4800 şəhid ailəsinə niyə “yox” cavabı verilib? – DEPUTATLARDAN SƏRT TƏPKİ – YENİLƏNİB

Deputatlardan şəhid ailələri ilə bağlı “Azərsığorta”ya kəskin etiraz

Deputat Fazil Mustafa Milli Məclisin (MM) oktyabrın 16-da keçirilən plenar iclasında bir qrup şəhid ailəsinin  birdəfəlik ödəməni ala bilməməsi ilə bağlı problem qaldırıb.

Etikxeber.az xəbər verir ki, deputat qeyd edib ki, ölkə prezidenti mütərəqqi addım ataraq şəhid ailələrinə 11 min manat birdəfəlik müavinət verilməsi məsələsini təmin etdi:

fazil-mustafa-2

“Bu, çox vacib addım  idi. Ancaq çox sayda adam var ki, onlar bu hüquqdan yararlana bilmir. Onlara deyir ki, vaxtilə 50 min manat olan pulu onlar alıblar. Onlar isə bunu almadığını deyir. Vətəndaşın öhdəsinə buraxırlar ki, alıb almamaq məsələsini özlərini sübut etsinlər. Baş düşmürəm ki, onlar niyə özləri sübut etməlidir? Nazirlik deyir ki, “Azərsığorta”dan sizin adınıza siyahıya salınmayıb. Qurumlar öz işini görə bilmir və şəhid ailələri Milli Məclisin deputatlarının üzərinə gəlirlər. Mən onları bu gün qəbul etdim. Məmurlar öz işini yerinə yetirə bilmir. Deyirlər ki, 5 ildir bir arxivi yandırırıq. Ona görə elektron formada sənədləşməni həyata keçirmək vacib addımdır”.

zahid_oruc_esas

Millət vəkili Zahid Oruc da həmkarının fikirlərini dəstəkləyib: “4800-dən artıq şəhid ailəsinə “yox” cavabı verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazairliyi də bundan narahatdır. Cənab prezident seçkilərdən sonra şəhid ailələri ilə bağlı ilahi, müqəddəs bir sərəncam verdi. Bununla göstərdi ki, şəhid və şəhid ailəsi onun üçün, dövlət üçün nə qədər müqəddəsdir. Yəni, onlar bu dövlətin məhək daşıdır. İndi onlara qarşı belə bir münasibət başadüşülən. Axı,  məqamı gələndə şəhid ailəsi bir daha ayağa qalxıb dövlət, torpaq üçün vuruşacaq. Ona görə sığorta təşkilatı tərəfindən yaradılan bu problem aradan qaldırılmalıdır. Onların bunu etməyə haqları yoxdur. Hesab edirəm ki, millət vəkillərindən, sığorta qurumun və adıçəkilən nazirliyin nümayəndələrindən ibarət bir komissiya formalaşdırılsın və məsələ, problem aradan qaldırılsın”.

GANİRA-MM

Şəhid ailələrinin hər birimiz üçün müqəddəs, baş taçı olduğunu deyən millət vəkili Qənirə Paşayeva öz növbəsində bu problemin ciddi şəkildə ortaya çıxdığını bildirib: “Bunun bir yolu tapılmalıdır. Çünki şəhid ailələri arasında ayrı-seçkilik yaradılmamalıdır. Biri yararlana bilir, biri yararlana bilmir, bu, düzgün deyil. Eyni zamanda, çox təəssüflər olsun ki, insanları nədənsə parlamentə tərəf döndərirlər. Axı, parlament bununla bağlı öz qərarını verib, mövqeyini bildirib. Bu məsələdə parlamenti günahkar kimi göstərmək də heç çür düzgün deyil. Odur ki, aidiyyəti qurum  bu məsələni tezliklə həll etməli, narazılıqlara son qoymalıdır. Həmçinin, parlament olaraq, bu məsələnin aradan qaldırılmasına kömək etməliyik”.

Millət vəkili Siyavuş Novruzov həmklarlarından fərqli olaraq, məsələnin maddiyyat tərəfinin qabardılması və şişirdilməsinin əleyhinə olduğunu bildirib: “Beş manat az oldu, beş manat çox oldu, bundan uzaq qaçmaq lazımdır.  Şəhid dövlətin şəhidir. O, bu dövlət, bu xalq üçün şəhid olub. Ona görə məsələnin mənəvi tərəfini bir kənara qoyub, madiyyat tərəfini şişirtmək düzgün deyil”.

 

Millət vəkili Çingiz Qənizadə də MM qarşısındakı mənzərənin xoş bir mənzərə olmadığını bildirib:“Axı, cənab prezident o cür addım atıb, niyə onu urvatsız edirlər? Bu insanları  niyə küçələrə salırlar? Şəhid ailələri axı, belə münasibətə layiq deyil? Niyə onları Milli Məclisə göndərirlər?Hesab edirəm ki, aidiyyəti qurumlar öz üzərlərinə düşən işin, məsuliyyətin öhdəsindən gəlməlidirlər. Şəhid ailələrini incitmək, küçələrə salmaq olmaz. Bu, başucalığı gətirən hal deyil”.

Müzakirələrə münasibət bildirən spiker Oqtay Əsədov komissiya  yaradılmasını təklif edib.

O, bu işi MM-in İnsan hüquqları komitəsinə həvalə edib: “İnsan hüquqları komitəsi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və “Azərsığorta” nın nümayəndələrini həmin komissiyaya cəlb etsin və məsələ araşdırılsın”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Audit Komitəsinin üzvləri də 4 il deyil, 3 il müddətinə təyin olunacaq – DƏYİŞİKLİK

Read Next

Qanuna təklif olunan hansı dəyişiklik geri qaytarıldı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir