31 il keçir, 21-ci ərsin beşdə biri geridə qalır-QARABAĞ MÜNAQİŞƏSİ HƏLL OLUNMUR – SƏBƏB?

Aydın MİRZƏZADƏ: “Qarabağ probleminin həllinə təsir edən faktorlar çoxdur və həmin faktorların böyük bir qismi  də Azərbaycandan asılı deyil”

Çox təəssüf ki, bu il də Qarabağın problemi ilə bağlı hər hansı bir nəticə olmadı. Bu, ümummili bir problemimizdir. Bu, təkcə Azərbaycandan asılı olan bir məsələ deyil. Bu məsələnin  bir neçə əsrlik tarixi var və belə demək mümkünsə, siyasi çəkişmənin iştirakçıları, oyunçuları çoxdur.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, politoloq Aydın Mirzəzadə Qarabağ münaqişəsinin başa çatmaqda olan  2019-cu ildə, eləcə də, 21-ci əsrin beşdə birinin başa çatdığı mərhələdə də (ümumlikdə 31 il ərzində) danışıqlar yolu  ilə həllini tapmamasına münasibətini bildirərkən deyib.

Millət vəkili bildirib ki, bununla belə, Azərbaycan problemin həlli üçün hər bir addımı atır.

Onun sözlərinə görə, ötən illər ərzində dövlətimiz də möhkəmlənib, Silahlı Qüvvələrimiz də günün tələblərinə cavab verir.

aydinnn

“Problemin özü daim cəmiyyətdə bir nömrəli problemdir, yəni, artıq 30 ildən çoxdur ki, gündəlikdədir.

Sadəcə, problemin həllinə təsir edən faktorlar çoxdur. Həmin faktorların böyük bir qismi isə Azərbaycandan asılı deyil. O baxımdan problemin nə vaxt həll ediləcəyini demək çətindir.

Eyni zamanda, bu məsələdə iqtidarı tənqid edənlərin özləri də heç vaxt problemin nə vaxtı həll ediləcəyi barədə hətta proqnoz verə bilməzlər. Ancaq bu haqda bizim udduğumuz bir məsələ var ki, məsələ beynəlxalq siyasətin gündəliyindədir. Zaman-zaman Azərbaycan tarixi torpaqları bu və ya digər ölkə tərəfindən, belə demək mümkünsə, öz ərazisinə qatılıb.

Azərbaycan xalqından soruşmadan onun torpaqlarına erməni millətinin nümayəndələri köçürülüblər. Azərbaycan torpağında erməni dövləti yaradılıb və biz buna heç cür təsir edə bilməmişik.

Ancaq 1988-ci ildən bəri Ermənistan tarixində ilk dəfə olaraq əldə etmək istədiyi torpağı ala bilmir. O, artıq təkcə bizim problemimiz deyil. Ermənistan üçün də, erməni xalqı üçün də çox ciddi bir problemdir.

Heç təsadüfi deyil ki, son dövrlərdə Ermənistan cəmiyyətində hətta tanınmış simalar belə “problemi nə yolla olur-olsun həll etmək lazımdır” kimi çağırışlar səsləndirir. Yəni, bunun özü göstərir ki, Ermənistan cəmiyyətində yeni düşüncəyə ehtiyac var.

Bütün bu faktorlara baxmayaraq, Azərbaycan problemi həll etmək əzmindədir. Biz münaqişənin tez həll  olunmasını istəyirik. Biz münaqişənin ərazi bütövlüyümüzün toxunulmazlığı prinsipi çərçivəsində həll edilməsini istəyirik.

Və şübhəm yoxdur ki, məhz bu şərtlərlə də bu problem həll ediləcək…”-deyə, A. Mirzəzadə sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az 

Read Previous

Gürcüstanda müxalifətin aksiyası dağıdıldı – PARLAMENT FƏALİYYƏTİNİ BƏRPA ETDİ

Read Next

“Tofiq Yaqublu Milli Şuranın sədri vəzifəsinə irəli çəkilməyə layiqdir” – CƏMİL HƏSƏNLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir