“44 günün davamı…Yeni Səhifə, yeni Mərhələ, yeni Tarix, yeni Zəfər, yeni Uğur…”-ELDƏNİZ SƏLİMOV YAZDI

“Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir. Əminəm ki, Xəzər ölkələrimiz arasında təbii sərhəd olduğuna baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək…”

İlham ƏLİYEV

44 günlük tarixi və möhtəşəm Zəfərin davamı gəlir…

Bütün sahələrdə, bütün istiqamətlərdə Zəfər üstünə Zəfər, Uğur üzərinə Uğur əlavə olunur…

Cəmi iki gün öncə daha bir Uğur, daha bir Zəfər yaşanıb, yaşandı…

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalandı.

Bəli, ölkəmiz, müstəqil və hürr, bütöv Azərbaycanımız regiona yeni nəfəs gətirən layihələrin həyata keçirilməsi və böyük iqtisadi perspektiv vəd edən yataqların işlənməsində dərin təcrübəyə malikdir.

Təsadüfi deyil ki, Azərbaycanı hələ müstəqillikdən əvvəl – Sovet dönəmində neft sənayesinə görə daha çox tanıyırdılar.

Bu məsələdə, neft sənayesinin tərəqqisində heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin danılmaz xidmətləri olub. Tarixə qısa ekskursiya etsək görərik ki, Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illər Xəzər dənizində yeni yataqlarının kəşf olunması, ölkəmizin neft emalı, neft-kimya sənayesinin inkişafı istiqamətində tarixi addımlar atılmışdır.

Bu istiqamətdə qardaş və dost Türkmənistanla yenidən Memorandumun imzalanması isə bir necə səbəbdən mühüm əhəmiyyətə malikdir. Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş bu razılaşmaya əsasən bundan sonra “Dostluq” yatağında karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və mənimsənilməsi birgə həyata keçiriləcək.

Maraqlı məqamlardan biri isə yatağa “Dostluq” adının verilməsidir. Onun bu cür adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsi sayıla bilər.

Onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etmişdi. Məhz belə yeniliklərdən olan bu Memorandumun imzalanması artıq reallaşdı. Bu yatağın birgə işlənməsi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir.

O da bəllidir ki, yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Təbii ki, bu da neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq. Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verir.

Bir maraqlı və diqqətçəkən məqamı da qeyd edək ki, bu il Türkmənistanın təşəbbüsü ilə Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı keçiriləcək. Məhz belə bir mühüm beynəlxalq tədbir ərəfəsində bu Memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi kimi səciyyələndirilir. 

Ümumiyyətlə, son illərdə ölkələrimiz arasında münasibətlər çox müsbət dinamikaya malikdir. Ali səviyyədə qarşılıqlı səfərlərimizin xronologiyasına nəzər salmaq kifayətdir. Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb.

Müqayisə üçün deyək ki, qarşılıqlı münasibətlərimizin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb, onların yarısı son 3 ildə imzalanıb. Ən sevindirici hal ondan ibarətdir ki, bütün bu sənədlər, o cümlədən enerji sahəsində əməkdaşlığa dair əldə etdiyimiz razılaşmalar yerinə yetirilir.

İki gün öncəki imzalanma mərasimi də Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq.

Bəli, yeni Səhifə, yeni Mərhələ, yeni Tarix, yeni Zəfər, yeni Uğur…

Davamı gəlsin, can Azərbaycanım, Uğur, Zəfər sənindir və sənin olacaq!

Müzəffər Ali Baş Komandanın tarixi Şuşa səfərində də dediyi kimi, milli birliyi, daxil həmrəyliyi olan ölkələr Qələbə, Zəfər qazanırlar…

İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar...

Bəli, Azərbaycanın timsalında bunu hər kəs görüb, gördü, görməkdədir və görəcək!

Biz Qələbə qazanmışıq, Ermənistan, digər düşmənlər məğlub olub, bizlər, dostlar, müttəfiqlər qazanıb…Qazanmışıq, qazanırıq, qazanacağıq!

Biz, eyni zamanda, haqlıyıq. Bizim davamız haqq davasıdır. Haqq-ədalət zəfər çaldı, güc hesabına, iradə hesabına, siyasət hesabına, birlik hesabına!

Eşq olsun, Azərbaycan xalqına! Yaşasın, Azərbaycan!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Baydenin prezidentliyi dövründə…”-SABİQ DEPUTAT YAZIR

Read Next

“İkiqat pul təminatı alacaq hərbi qulluqçuların sayı müəyyənləşdirilərək qanunvericiliyə uyğun olaraq müvafiq maliyyələşmə ilə təmin olunacaq”-MALİYYƏ NAZİRLİYİNDƏN AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir