“4 ay ərzində nələr nəzərdə tutulmuşdusa, nələr mümkün idisə, hamısı reallaşdırıldı…”-JALƏ ƏLİYEVA SAHİBƏ QAFAROVAYA MİNNƏTDARLIQ İFADƏ ETDİ – MÜSAHİBƏ

Jalə ƏLİYEVA: “Parlament əsl diskussiya, fikir mübadiləsi, müzakirə məkanına çevrildi. Hər kəsə söz demək, öz fikir və iradlarını bildirmək, təkliflərini səsləndirmək üçün şərait yaradıldı…”

Etikxeber.az-ın suallarını Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva cavablandırır:

-Jalə xanım, bu gün 6-cı cağırış MM-in növbədənkənar sessiyası başa çatdı. Bütövlükdə yaz və növbədənkənar sessiyanın yekunlarını, MM-in 4 aylıq dönəmini necə qiymətləndirirsiniz? Yeni MM bu müddətdə üzərinə düşənlərin öhdəsindən gələ bildimi?

-Bəli, MM-in daha bir sessiyasını geridə qoyduq. 4 aylıq dönəm bununla da tarixə qovuşdu. Dünyamızın koronavirus bəlası ilə çalxalandığı, ölkəmizdə də pandemiyanın yaşandığı bir dönəmdə MM öz missiyasını qəti və səmimi olaraq qeyd etməliyik ki, uğurla yerinə yetirdi…Özünü ölkədə həyata keçirilən islahatlar kursunun (pandemiyanın yaratdığı müəyyən məqamları-fasilələri nəzərə almasaq) ruhuna uyğun, ona cavab və təkan verən bir ali qanunverici orqan kimi təsdiqlədi. Bu da heç şübhəsiz ki, səbəbsiz deyil.

Çünki bu ali qanunverici orqan yeni nəfəsli, yeni ruhlu bir parlamentdir…Parlamentdə ötən çağırışlardan millət vəkili, MM üzvü olan deputatlarla yanaşı, 40-dan artıq yeni və əsasən də gənc deputatlar, yeni simalar təmsil olunurlar. Bu parlament 10 mart 2020-ci il tarixində məhz dövlət başçımızın iştirakı və geniş, proqram xarakterli nitqi, önəmli mesajları ilə öz işinə başlamış bir ali qanunverici orqandır. Yenə məhz ölkə başçısının başlatdığı siyasi islahatlar, siyasi dialoq prosesinin məntiqinə və ruhuna uyğun olaraq, rəhbərliyi, komitələri MM-də təmsilçilik əldə edən və ölkədəki əsas siyasi qüvvələrin nümayəndələrindən formalaşdırılmış bir parlamentdir. Məhz bunun nəticəsidir ki, 6-cı çağırış parlament əvvəlkilərdən yaxşı və müsbət mənada bir sıra yenilikləri ilə fərqlənir…

-Söhbət hansı yeniliklərdən gedir?

-Söhbət ondan gedir ki, 28 ildən sonra Azərbaycan parlamentarizmi tarixində yenidən xanım parlamentari, qadın siyasətiçi ali qanunverici orqanın sədri seçildi. 4-cü və 5-ci çağırış MM-dən həmkarımız olan professor Sahibə xanım Qafarova parlamentin yeni sədri seçilərək öz fəaliyyətinə başladı. Həmçinin, parlamentin vitse-spikerlərindən biri ilk dəfə olaraq, müxalifət partiyalarından birinin, 3 millət vəkili ilə MM-də təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) nümayəndsi-2000-ci ildən deputat mandatı daşıyan professor Fəzail İbrahimli seçildi. Həmçinin, ilk dəfə olaraq, parlamentin komitə sədrləri və sədr müavinləri MM-də təmsil olunan bütün qüvvələrin təmsilçilərindən ibarət olaraq formalaşdırıldı.

Bununla yanaşı, parlamentin sədri tərəfindən MM Aparatında və İşlər İdarəsində kadr və srtuktur islahatlarına start verildi, bir neçə şöbəl birləşdirildi, yeniləri yaradıldı, yeni, daha işgüzar, daha çevik şəxslər həmin şöbələrin rəhbərliklərinə təyinat aldılar…Ölkəmizdə həyata keçirilən islahatlar prosesi insanlar tərəfindən necə rəğbətlə qarşılanırdısa, parlamentdə gerçəkləşdirilən kadr və srtuktur islahatları da bir o qədər seçicilər və vətəndaşlar tərəfindən rəğbətlə qarşılandı, dəstək, təqdir qazandı. Ən əsas məqamlardan biri də odur ki, parlament əsl diskussiya, fikir mübadiləsi, müzakirə məkanına çevrildi. Hər kəsə söz demək, öz fikir və iradlarını bildirmək, təkliflərini səsləndirmək üçün şərait yaradıldı.

Cari məsələlərin müzakirəsi əksər hallarda nəzərdə tutulduğundan xeyli artıq çəkdi. Özü də hansısa iclasdan-iclasa deyil, hər bir iclasda cari məsələlərin müzakirəsi mütləq şəkildə reallaşdırıldı. Təbii, bütün bu işlərin görülməsində, deputatlara belə bir şəraitin, imkanın yaradılmasında spikerimiz Sahibə xanım Qafarovanın rolu müstəsna və birmənalıdır…Odur ki, həm özüm, həm də həmkarlarım adından həm Sahibə xanıma, həm də bütövlükdə MM-in rəhbərliyinə öz dərin minnətdarlığımı bildirir, təşəkkürlərimi çatdırıram…

-Jalə xanım, gündəlikdəki, nəzərdə tutulan qanun layihələrinin hamısı qəbul olundumu, yoxsa?

-Ötən 4 ay ərzində MM-də ölkəni və dünyanı maraqlandıran elə bir məsələ olmadı ki, toxunulmamış olsun. Hər bir məsələyə vaxtında, çevik və adekvat reaksiya göstərildi. Eyni zamanda, ölkəmizin bu ağır və çətin pandemiya şəraitində inkişafını təmin edəcək, ona təkan verəcək, insanlarımızın birbaşa həyatlarına müsbət təsir göstərəcək çox sayda qanun layihəsi, qanunvericilik aktı müzakirələrdən keçirildi və qəbul olundu. Bu layihələr dövlət başçısı tərəfindən təsdiqlənərək, hüquqi qüvvəyə mindi, icraya yönəldildi. Yəni, nələr nəzərdə tutulmuşdusa, nələr mümkün idisə, hamısı reallaşdırıldı.

Ümumilikdə 6-cı çağırış MM-in 4 aylıq fəaliyyəti barədə çox sözlər söyləmək, çox müsbət fikirlər demək olar. Bunun üçün də bütün əsaslar var. Ən böyük əsas da parlamentin xalqla, seçicilərlə bir yerdə olması, bütünləşməsi, ölkədə həyata keçirilən siyasətə uyuğun fəaliyyət sərgiləməsidir…Bu baxımdan inanıram və əminəm ki, bu gözəl baza üzərində MM bundan sonrakı dönəmlərdə, sessiyalarda da öz üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gələ biləcək, əsl MİLLƏT MƏCLİSİ kimi, ön sıralarda, dövlətinin və xalqının yanında olacaqdır!

16:19, 30 iyun

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Putin İlham Əliyevə-MİNNƏTDARLIQ BİLDİRDİ…

Read Next

Ermənipərəst konqresmenlərin növbət hədəfi Rusiyadır…-TƏHLİL

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir