4 Dairənin nəticələri ləğv olundu-HADİ RƏCƏBLİ, ÇİNGİZ QƏNİZADƏ, HÜSEYNBALA MİRƏLƏMOV VƏ RAUF ARİFOĞLUNUN QƏLƏBƏSİ TANINMADI…- YENİLƏNİB – (3)

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 35 saylı Xətai Üçüncü Seçki Dairəsində parlament seçklərinin nəticələri ləğv olunub.

Etikxeber.az-ın məlumatına görə, bu barədə MSK üzvü Ramiz İbrahimov bildirib ki, Ekspert Qrupu tərəfindən aparılan araşdırmadan sonra məlum olub ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin bütün seçki məntəqələrində qanunvericiliyin tələbləri pozulub:

“Həmin pozuntular səsvermənin keçirilməsi və səsvermənin nəticələrini müəyyən edərkən seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Burada seçicilərin iradəsini yenidən müəyyən etmək mümkün deyilsə, səslərin yenidən sayılması üçün əsas yoxdur”.

R. İbrahimov vurğulayıb ki, 33 seçki məntəqəsinin 30-da qanun pozuntuları baş verib: “Müraciətdə qeyd olunan bütün məntəqələrdə olan qanun pozuntuları araşdırma zamanı da ortaya çıxıb”.

Həmin dairədə tanınmış jurnalist və siyasətçi Rauf Arifoğu lider namizəd olaraq açıqlanmışdı.

***

İclasda 80 saylı İmişli-Beyləqan Seçki Dairəsində parlament seçklərinin nəticələri ləğv olunub.

Bu barədə MSK-nın katibi Arifə Muxtarova bildirib ki, bəzi seçki məntəqələrində seçki bülletenləri əvvəlcədən kəsilib, barmaqlar rənglənməyib, müşahidəçilərin səsvermənin hesablanması prosesində iştirakına maneələr yaradılıb: “Araşdırma zamanı məlum olub ki, 49 protokolun 29-da səsvermənin nəticələri seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Qutudan çıxan bülletenlərin sayı ilə seçicilərin sayı uyğun gəlmir. Ekspert qrupu araşdırandan sonra belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız sayılsın”.

Qeyd edək ki, bu dairə üzrə Çingiz Qənizadə lider namizəd olaraq açıqlanmışdı.

***

İclasda həmçinin, 74 saylı Lənkəran Kənd Seçki Dairəsində parlament seçklərinin nəticələri ləğv olunub.

MSK üzvü Qabil Orucov bildirib ki, araşdırma nəticəsində seçki komissiyaları tərəfindən qanun pozuntularına yol verilməsi müəyyən edilib: “Bu və ya digər şəkildə seçkinin nəticələrinə müdaxilə edilməsi ilə bağlı iddialar özünü doğruldub. Seçki protokollarının səsvermə otağı xaricinə çıxarılması halları müşahidə edilib. Bəzi seçki məntəqələrində yekun protokollarda seçicilərin iradəsinin təmin edilməməsi məlum olub. Bəzi namizədlərə aid səslərə düzəliş edilməsi halları da müəyyən edilib. Nəticələri ləğv edilməli olan seçki məntəqələrinin sayı 27-dir”.

Məsələ müzakirəyə çıxarılıb və 74 saylı Lənkəran Kənd Seçki Dairəsində nəticələrin ləğvinə qərar verilib.

Qeyd edək ki, bu dairədə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Hadi Rəcəbli lider namizəd elan olunmuşdu.

***

İclasda eyni zamanda ,33 saylı Xətai Birinci Seçki Dairəsində parlament seçklərinin nəticələri ləğv olunub.

MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırma 3 istiqamətdə aparılıb: “Araşdırma zamanı sosial şəbəkələrdə yayılan görüntülərə də xüsusi diqqət yetirmişik. Bu görüntülər şikayətçilər tərəfindən də bizə disk formasında təqdim olunub. Araşdırmalar nəticəsində məlum olub ki, 33 saylı Seçki Dairəsində qanun pozuntuları baş verib, səsvermənin gedişində qanunvericiliyin tələblərinə uyğun olmayan addımlar atılıb. Mübahisələndirilən 17 məntəqə üzrə pozuntular təsdiqini tapıb, Mərkəzi Seçki Komissiyasının protokollarına da baxılıb və əlavə 4 məntəqədə də pozuntular aşkar olunub. Ümumi 21 məntəqədə qanun pozuntuları aşkar edilib”.

Məsələ müzakirəyə çıxarılıb, 33 saylı Xətai Birinci Seçki Dairəsində seçkilərin nəticələri ləğv olunub.

Qeyd edək ki, bu dairədə YAP-ın namizədi Hüseynbala Mirələmov lider namizəd elan olunmuşdu.

***

MSK bununla yanaşı, 4 Seçki Dairəsi üzrə müraciəti prosedur qaydalarına uyğun olaraq baxılmaq üçün müvafiq dairə seçki komissiyalarına göndərib.

Bu barədə də qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.

Qərara əsasən, 14 saylı Xəzər (lider namizəd Soltan Məmmədov), 42 saylı Sumqayıt İkinci (lider namizəd Tahir Mirkişili), 72 saylı Yardımlı-Masallı (lider namizəd Musa Qasımlı) və 95 saylı Tərtər (lider namizəd Sahib Alıyev) Seçki dairələri üzrə müraciətlər proseduruna uyğun olaraq müvafiq DSK-lara göndərilib.

Etikxeber.az



Read Previous

İlham Əliyev-AVROPA İTTİFAQI RƏSMİSİ İLƏ NƏDƏN DANIŞDI? – FOTOLAR

Read Next

MSK 20-yə dairə ilə bağlı şikayətləri-DSK-LARA GÖNDƏRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir