babayev 2016-ci ilin Aprel döyüşlərinin iştirakçısı olub.

İkinci Vətən Müharibəsi başlayan zaman isə Murovdağ istiqamətində döyüşlərdə olub, böyük şücaətlər, igidliklər göstərib və sentyabrın 29-da Şəhadətinə qovuşub.

Ancaq nəşini düz 4 ay iki gündən sonra əldə etmək mümkün olub, Şəhidimizin nəşi 2021-ci ilin yanvarın 31-də Kürdəmir Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölümündən sonra 3 medalla-“İgidliyə görə”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ramil Babayev həm də ailəli, iki övlad-bir qız və bir oğlan atası olub.

Nur içində yatsın!

10:15

***

Saat 10:00-da baş tutan açılış mərasimi zamanı öncə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxışlara başlanılıb.

Qeyd edək ki, “Şəhid bulağı” Kürdəmir şəhər Tofiq İsmayılov adına 1 saylı tam orta məktəbin həyətində inşa edilib.

Həmçinin, qeyd edək ki, Ramil Babayev adıçəkilən məktəbin 5 Şəhidindən biridir.

İkinci Vətən Müharibəsi zamanı sözügedən məktəbin iki Şəhidindən biri isə Adəm Əliyev olub.

Odur ki, açılış zamanı məktəbin rəhbərliyi, Ramil Babayevin müəllimləri, sonra Şəhid ailələri (Şəhid Cəmil Həşimlinin anası Simuzər xanım, Şəhid Nahid Mikayılovun həyat yoldaşı Jalə xanım və digərləri), Şəhidin döyüş yoldaşları, Kürdəmirin tanınmış din xadimi Aqil Əliyev, o cümlədən, Şəhidin ailə üzvləri-anası İlhamə xanım, atası Taqət kişi və bacısı çıxış ediblər.

Çıxışlar zamanı Ramil Babayevin qısa, lakin mənalı, şərəfli həyat və döyüş yolundan danışılıb, Ramil də daxil olmaqla, bütün Şəhidlərlə fəxr edildiyi, qürur duyulduğu bildirilib.

Qeyd edilib ki, bugünkü dinclik və əmin-amanlığımıza, Qələbə və Zəfərimizə görə, Ramil kimi İgid, Qəhrəman Vətən oğullarına, Şəhidlərə borcluyuq.

Açılış zamanı həmçinin, məktəblilərin ifasında Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Bir saatdan artıq çəkən açılış mərasimindən sonra Ramil Babayevin də uyuduğu Kürdəmir Şəhidlər Xiyabanı ziyarət olunub.

Şəhidlərin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Evin tək və subay oğlu-CƏMİL MƏMMƏDLİNİN ŞƏHİDLİYİNDƏN 8 AY KEÇİR – AİLƏSİ ŞƏHİDİN MƏZARINI ZİYARƏT ETDİ…

Read Next

68 yeni yoluxma-3 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir