“44 günlük müharibə göstərdi ki, nə biz o bizik, nə dövr o dövrdür! Üstəlik, onu da unutmayaq ki, biz tək deyilik”-BƏHRUZ MƏHƏRRƏMOVDAN KƏLBƏCƏR VƏ 25 NOYABR AÇIQLAMASI

Məlum olduğu kimi, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları arasında imzalanmış Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 15-dək, Ağdam rayonu noyabrın 20-dək və Laçın rayonu dekabrın 1-dək təhvil verilməli idi. Noyabrın 15-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev yollardakı sıxlığı, ərazinin relyefini, habelə hava şərtlərinin nəzərə alınaraq Rusiya Prezidentinin xahişi ilə Kəlbəcərin təhvil verilməsi prosesinin noyabrın 25-nə keçirildiyini açıqladı. Əlbəttə, prosesin 10 gün sonraya keçirilməsi bu günü iplə çəkən vətəndaşlarımız, xüsusən Kəlbəcər həsrəti ilə yaşayanlarımız üçün xoş xəbər olmadı, əslində vəziyyətdən elə hamımız narahatıq. Lakin 27 il dözmüşük, soyuqqanlığımızı qoruyub 10 gün də səbr edək.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Qeyd edib ki, nəticə etibarı ilə razılaşmaya əsasən, dekabrın 1-dək bütün torpaqlar boşaldılır.

“Əgər Ali Baş Komandan Rusiya tərəfdən daxil olmuş bu xahişə müsbət yanaşıbsa, bizə də cənab Prezidentə güvənmək düşər. Hər halda müzəffər komandan olaraq yüzlərlə şəhid hesabına qazanılmış qələbəmizə kölgə düşməməsində hamımızdan çox məhz cənab Prezident maraqlıdır. Bu baxımdan birliyimizi pozmayaq, möhkəm olaq, dövlətimizə güvənək. Unutmayaq ki, erməni qoşunlarının sağ qalmış tör-töküntülərinin bütövlükdə Azərbaycandan rədd olmasına cəmi 15 gün qalıb. Bir daha deyirəm, hər bir narahatlıq başadüşüləndir, yaxşı anlayırıq ki, razılaşmanın tərəfləri kimlərdir, lakin, özünüzü ruhdan salmayın, inamınızı qırmayın, 44 günlük müharibə göstərdi ki, nə biz o bizik, nə dövr o dövrdür! Üstəlik, onu da unutmayaq ki, biz tək deyilik!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Bu gün ilk dəfə “APA xəbər verir ki…” cümləsini yazmışıq…”-VÜSALƏ MAHİRQIZI

Read Next

İşğaldan azad olunmuş ərazilərdə FHN-in növbəti yerli strukturları fəaliyyətə-BAŞLADI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir