44 gün… + 4 saat: müharibədən mədəniyyətə keçidin təsbiti

İrəvanda baş vermiş qanlı 1 mart hadisələrinin 13-cü ildönümündə cəhənnəmə gedən hər erməni özünə yoldaş axtarır.

Uğursuz və məğlub dövlətdə iqtidar-müxalifət, Qərbyönümlü – Rusiyayönümlü qarşıdurması öz nəhsliyini qorumaqdadır. Qorusun da zatən, qorusun…

İnformasiya portallarında yayılan məlumatlarda açıqca görünür ki məğlubiyyət Ermənistanı növbəti məğlubiyyətlərin də eşiyinə gətirib çıxarıb.

Bu sətirlər yazılarkən oxudum ki bizim Xocavənddə faşist tör-töküntüsü Nijdeyə qoyulmuş abidənin üstü örtülüb, tamamən götürülməsi barədə danışıqlar gedir.

Bunlar öz yerində. Tam da bugünlərdə – keçmiş işğalçı ölkənin paytaxtında ara qarışıb, məzhən itdiyi bir vaxtda Azərbaycan Prezidenti geniş mətbuat konfransı keçirdi: 26 fevral 2021-ci il, Bakı şəhəri! Mətbuat konfransını qürurla izlədim, sonra videoyazısı ilə yenidən tanış oldum. Əsasən Xocalı soyqırımı, Ermənistanın Azərbaycana hərbi-siyasi təcavüzü mövzulu konfransda, 44 günlük müharibə, müharibəsonrası dövr, sövq-təbii mərkəzi mövqedə idi.

Mətbuat konfransında iştirak edən jurnalistlərdən birinin sözü ilə desək, 4 dildə, 4 saatdan artıq sürən mətbuat konfransı keçirmiş ilk dövlət başçısı olaraq tarixi rekorda imza atan cənab İlham Əliyev, jurnalistlərin verdiyi sualların mövzu rəngarəngliyinə, jurnalistlərin media quruluşu, ölkə mənsubiyyəti və s. baxımdan da özünəməxsus fərqliliklər daşıyırdı.

Bizimçün o zalda neçə jurnalistin iştirak etməsi, onların hansı ölkələri təmsil etməsi əlbəttə maraqlıdır, lakin bundan daha maraqlı olanı o jurnalistlərin hansı suallara cavab aramaları və ondan da maraqlısı aldıqları cavablar idi.

Ölkə başçısının tənqidçi xarici medianın suallarına qarşı kamil cavabları özəlliklə Vətən Müharibəsi günlərində verdiyi müsahibələrdə öz ifadəsini dəqiq tapmışdı; bununla belə, müharibə 44-cü günündə bitsə də, o gün bu gün bitib-tükənməyən suallar, cavab arayışları, kimlərdəsə şübhələr, kimlərdəsə hirs-hikkə, daha başqalarında qəzəb, barışmazlıq və bütün bunlarla yanaşı qələbəmizin sirrinə vaqif olma istəkləri vardı.

Məşhur deyimi yada salsaq, faktdan başqa fakt yoxdur və o fakt da Azərbaycan Respublikasının Müzəffər Silahlı Qüvvələrinin öz Ali Baş Komandanının rəhbərliyi ilə əldə etdiyi parlaq qələbədir. Qalibləri mühakimə etmirlər deyimini də bu yerdə yada salmaq olar, lakin buna bəlkə də o qədər ehtiyac yoxdur – çünki mühakiməlik bir iş görməmişik zatən. Biz, necə deyərlər, təmiz qələbə qazanmışıq! Silahlı Qüvvələrimiz müharibədə qızıl ləyaqət göstərib.

Bu mükəmməl hərb mədəniyyəti Ermənistan kimi aşağılıq, insanlıq düşməni bir uğursuz dövlətə, onun başıpozuq, iki stulda eyni vaxtda oturmağa həvəsli siyasi-hərbi rəhbərliyinə münasibətdə tətbiq edilməsi ilə xüsusi məna, mahiyyət daşımaqdadır.
Məhz bu təmiz qələbədən sonra yaranmış yaxud yaradılmış suallar yığınına 4 saatda boyu cavab verən Prezident məhz qızıl ləyaqətli Ordunun Ali Baş Komandanıdır! Mənim Prezidentin mətbuat konfransından çıxardığım ilk nəticə bir cümlə ilə – “Biz müharibə etməyi də, sülh təsis etməyi də bacarırıq” şəklində ifadə oluna bilər. Prezidentin möhtəşəm mətbuat konfransı müharibədən mədəniyyətə, azadlıqdan abadlığa keçidin bir daha təsbiti, necə deyərlər, siyasi təsdiqi oldu.

Müharibə hərb sənəti olmaq etibarı ilə özü də bir mədəniyyət hadisəsidir – biz hərb teatrında, hərbi-siyasi, diplomatiya səhnəsində öz usta məharətimizi göstərdik, bununla belə sülh mədəniyyətində nəyə qadir olduğumuzun da unudulmaması, gözardı edilməməsi gərəkdir.  Deyilməsi mümkünsə, Qarabağda sırf mədəniyyət, incəsənət planında yeni müstəvi qazanılıb.

Elanolunmamış müharibənin, 30 illik erməni işğalının acı nəticələrinin aradan qaldırılması – tarixi-mədəni abidələrin bərpası, mədəni həyatın canlanması, top-tüfəng səslərinin instrumental ansamblın, sazın, tar-kamanın səsi ilə əvəzlənməsi imkanı yaranıb. İşğal mədəniyyətsizliyi, azadlıq mədəniyyəti ilə əvəzlənib. Ağlı olan ermənilərin özü üçün də mədəniyyət xilas aktı ola bilər. Şair demiş, “güllələr açılmasın, güllər açılsın”!..

Təsadüfi deyil ki, uzaqgörən dövlət başçısı müharibədən sonrakı ilk ilimizi məhz Nizami İli elan etdi.  Dövlət başçısı Şuşaya Mədəniyyət Paytaxtı statusu verərək, Vaqif Poeziya Günlərinin, Xarıbülbül festivalının bərpasına göstəriş verdi. Buyurun, 30 ilə yaxın sülh yolu dedik, beynəlxalq hüquq dedik, çağırış etdik – sonucu nə oldu? – 1 qarış torpağımız belə bizə sülh yolu, danışıq yolu ilə qaytarılmadı; eləki Müzəffər Ordumuz Dəmir Yumruq əməliyyatına başladı, hamının yadına sülh düşdü, hamının yadına atəşkəs düşdü…

Azərbaycan Prezidenti müharibə başlama­mışdan az qala saatlar öncə (24 sentyab 2020) BMT Baş Assam­bleyasının 75-ci sessiyasının ümumi debatlarında videofor­matda çıxış edərkən Ermənistanın təmas xəttinə əlavə qüvvələr topladığını, yeni işğal planlarına malik olduğunu duyuraraq, beynəlxalq birliyi xəbərdar etmiş, bunun Ermənistana baha başa gələcəyini bildirmişdi.

Azərbaycan Prezidentinin Xocalı soyqırımının 29-cu ildönümündəki mətbuat konfransında verdiyi ismarıncları da qulaqardına vurmaq lazım deyil. Bu, Ermənistana və onun məğlubiyyətini həzm edə bilməyən, vurnuxan havadarlarına son xəbərdarlıq dərəcəsindədir. – “Dəmir Yumruq yerindədir”!

Qürurla izlədiyimiz mətbuat konfransında digər bir müharibə – “Covid19”a qarşı alınan tədbirlər də müxtəlif rakurslardan suallara tökülmüşdü və müvafiq şəkildə cavablandırıldı.Bir-biri ilə münaqişə yaşayan dövlətlərdən, necə deyərlər, eyni məsafədə durmaq, münaqişə tərəfləri ilə məhz Azərbaycanın dövlət maraqlarına, beynəlxalq hüquq normalarına uyğun davranmaq respublikamızın ədalətli seçimidir. –

Bu da mətbuat konfransında işıqlandırılan mövzulardandı.Heç şübhəsiz, tarixi zəfərimizi, bu zəfəri qazanan Silahlı Qüvvələrin və Ali Baş Komandanın, dövlət-xalq birliyinin mahiyyət dərinliyini, üfüq genişliyini öz içimizdə də düzgün qiymətləndirə bilməyənlər, eləcə də, səmimi şəkildə rahatsız olanlarımız vardır.

Elə bilirəm, Prezidentin mətbuat konfransından sonra o rahatsızlıqlar önəmli dərəcədə cavab bulmuşdur.

Dövlətimizə, dövlət başçımıza, xalqımızın ideallarına, xalqımızın dövlətcanlı, gənclərimizin vətəncanlı olmasına qətiyyən şübhə etməyiniz, vətəndaşlar!

Uzun sözün qısası, 4 saatlıq konfrans diplomatlar, politoloqlar tərəfindən video-dərs şəklində öyrənilməli bir hadisə dəyərindədir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Etikxeber.az

Read Previous

“Azərbaycan dövləti öz siyasətinin strateji prioritetlərinə sadiqdir…”-ZƏFƏR BAYRAMOV YAZDI

Read Next

İlham Əliyevlə Mehriban Əliyeva bir sıra-AÇILIŞLARDA – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir