3 pilləli peşə təhsilinin tətbiqi təklif edilir… – FOTO – YENİLƏNİB (1)

“Peşə təhsili haqqında” qanun layihəsi müzakirələrə çıxarıldı

Qanun layihəsinin 4.1.36 maddəsinə əsasən, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir

 Milli Məclisin (MM) Elm və təhsil komitəsinin növbəti iclası keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, komitə sədri İsa Həbibbəyli gündəlikdəki məsələ barədə məlumat verib.

İclasda “Peşə təhsili haqqında” yeni qanun layihəsi müzakirə edilir.

İ. Həbibbəyli bildirib ki, yeni hazırlanan qanun beş fəsil, 26 maddədən ibarətdir.

Qeyd edək ki, bu qanun ölkə Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin müvafiq bəndinə uyğun olaraq, Azərbaycanda peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Bu sənəd təhsil və elm vasitəsilə ölkənin gələcək tərəqqi və rifahını yüksəltmək məqsədilə müxtəlif növ və səviyyədə olan hazırlığının bütün formalarına şamil edilir.

****

“Azərbaycanda son illər peşə təhsili sanki təhsil sektorundan kənarlaşmışdır, unudulmuşdur. Artıq ölkə başçısının apardığı islahatlarla bu sahə yenidən inkişaf etməyə başlayır, biz də bunu qanunvericilikdə təsbit edirik”-deyən komitə sədrinin bildirdiyinə görə, ölkədə peşə təhsili sahəsində vəziyyətin monitorinqini keçiriblər:

“Monitorinqlər bizə reallığı düzgün qiymətləndirməyə kömək etdi. Vəziyyət bundan ibarətdir ki, bu sahə sürətlə yenilənməlidir, yeni dövrün standartlarına uyğunlaşdırılmalıdır. Qanun layihəsini hazırlayarkən xarici ölkələrin bu sahə üzrə təcrübəsi nəzərə alınıb”.

Komitə sədri qanun layihəsi zərində 1 ildən çox iş aparıldığını bildirib:

“Biz ilk dəfə peşə təhsili sisteminin təhsil sistemindəki yerini müəyyənləşdirmişik. Biz peşə təhsili ilə orta ixtisas təhsilinin inteqrasiyasını əsas götürürük. Peşə məktəbi sadəcə usta, kiçik mühəndis hazırlamır, həm də vətəndaş hazırlayır. Onun hazırladığı mütəxəssisin texniki, iqtisadi biliklərinin olması vacibdir. Bununla belə, onun milli dəyərlərimizə sahib çıxması, dövlətçilik ənənələrini gözləməsi də vacibdir. Eyni zamanda layihədə peşə təhsili müəssisələrinə lisenziyaların birdəfəlik, müddətsiz verilməsini məqsədəuyğun hesab etmişik”. 

İ. Həbibbəyli qeyd edib ki, peşə təhsili müəssisələrinə dövlət dəstəyinin göstərilməsi məqsədəuyğun sayılıb:

“Layihədə bir çox yeniliklər var. Layihəyə əsasən, peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük verilir, dövlət təhsil müəssisələrində təhsil alanlar xüsusi iş geyim formaları ilə təmin edilir”.

Həmçinin, qeyd olunub ki, qanun layihəsinin 4.1.36 maddəsinə əsasən, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.

****

Təhsil Nazirliyi də öz növbəsində ölkədə peşə təhsili ilə bağlı strukturun dəyişdirilməsini, 3 pilləli peşə təhsilinin tətbiqini təklif edir.

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev  adıçəkilən qanun layihəsinin müzakirəsi zamanı yüksək texniki peşə təhsilinin tətbiq olunmasını da təklif edib:

“Biz fikirləşdik və təklif edirik ki, peşə təhsili 3 pilləli olsun: ilk peşə təhsili, texniki peşə təhsili və yüksək texniki peşə təhsili. Amma burada yüksək peşə təhsili ali təhsil deyil. Bu təhsil subbakalavr dərəcəsinin verilməsi ilə bitəcək. Yüksək texniki peşə təhsili dedikdə, yüksək bacarıqlara malik olma nəzərdə tutulur. Müasir dünyada bilik əsasdır. Peşə təhsilində isə bacarıqlar vacibdir. Ona görə də peşə təhsili bacarıqların formalaşdırılması üzərində təşkil edilməlidir”.

Onun sözlərinə görə, insan texniki peşə alıb, əmək bazarına çıxıbsa və bundan sonra öz karyerasını daha da yüksəltmək, daha yüksək vəzifə tutmaq istəyirsə, o, yüksək peşə təhsili ala bilər. Bu, bizim əvvəlki kolleclər səviyyəsidir.

“Amma bu təhsil humanitar deyil, sırf texniki sahəyə aid olacaq. Hesab edirik ki, peşə təhsili pilləsinin 3 səviyyəli olunması vacib addımdır” -deyə, nazirlik rəsmisi vurğulayıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Qadınların yaş həddinin 78, kişilərin isə yaş həddinin 73 olacağı gözlənilir” – NAZİR – FOTO – YENİLƏNİB (1)

Read Next

Akademik Əşrəf Hüseynovun 110 illiyinin qeyd ediləcək – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir