4 mühüm hadisə – Bakı buxtasından açılan yaylım atəşləri – DEPUTAT YAZIR

1 ci hadisə:

Cəmi bir il öncə Xankəndindən Bakıya ultimatumlar göndərən və özünü yenilməz Odissey kimi aparan Lapşin Qarabağı Azərbaycana əta edərək sərhədlərimizi tərk etdi.Onun səmimi peşmançılıq məktubunu uzunmüddətli məhbəs həyatının qorxusu altında yazdığına şübhə yeri yoxdur.Lakin dünya erməniçiyilinin avantürasına uyub “Qafqazın zümrüdü” deyərək,on minlərlə insanın üz tutduğu Cıdır düzündən və Şuşa qalasından sadə bir turist kimi keçib-gedən adamlardan heç olmasa birini cəzalandırmaq qisas hissi ilə yaşayanlar üçün zəif təsəlli sayıla bilər.
Doğrudur,əsarətdə olan torpaqlara İrəvandan keçən yol hələ ki,yeganədir və son hadisəyə kimi heç kəs 20 mindən artıq adamı qətlə yetirdiyinə görə sinəsi orden-medallarla dolu olan bir şanlı ermənini tutub Azərbaycana təslim etməyib.

Qərbdən,ya Şərqdən,İrandan və Turandan gözlədiyimiz qardaş tankları o yana qalsın,heç olmasa, özümüz görk üçün bir səhra komandirini tutub Bayılda tək adamlıq kamerada ömürlük cəzaya məhkum edə bilməmişik ki,əzizləri üçün göz yaşı tökən bir millətin qəlbini sakitləşdirmək mümkün olsun.

MUQAVILE 1.jpg (45 KB)

Əvəzində “Lapşin nümunəsi” yeni siyasi dövrdə Ermənistan-Azərbaycan münaqişəsinə qatılmağa çalışan və ona hər cür mənəvi-maddi yardım göstərən qüvvələrə layiqli cavab reaksiyasına çevrildi.Bloqosfer aləmində və media məkanında az qala faşizmdə günahlandırılan Bakı yenə də xoşməram nümayiş etdirərək,onu qeyri-hümanizmdə qınayanları faş etdi.İki azərbaycanlının bir sümük-bir dərisini çıxaran Dağlıq Qarabağ “hökuməti” isə yüzlərlə aksiyaya milyonlar xərcləyərək dünyaya mədəni sifətdə olduğunu göstərməyə çalışır.Lakin qəfəsin həmişə iki üzü olur-içərisində yatan bir tərəfində,dəmir barmaqlıqlara bayırdan baxanlar isə o biri yanında. Qarabağdakı erməni azadlığı təkcə ideoloji deyil,həmçinin maddi və mənəvi köləliyin başqa bir formasıdır.Ona görə tarixin acı misalını əsrlər boyu səngərə girib “müharibə milləti” olmaq istəyən bir xalqa xatırlatmaqda fayda var: ”süngü hər şeyə yarayır,üstündə oturmaqdan başqa!”

Lapşin həbsxanadan çıxdı,bəs Kəlbəcərin dərələrində sümürgənlik duyğuları ilə gəzib dolaşaraq oranı heç vaxt özlərinə Vətən edə bilməyənlər nə zaman əfv olunacaqlar? Olunacaqlarmı?

2-ci hadisə:

Üstündən 23 il keçəndən sonra Yaxın Şərqin baş şəhərlərində benəlmiləl tankların və topların susmadığı bir şəraitdə,Xəzərin bir yanından qədim ipək yolunun-türkmən torpaqlarının,Hələbin və Deyr əz zorun nişan alınaraq vurulduğu bir zamanda Bakı müharibə keçmişini və gələcəyini məharətlə hesablayaraq,növbəti savaşda qalib gəldi.Doğrusu, elektron casusluğun dünya sirlərini hamıya açıb-tökdüyünü nəzərə alıb gözləmək olardı ki, prezident İlham Əliyevin hansı iqtisadi strategiyalar və planlar üzərində işlədiyini ağır artilleriya hücumu təşkil etməyi bacaran media nəhənglərinə sızdırsınlar və narazı dövlətlərin səsi oradan eşidilsin. Amma olmadı. Demək,proseslər əsas güc mərkəzlərini qane etmiş sayıla bilər.Hərçənd son kompramat müharibəsi üzərində ayrıca dayanmaq mümkündür. Yalnız bir versiyanı öncədən səsləndirməyə dəyər:görünür, Azərbaysan rəhbəri ilə Davosda görüşməyə can atan inqilab investoru Sorosun Qardianda son vulkanik püskürtüləri 14 sentyabrda gözlənilən sazişdən pay ala bilməməsi ilə bağlıdır.

Lakin Birinci şəxsə aid olmayan və bir neçə paytaxta eyni zamanda partaldılan informasiya mərmiləri istənilən effekti vermədi.Mediarezonans işə yaramadı və müqavilə açıq səma şəraitində böyük alqış və razılıq mesajları ilə imzalandı.

“Neftin qiyməti bizi yolumuzdan döndərmədi”

Siz rəsmi Bakının mühakiməsini tələb edən möhtəkir daxili-xarici müstəmləkəçilərin dərin kədər və məğlubiyyət hissləri altında prezident İlham Əliyevə okeanın o tayından gələn birlik mesajlarını,Tereza Meyin Odlar diyarına bu gün gələ bilmədiyindən keçirdiyi təəssüf hissini görə bildiniz, son dərəcə peşəkarlıqla hazırlanmış,Fransa,Yaponiya və dumanlı Albionun böyük iqtisadi güclərinin razılaşdığı layihənin şahidi oldunuz.

Bəli,5 il öncə transmilli şirkətlərin Baki məramı onların Qafqazlarda ən azı yarım əsr qalacağını deməyə əsas verirdi.Lakin onda hələ üzünü Qərbə çevirən Avropanın yaxın qonşuları ərəb dalğasının Kiyevdə hansı fırtınalar qoparacağından xəbərsiz idilər.Cəbhə xəttinin belə dəyişməsi və iki slavyan qardaşın düşmənə çevriləcəyi onlarla siyasi paytaxtın planında olsa da hadisələrin hansı ssenari üzrə gerçəkləşəciyini bilən yox idi.İndi isə Bakı, Qərblə Rusiyanın müharibəsinin qurbanına çevrilən Ukraynanı arxasında qoyaraq,Tbilisidə hərbi təlimlər keçən qonşularını əskərləri ilə müşaiyət edərək,çoxvektorlu bir gedişlə Moskvanı və İranı qıcıqlandırmadan özünün təhlükəsizlik qurşağını möhkətləməyə nail oldu.Ayı ilə yanaşı yatan,gərək tez-tez yolunu dəyişməsin!

Ancaq bir vaxtlar tamam başqa bir mənzərə ortadaydı. Ötən əsrin 90-cı illərində Krımın və Donbasın gələcəyindən xəbərsiz bir ölkədə Azərbaycan hərb meydanında süqutun bir addımlığında çabalayırdı.Hərbi şahmat taxtasında uduzan tərəfin neft savaşında şərtlər diqtə etməsi ağlabatan görünmürdü.Zatən Xalq Cəbhəsi hakimiyyətini təkcə tarixin təkəri yıxıb yerə sərməmişdi, həmçinin 30 iyuna təyin edilmiş missiyanı başa çatdırmağa iradə və güc də yox idi.Gülüstan sarayının ətrafında yüz min insanı toplayıb onların silahlarının altında beynəlxalq razılaşmaya getməyə və ondan sonra taxt-tacını qorumağa qadir olan hökmdarı Bakı yalnız arzulaya bilərdi.

BP,Exon-mobile,Şevron,İtoçu,Statoyl və digər nəhənglərin mənafe birliyİni təmin etməkdən ötrü gərək Moskvanın yeni demokratları ilə dil tapaydın. Azərbaycanın Akademiya məzunları demokratik hərəkatın önünə çıxınca kitab üzərində layihələndirdikləri dövlətin təməlini belə tökə bilmədilər.Bakıya əsən küləklər onları süpürüb atdı.

Tarixdə qanunuyğunluğu tanımayanlara böyük Heydər Əliyevin siyasi olimpə qayıdışı görk ola bilər.Axı o buruqları və fontan vuran dərin estakadaları bir vaxtlar ağlının gücü və dizinin təpəri ilə məhz O yaratmışdı.Bir də zirvə deyəndə o zaman paytaxt küçələrində və bütün ölkədə tüğyan edən xaosun müqabilində BİRİNCİ ADAMA çevrilmək bütün maraqlı tərəflərin atəşinin hədəfində olmaqdan başqa bir şey deyildi.

Lakin Əliyev Qarabağ savaşının mayasına qatılmış neft müharibəsini udmadan böyük erməni dünyası üzərinə getməyin qeyri-mümkünlüyünü hamıdan yaxşı dərk edirdi.Ona görə də 1994-cü ilin yanvarında ilk hərbi uğurdaca Bill Klinton-Con Meycorla razılaşmanın formulunu tapdı və alkaş Yeltsini oyundan kənarda qoydu.

Bəli,Bakıya telefonla hədə dolu gələn zənglər real təxribat və qəsdlərlə müşaiyət olunurdu. Əvvəlcə,Yeltsinin əyyaş naziri Pavel Qraçov tankların Şuşadan çıxıb 7-8 saata Bakıya girəcəyi ilə Əliyevi qorxutmağa çalışmışdı.Sonra Rusiyani qara qəpiyə Qərbə satmağa hazır olan Andrey Kozırev Xəzərə xarici kompaniyaları buraxmayacaqlarını vəd etmişdi.Lakin yeni rus siyasi elitası Şeverdnadzeni zirehli maşınından düşürüb qanına bulasa da Bakıda iki dövlət adamını qətlə yetirməkdən o yana keçə bilmədi.Hərçənd onda hakimiyyət təkcə bir sərkərdənin əlində də deyildi və qiyamçı polkovnik Baş nazirin timsalında bölünmüş dövlət piroqundan danışmaq daha doğru olardı.Ancaq böyük Əliyev Azərbaycanın yeni müstəqillik müqaviləsini imzalamağı bacardı!

MUQAVILE 4.jpg (115 KB)

Ona görə də “Yeni əsrin” müqaviləsi 14 sentyabr 2017-ci ildə imzalanarkən Azərbaycan böyük neft müharibəsində qalibiyyəti təmin edən Heydər Əliyevi minnətdarlıqla anmaqda bir tarixi ədalət və vəfa borcu var.Çünki yanacaq və sürtkü yağları uğrunda gedən mübarizəni qazanmadan müvazinətini düzəltmək mümkün deyil.

Neft Bakıya son 23 ildə müharibənin yaralarını sağaltmağa kömək etdi.Yarımzirzəmi şəraitində yaşayan və çadırlar məmləkətinə çevrilmiş ölkə Əfqanıstanın taleyindən qurtuldu.

İndi 2018-ci ilə qurulan ssenarilər və Amerikadan Rusiyaya qədər uzanan düyünlü məftillərdə yeni namizədin adını axtaranlar İlham Əliyevin fiziki deyil,məhz siyasi varisliyinin gətirdiyi əminamanlığı, konsolidasiyanı və qarşıdurmalardan yan keçmək kursunu təkrar bətnlərində yaşayırlar.Son aylarda hakimiyyəti özünümüdafiəyə çəkilməyə,mənəvi gücünü xarici kampaniyalara həsr etməyə və vətəndaş itaətsizliyinə səsləyən çağırışlar bu gündən Qərbin satqınlığını dair iddialarla əvəzlənib.

Bakının neft müqaviləsi hakimiyyət planlarının sövdəsi olmasa da,dövlətin gələcəyini və siyasətini müəyyənləşdirən məhək daşıdır.Ən azı 2050-ci ilə qədər!

3-cü hadisə:

Moskva ağır sanksiya rejimindən sarsılmayıb uğurla Suriyanın xəritədəki yerini qorumağa və bununla da özünün beynəlxalq ambisiyalarını ortaya qoymağa çalışır. 2015-ci ilə qədər Aralıq dənizinə yan alan Fransa gəmiləri və Atlantik qüvvələri indi yalnız kürd kartı ilə dövriyyədə qalınca Putinin aviasiyası Əsədin hakimiyyətindən daha çox Kremlin dünya çəkisini müəyyənləşdirən əməliyyatların raportunu verir. Bizə bunun ziyanı varmı?Qətiyyən.5 ildir davam edən humanitar fəlakətin durdurulması Qafqaza terror axınlarını da dayandırmaqla yanaşı,regional sülhə və təhlükəsizliyə vurulan zərbələri də azalda bilər.Belə olan şəraitdə,Bakıda neft razılaşmasının əleyhinə çevriləcəyi və güclü təbliğat hücumuna çıxacağı ehtimal edilən Moskva siyasi elitası “Rusiya-Bakı oxu” ətrafında birləşərək,tarixi müzakirələr aparırlar.İlham Əliyevin strateji gücü bundadır.Son iki yüz ilin nəticələrini düzgün təhlil edərək şimalla düzgün əməkdaşlıq formatı tapmaq,rus dünyasının böyük məkanından yararlanmaq və erməni amilinin zaman-zaman yaratdığı spamları durdurmağı bacarmaqdır.Təsəvvür edin ki,düz 23 il öncəki kimi Kremlin ideoloqları bütün intellektual güclərini bu gün Bakıya qarşı yönəltsəydilər,nə olardı?Axı bir neçə taxtada şahmat partiyası aparmaq üçün mütləq qrossmeyestr olmalısan.

muqavile 3.jpg (43 KB)

Avropanın neft texnologiyasına çıxışı bağlanan bir ölkə ilə müqayisədə,İranın uzun illərin sanksiyalarından hələ özünə gəlib yeni Amerika administrasiyasını ram edə bilmədiyi bir şəraitdə Bakı Qərblə-Şərqin hələ ki,yeganə körpüsü olaraq qalır.Bu gün Prezident hotelində toplanaraq Rusiyaya Bakının baxışlarını çatdırmaq düz yüz il əvvəl müstəqillik sevdası ilə yola çıxmış azadlıq mücahidlərimizdən daha ağıllı və strateji düşünmək bacarığı deməkdir.Əmir Teymurun təbirincə desək,igidlik təhlükəli situasiyada dözmək qabiliyyətidir.Vaxtilə dörd tərəfdən mühasirə olunmuş Azərbaycan bu gün beynəlxalq münasibətlərin ən aktiv oyunçusudur!

4-cü hadisə:

Xəbər lentlərində Ərdoğanın Qərblə savaşın sonunda Rusiyadan aldığı S-400 raketlərininin regional geopolitikaya təsiri sürəkli bir şəkildə müzakirə olunur. Əcəba, NATOdakı çatlar dərinləşəcəkmi?Türkiyə böyük Kürdüstan qarşısında yeni müharibəyəmi hazırlaşır? Uzaqmənzilli raketlər almaqla Ankara hansı ərazilərə hücum edəcəkdir?Axı deyildiyi kimi,Altlantik müdafiə sistemi ilə 780 min kvadrat kilometrlik bir ərazini qorumaq mümkün idi.AK partiya regional hegemon olmaq istədiyi Avrasiya qitəsində tarixi düşməni olan bir dövləti necə dostuna çevirəcək?Çətin suallardır. Gerçəkdən iki imperiya varisi-Rusiya və Türkiyə heç zaman sona qədər davasız keçinə bilməyiblər.Lakin indi tarix başqa şərtləri diqtə edir.Əks halda Əsədi taxtdan salmaq istəyən Ərdoğan Putindən onun gücünü və deməli,ambisiyalarını artıran silahları ala bilməzdi.Belə bir zamanda Azərbaycan və Türkiyənin birgə təlimlər keçirəcəkləri haqda məlumat xəbər məkanında heç bir əks qığılcım və partlayışlar doğurmur.Sentyabrın 18-dən bşlayaraq,türk və azərbaycanlı şahinlər Miq 29 və F-16lar daxil çoxlu hava qüvvələri ilə səmada hünər göstərəcək,artıq hərbi müttəfiqlik halına gəlmiş münasibətləri nümayiş etdirəcəklər.

Image result for Russia Turkey S-400

Erməni tərəfi isə böyük qəzəb hissi ilə S-400 lərin arxasınca baxdığı kimi rus silahları ilə silahlanaraq türk generalları ilə birgə meydanlara çıxan Azərbaycanla heç cür diplomatik-siyasi rəqabətdə davam gətirə bilmir.Müdafiə nazirini İsrailin-böyük hərbi-siyasi gücə malik olan bir ölkənin təlim meydanına göndərmiş Azərbaycanla müqayisədə sentyabrın son on günündə Ermənistanın dövlətçilik həyatında hansısa ələmətdar hadisəni deyə bilərsizmi?

Baki buxtası yüz illərdi ki,tarixin təkərini irəliyə fırlayır.Neft ağılla birləşəndə qanın və qadanın simvolu olmaqdan çıxır,sülhə və müstəqil Azərbaycanın güclənməsinə xidmət edir!

Zahid Oruc,

Milli Məclisin deputatı

Etikxeber.az

Read Previous

Əliyev Trampın və xanımının adından təşkil olunmuş qəbulda iştirak etdi

Read Next

“59 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub ki…” – ELDAR İBRAHİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir