3 NƏHƏNG-3 İSTİQLALÇI…BİR FOTO-İKİ XATİRƏ…- Kamil HƏMZƏOĞLU

Bu fotonu bir az öncə tanınmış jurnalist-söz adamı Elçin Şıxlının sosial şəbəkə hesabında gördüm və özünün icazəsi ilə götürdüm, səhifəmdə paylaşdım…

Və dərhal ötən illərə, 27 il və 19 il öncəyə qayıtdım…

Bəxtiyar Vahabzadə, Tofiq Məsim oğlu (Bağırov) və İsmayıl Şıxlı…NƏHƏNGLƏR, KİŞİLƏR, İSTİQLALÇILAR…

1993-cü ildə, mart ayında iki dəfə Bəxtiyar müəllimin evində-mənzilində olmuşdum, iki dəfə isə rəhmətlik Tofiq müəllim evində-mənzilində olmuşdum-2001-ci ilin yayında…

Hər ikisindən də çox geniş və çox maraqlı müsahibə götürmüşdüm…Bəxtiyar müəllimdən “Aydınlıq” qəzeti üçün, Tofiq müəllimdən isə “525” üçün…

Çox heyf ki, Bəxtiyar müəllimin müsahibəsi son anda getmədi-gedəsi olmadı “Aydınlıq”da…Özü də baxmışdı, əlavələr də etmişdi, xoşuna da gəlmişdi, imza da atmışdı, amma nədənsə…

Hətta, üçüncü dəfə evində olanda əlimi əlinə aldı, çəkinə-çəkinə ovcumun içinə nəsə qoydu və əlimi sıxdı, hiss etdim ki, puldur…

Əvvəlcə bir anlıq özümü itirdim, sonra tez özümü ələ alıb dedim ki, “Bəxtiyar müəllim, götürə bilmirəm, bunun üçün bura gəlməmişəm…”

Dedi ki, “oğlum, bilirəm, özün də tərbiyəli oğlansan, özün də tələbəsən, kirayədə qalırsan, sənə də xeyli əziyyət verdim, gəldin, getdin, yazdın…Bizə də tələbə olanda müəllimlərimiz əl tuturdu…”

Dedim ki, “Bəxtiyar müəllim, qadanız alım, götürə bilmərəm, inciməyin” və güclə də olsa, pul geri qaytardım…

Gerçəkdən də NƏHƏNG insan idi…Məkanı cənnətlik olsun!

Tofiq müəllimlə müsahibəm isə “525”-də getdi…

Həmin vaxt həkimlərin kobud səhvi üzündən gözləri artıq görmürdü, həm də bir qədər diqqətdən kənarda qalmışdı… Çox üzülmüşdüm bunlara görə də…

Müsahibə çıxandan sonra da qəzeti götürüb evlərinə getmişdim, çox xoşuna gəlmişdi…Çox ağayana, əsl Azərbaycan-Türk kişisi idi…

Tanınmış partiya-sovet işçisi olsa da, uzun illər böyük vəzifələrdə çalışsa da, daim milli, istiqlalçı olmuşdu və Gəncənin adının bərpası üçün hələ 60-cı illərdən mübarizə aparmış, istəyinə də 1989-cu ildə nail olmuşdu…

Məşhur “43-lər”dəniydi…Qəbri nurla dolsun!

Amma təəssüflər olsun ki, sağlığında İsmayıl müəllimlə heç zaman birbaşa ünsiyyətim, əlaqəm, tanışlığım olmamışdı…

Sadəcə, efirdən və bir neçə dəfə də kənardan görmüşdüm… Məzarı behiştlik olsun!

Fəxr edirəm və fəxr etməliyik ki, belə NƏHƏNGLƏRimiz, KİŞİLƏRimiz olub!

Fəxr edirəm, qürur duyuram həm də ona görə ki, bu nəhənglərdən ikisi ilə əyani şəkildə tanış, həmsöhbət olmuşam…

Bir daha məkanları cənnətlik olsun!

Fotodakı 4-cü şəxs isə eks-deputat, uzun illər Avropa ölkələrində səfir işləmiş və hazırda da sərəncamda olan Mir-Həmzə Əfəndiyevdir…Sakit, mədəni insan kimi yaddaşımda qalıb…

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Orada həqiqətən dəhşətli şeylər baş verir…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

“Qlobal pandemiya dövründə keçirilən “seçkilər”də belə Qərb dövlətləri və AŞPA adekvat reaksiya vermədi, daha doğrusu, səslərini belə çıxarmadı…”-QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir