“5 nüfuzlu dövlət başçısının razılığa və bir araya gəlməsi…” – ZİYAD SƏMƏDZADƏ

Ziyad Səmədzadə: Xəzər sülh, təhlükəsizlik dənizi olacaq

Etikxeber.az akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin müsahibəsini təqdim edir:

-Ziyad müəllim, bildiyiniz kimi, dünən tarixi hadisə baş verdi, Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalandı. İllərdir ki, bu məsələdə heç cür razılığa gəlmək mümkün olmurdu, bəzi dövlətlər əsaslı-əsassız iddialar irəli sürürüdü, ancaq, sonda nəhayət, razılğa gəlmək mümkün oldu və məlum Konvensiya ortaya qoyuldu. Bu hadisəni və onun gələcək perspektivlərini necə dəyərləndirisiniz?

-Doğrudan da, bu, çox böyük tarixi siyasi və iqtisadi hadisədir.

5 nüfuzlu dövlət başçısının bu məsələdə razılığa və bir araya gəlməsi, Konvensiyanı imzalaması nəinki Xəzəryanı dövlətlərin, bütövlükdə regionun və dünyanın xeyrinə, onun təhlükəsizliyinə və əmin-amanlığına doğru atılan nəcib bir addım, töhfədir. Çünki bu gün dünyada çox ciddi hadisələr, siyasi, iqtisadi, hərbi, diplomatik qarşıdurmalar, kataklizmlər yaşanır. Bir problem başa çatmamış, digər və daha ciddi, təhlükəli problem, proses yaşanır. Bəzən olub-bitənləri belə ərtaflı düşünməyə, anlamağa, təhlil etməyə imkan, fürsət olmur. Odur ki, dünyanın belə bir qarşıq dönəmində beş nüfuzlu dövlətin və onların liderlərinin belə bir addım atması, dünyaya xoşməramlı mesaj verməsi çox önəmli və çox təqdirəlayiqdir. Bildiyiniz kimi, sənədin imzalanmasından sonra da dövlət başçıları bəyanatlarla çıxış etdirdilər və bir daha region, dünya üçün önəmli mesajlar səsləndirdilər. Azərbaycan prezidenti cənab İlham Əliyev də bəyanatında sənədin önəminə diqqət çəkərək vurğuladı ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir. O, bəyan etdi ki, Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Onun qeyd etdiyinə görə, Konvensiya imzalanana qədər də qurulan ikitərəfli və çoxtərəfli münasibətlər Xəzərin təhlükəsizlik, sabitlik dənizinə çevrilməsinə nail olunmasına gətirib çıxarıb və Xəzərdə sabitliyin, təhlükəsizliyin qarantı olub.

xazar-ilya

“Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır”-deyərək, o, fikirlərini tamamladı.

Həmçinin, İran Prezidenti Həsən Ruhani, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov , Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasının əhəmiyyətinə toxunaraq onun ölkələr arasında gələcək əməkdaşlığa daha mühüm töhfələr verəcəyini bildirdilər.

Yəni, bunlar onu deməyə imkan verir ki, bu Konvensiya 5 Xəzəryanı dövlətin təhlükəsizliyinə, sabitliyinə, inkişafına, birgə əməkdaşlığına töhfə olmaqla yanaşı, dünyanın qarşılıqlı şəkildə bir-birini anlamasına, dünyanın təhlükəsizliyinə də töhfə olacaq. Maraqlı bir məqam kimi, onu da nəzərə çatdırım ki, Xəzər Konvensiyanın imzalanması avqustun 12-ə təsadüf edən Beynəlxalq Xəzər Günü ilə üst-üstə düşüb. Bunu özü də elə bilirəm ki, xoş bir təsadüfdür və anlamlıdır.

xazar-ilya-4

-Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan məlum Knvensiyanın hazırlanmasının bütün mərhələlərində konstruktiv rol oynayıb və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Odur ki, bir iqtisadçı, Xəzərlə bağlı məsələlərdə iştirakı olmuş bir şəxs kimi, Azərbaycanın bu prosesdə rolunu necə qiymətləndirərdiniz?

-Azərbaycan bu prosesdə daim müsbət və konstruktiv rol oynayıb.

Hər zaman Xəzərin sülh, təhlükəsizlik, əməkdaşlıq, tərəfdaşlıq dənizinə çevrilməsi üçün əməli addımlar atıb, prosesə öz töhfəsini verməyə çalışıb. İstər dövlət başçısı mərhum Heydər Əliyevin dönəmində, istərsə də onun siyasətinin layiqli davaçmısı cənab İlham Əliyevin son 15 illik hakimiyyəti dövründə Xəzəryanı dövlətlərlə ən üst, ən yüksək səviyyələrdə münasibətlərin qurulması, əməkdaşlığa, tərəfdaşlığa üçün gərəkən bütün addımlar atılıb. Eyni zamanda, bu prosesin, bu fəaliyyətin tərkib hissəsi olaraq, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün nələr lazımdırsa edilib, yəni, Azərbaycan heç zaman bu məsələdə qeyri-konstruktivlik nümayiş etdirməyib, hansısa dövlətin maraqlarına toxuna biləcək addımlara, davranışlara yol verməyib, daim səmimi mövqe sərgiləyib.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşündə də ölkəmizin bu məsələdə neçə böyük pola malik olduğunu söylədi və “bugünkü görüş və nəhayət, bu Konvensiyanın imzalanması çox mühüm hadisədir. Xatırlayıram ki, Heydər Əliyev bunun üzərində çox güclü işləyib. Mən düşünürəm ki, indi o, bizim nəhayət, bu Konvensiyanı imzalamağımıza, bu çox mühüm məsələni həll etdiyimizə görə çox şad olardı”-deyə, bəyan etdi. Bunlar yuxarıda deyilənlərin bir daha əyani sübutu və təsdiqidir.

Bu yerdə 29 iyul 1998-ci il tarixində Heydər Əliyevlə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələlərində Azərbaycanla məsləhtləşmələrdə Rusiya xarici işlər nazirinin birinci müavini Boris Pastuxovun başçılıq etdiyi nümayəndə heyəti arasında gedən müzakirəni xarırlatmaq istərdim. Çünki bu, çox tarixi bir görüş, müzakirə idi. Heydər Əliyev görüş zamanı qeyd etdi ki, hər belə görüşün Rusiya–Azərbaycan münasibətlərində öz yeri və əhəmiyyəti var və bu cür hər bir hadisə bizə ikitərəfli münasibətləri və digər problemləri müzakirə etməyə və irəliləməyə imkan verir.

xazar-ilya-2

“Zənnimcə, razılaşarsınız ki, ümumi məqsədimiz – həm Rusiya rəhbərliyinin, həm də Azərbaycan rəhbərliyinin ümumi məqsədi münasibətlərimizin möhkəmlənməsinə və inkişaf etməsinə, əməkdaşlığımızın genişlənməsinə ardıcıl surətdə nail olmaqdır. Biz bunu öz tərəfimizdən edirik. Bu, Rusiya Federasiyası tərəfindən də edilir və sizin buraya gəlməyiniz buna sübutdur”- deyən mərhum dövlət başçısı həmçinin qeyd etdi ki, biz keçmişdə çox vaxt itirmişik, lakin bununla yanaşı, sevinmək olar ki, biz artıq indi doğru yoldayıq və Rusiya bu baxımdan təşəbbüsü özündə saxlayır. “Bu, bizdə rəğbət oyadır. Məsələn, şəxsən mən bunu dəstəkləyirəm, çünki qısa müddətdə böyük iş görülmüşdür”-deyə, sözlərinə əlavə etdi.

Boris Pastuxov da öz növbəsinə qeyd etdi ki, Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanı bütün Xəzəryanı dövlətlərin imzalaması mərhələsinə çıxmaqdan ötrü ümumi razılığa gəlməyi arzulayırlar. O, belə güman etdiyini bildirdi ki, bu böyük, bütün Xəzəryanı dövlətlər üçün prinsipial əhəmiyyətə malik məsələdə ümumi razılığa nə qədər tez gəlsək, bundan hamımız qazanarıq. Çünki bundan Xəzərin sahillərində yaşayan və çalışan adamlar da, bu bölgədəki bütün dövlətlər də qazanarlar. Rusiya rəsmisi həmçinin xatırlatdı ki, Xəzər dənizinin dibinin bölünməsinə münasibət məsələsində Heydər Əliyevin mövqeyi ilə tanış olduqdan sonra Qazaxıstanla mürəkkəb danışıqlar aparıblar və nəticədə iyulun 6-da Moskvada imzalanmış sazişə nail olublar. Sazişdə isə təbiətdən istifadənin mənafeyi naminə Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsinə aiddir. Pastuxov sonra “Biz indiki danışıqlarımızda da vurğuladıq ki, bu saziş yalnız o halda qüvvəyə minəcək ki, o, Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyada təsbit edilməli olan ümumi razılaşmaları tam dolğunluğu ilə nəzərə alsın. Amma mən hesab edirəm və qazaxlarla danışıqlarımız da bizi inandırdı ki, mart ayında Siz diqqətimizi belə bir məsələyə yönəldəndə çox haqlı idiniz ki, ilk addımları atmaq lazımdır. Qoy bu addımlar əvvəlcə bəlkə də çox iri olmayacaq, lakin ölçülüb-biçilmiş olmalıdır. Axı irəliyə hərəkət olmadan heç nə mümkün deyil”-deyə, diqqətə çatdırdı.

xazar-ilya-3

heydarrrrr-111

Daha sonra, o, Heydər Əliyevə İran höküməti ilə aparılan danışıqlar barədə məruzə verdi. O, Rusiya İran danışıqlarının nəticələri ilə bağlı dedi:

“Biz İran tərəfini inandırdıq ki, proqnozlaşdırılan ehtiyatları bölmək qeyri mümkündür və bu yol bir yana aparıb çıxarmır. Bu yol münaqişələrə, bu yol vəziyyətin daha da mürəkkəbləşməsinə doğru gedir. Biz deyirdik ki, dənizin dibinin səthini bölmək gərəkdir. Söhbət onun ədalətlə bölünməsinin zəruriliyindən getdikdə, nəzərə çarpdırdıq ki, biz prinsipcə həmişə ədalət tərəfdarıyıq. Siz isə istədikləriniz – bölünsün, hər bir Xəzəryanı dövlətə bərabər hissə, 20 faiz düşsün – barədə öz təkliflərinizi verin: İndi təklif edirsiniz ki, Xəzərin mərkəzində sahildən eyni uzaqlıqda olan nöqtə tapılsın, orada xəyalən paya qoyulsun və bu payadan hər bir dövlətin sərhədlərinə doğru xətt çəkilsin və deyilsin ki, bax, bu, sizin sektorunuzdur.Mən dedim ki, belə olan halda siz hamıdan çox qazanırsınız, lakin biz də hamıdan çox uduzuruq. Axı indi 14 faiz sizə, 16 faiz bizə, 18 faiz Azərbaycana, – mən faizin onda bir hissəsini atıram, – 22 faiz türkmənlərə, 29 faiz isə qazaxlara düşür. Gəlin razılığa gələk. Lakin mən sizə bəri başdan deyə bilərəm ki, mən Azərbaycan tərəfinin yerinə olsam, sizə heç nə ayırmaram, çünki orada kəşfiyyat işləri aparmışam, artıq orada iş görürəm, orada mənim borularım var. Elə bilirsiniz ki, bunları mən sizə hədiyyə verəcəyəm? prinsipləri axtarıb tapın. Heydər Əliyeviç, bir sözlə, indi biz elə bir vəziyyətdəyik ki, Xəzəryanı beş dövlətin hamısı dənizin dibi məsələsində razılığa gəlmişdir. Əgər suyun qalınlığı məsələsində də irəliləsək, onda biz hamını qane edən razılaşmalara kifayət qədər tez bir zamanda nail ola bilərik. Cürət edib deyə bilərəm ki, ümumiyyətlə, indi daha da irəliləməyin açarı Sizdədir…”.

Buna cavabında isə Heydər Əliyev bildirdi ki, bu məsələdə irəliləyirik və bunun özü müsbət haldır.

“Mən bu fikirdəyəm ki, biz irəliləməliyik və bu məsələnin tamamilə həll edilməsinə nail olmalıyıq. Bunu indi də edə bilərik, bir müddətdən sonra da, bunun əhəmiyyəti yoxdur. Başlıcası budur ki, düzgün xətt götürmüşük, düzgün istiqamətdə gedirik. Hesab edirəm ki, siz xarici işlər naziri və Baş nazir ilə görüşərkən qarşılıqlı anlaşmaya nail olmadığınız məsələlər barəsində indi biz daha konkret surətdə fikir mübadiləsi apara bilərik”-deyə, Heydər Əliyev müzakirələrə nöqtəsini qoydu. Yəni, indi çox sevindirici və əlamətdar haldır ki,ölkəmizin də yaxından iştirakı və töhfəsi ilə bu proses, yəni, 1992-ci ildən Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri öz məntiqi yekununa yaxınlaşıb, fərqli yanaşmalar bir kənara qoyulub və nəticədə məlum Konvensiya imzalanıb.Xatırladım ki, Azərbaycan tərəfi uzun illər ərzində Xəzərin beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgüsünü və “qazan-qazan” prinsipini təklif etsə də, müəyyən süni maneələr, əngəllər yekun statusla bağalı razılaşma əldə edilməsinə verməyib. Sənəd üzərində iş 1996-cı ildən aparılıb. 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalanıb və tərəflər, Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıb.

XAZARRRRR

Həmçinin, 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə toplantısı ölkələrimiz arasında sıx əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm töhfəsini verib. Həmin Zirvə toplantısında regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Orada ilk dəfə konseptual olaraq suverenlik və balıqçılıq zonaları yüksək səviyyədə razılaşdırılıb. Sammitdə, həmçinin Xəzəryanı dövlətlərin Xəzər dənizində əməkdaşlığının əsas prinsipləri müəyyənləşdirilib. Bu prinsiplər isə dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsini ehtiva edir. Qeyd edilməlidir ki, həmin prinsiplər imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”da da öz əksini tapıb.

Ümumiyyətlə, Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb. Eyni zamanda, 2018-ci ilin il martın sonunda İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu bugünkü konvensiyanın razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıyan sənəd olub.

nazarrr

Odur ki, bu Konvensiyanın imzalanmasında digər Xəzəryanı dövlətlərin, onların rəhbərlərinin yüksək rolunu qeyd etməklə bərabər, eyni zamanda, bu prosesin bu cür məntiqi sonucla yekunlaşmasında Azərbaycanın, o cümlədən, ölkə Ptrezidenti cənab İlham Əliyevin böyük rolunu, qətiyyətini, iradəsini də vurğulamaq gərəkdir. Bəlkə də Azərbaycan bu prosesdə fəal və aktiv, eyni zamanda, səmimi və konstruktiv rol almasaydı, bu proses hələ bundan sonra da uzun illər davam edər,uzanar, yekun nəticə əldə olunmazdı. Məhz Azərbaycanın və ölkə prezidentinin bu prosesə töhfəsi məlum Konvensiyanın imzalanmasına gətirib çıxardı. Azərbaycan bununla bir daha dünyaya nümayişl etdirdi ki, o bütün səmimi, konstruktiv əməkdaşlıq, tərəfdaşlıq əlaqələrinə, münasibətlərinə açıqdır, şəffafdır, onunla zor, təhdid, dilində danışmaq işə yaramır və yaramayacaq. Çünki artıq Azərbaycan 90-cı illərinin əvvəllərinin zəif, gücsüz Azərbaycanı deyil, Azərbaycan dünyada sözü və nüfuzu olan güclü, çəkili bir dövlətdir.

1488451229_ziyad-s-str-7-8

800px-Ziyad_Səmədzadə

-Rusiya prezidenti Vladimir Putin öz bəyanatında bildirdi ki, yaxın gələcəkdə Xəzər İqtisadi Forumu yaranacaq…

-Bu, hələlik bir ideyadır və onun baş tutub-tutmayacağı gələcək proseslərdən asılı olacaq.

Ancaq hesab edirəm ki, bu, xoşməramlı bir ideyadır və burada da qorxulu, təhlükəli, Xəzəryanı dövlətlərin iqtisadi, siyasi təhlükəsizliyinə toxunacaq bir məqam yoxdur. Bəzən hansısa bir ideya səsləndirilərkən, düşünüb-düşünmədən bəziləri çox səbatsız şəkildə onu başqa yerə yozmağa cəhd edirlər ki, bu da nəticə etibarı ilə proseslərə mənfi təsir göstərir. Yadınıza gəlirsə, MDB ilə bağlı məsələdə də əsassız hay-küylər, ajiotajlar yaradılmşıdı, guya ki, bu qurum başqa çətir, ad altında keçmiş SSRİ-nin bərpasıdır və sairə…Amma ötən 27 il bunun heç də belə olmadığını göstərdi. Kimlərinsə hansısa niyyətləri, məqsədləri ola bilər, bu, istisna deyil, amma əsas nəticədir. Nəticə də ondan ibarətdir ki, digər MDB ölkələri kimi, Azərbaycan da ötən 27 il ərzində müstəqil dövlətçilik və müstəqil inkişaf yolundadır, dünyanın hətta, lider dövlətləri sırasında öncül mövqelərdədir. Odur ki, hər hansı bir ideyaya, hər hansı bir məsələyə, əməkdaşlıq təklifinə tələm-tələsik, qeyri-prqamatik münasibət bildirmək olmaz. Hər şeyi zamana və axarına buraxmaq lazımdır.

Ancaq vacib olan odur ki, regionumuzda, bütövlükdə dünyamızda təhlükəsizlik, sabitlik olmalıdır və hər bir dövlət də bu prosesə əməli töhfə verməlidir. Azərbaycan da müstəqil dövlət kimi hər zaman dünyanın təhlükəsizliyinə və sabitliyinə əməli addımları töhfələrini verib və verməkdədir. Bu siyasət bundan sonra da davam etdiriləcək, heç bir qüvvə Azərbaycanı bu yoldan döndərə bilməyəcək. Bu, mümkünsüzdür.

Etikxeber.az

Read Previous

DTX “əməliyyat” keçirən “reket jurnalistləri” saxladı

Read Next

Vüsalə Mahirqızından Eynulla Fətullayevə CAVAB…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir