526 yeni yoluxma-DAHA 8 ÖLÜM…-OPERATİV QƏRARGAHDA NÖVBƏTİ MƏTBUAT KONFRANSI – TƏBİB RƏSMİSİ “BİRİNCİ SİLAH”DAN DANIŞDI – YENİDƏN 190 MANAT MƏSƏLƏSİNƏ TOXUNULDU – SƏHİYYƏ NAZİRİNDƏN XƏBƏR VAR – YENİLƏNİB – (6)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 526 yeni yoluxma faktı qeydə alınıb, 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 22 990 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 14 093 nəfər müalicə olunaraq sağalıb, 292 nəfər vəfat edib, 8 605 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

17:12

***

“Yoluxanlarla sağalanların sayı bu gün demək olar ki, bərabərləşib. Bu, yaxşı bir haldır”.

 Bunu isə Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

TƏBİB-in şöbə müdiri deyib ki, insanlar maska və digər tələblərə daha çox riayət edirlər: “Əgər biz hamımız əlbir olmasaq, bir yerdə xəstəliyə qarşı mübarizə aparmasaq, bu bəlaya qalib gələ bilmərik”. Onun sözlərinə görə, təəssüf olsun ki, həkimlər arasında da yoluxmalar və ölümlər var. Şöbə müdiri deyib ki, xaricdən həkimlər Azərbaycana dəstək üçün gəlib: “Xaricdən gələn həkimlərlə bağlı dəstəyə görə “Gilan Holdinq”, “Paşa Holdinq” və Beynəlxalq Banka minnətdarıq”.

17:16

***

“Epidemiyalarla mübarizədə birinci silah karantin olub”-deyən şöbə müdiri qeyd edib ki, bu gün rayonlara getməklə bağlı suallara daha çox rast gəlinir: “Bu xəstəliyin inkubasiya dövrü 14 gündür. Hər hansı şəxs özünü sağlam hiss edib, rayona gedə, insanları yoluxdura bilər”. Y. Qarayeva qeyd edib ki, xarici ölkələrdən son günlərdə Azərbaycana çoxlu sayda həkim qrupu gəlir: “Həmin həkimlərlə təcrübə mübadiləsi aparırıq. Bu xəstəlik yenidir, formalaşmış protokol yoxdur. Hansı bölgədə hansı müalicə protokolu yaxşı təsir göstərib, təcrübə mübadiləsi aparılır”.

17:18

***

“Koronavirusa dair rəqəmlərdə müəyyən stabillik özünü göstərir, ancaq bu, bizi tam şəkildə qane edə bilməz”.

Bunu da mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, insanlar, xüsusən azyaşlı uşaqları olan insanlar üçün karantin rejimində qalmağın çətinlikləri var: “Dövlətin işinə dəstək verən insanlara bir daha öz təşəkkürümüzü bildiririk”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, tibbi personal, hüquq-mühafizə orqanları və dövlət orqanları gərgin iş rejimində çalışırlar: “Məqsəd vətəndaşların sağlamlıq və təhlükəsizliyinin qorunmasıdır”.

 H. Hacıyev nəzərə çatdırıb ki, dünyada artıq 12 milyondan çox insan yoluxub: “Hazırda əsas yoluxma Latın Amerikası regionunda qeydə alınır. Yaxın Şərqdə də yoluxma artır”.

17:21

***

Sonra “Bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının (BA) koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək”-deyən H. Hacıyev bildirib ki, bu, qlobal həmrəyliyə, koronavirusla mübarizəyə öz töhfəsini verəcək.

O, eyni zamanda, bildirib ki, digər ölkələr də hazırda Azərbaycanın təcrübəsinə müraciət edir. H. Hacıyev deyib ki, bir sıra ölkələr yumşalmaya gedəndən sonra artım oldu: “Həmin ölkələr Azərbaycanın təcrübəsinə uyğun olaraq, yenidən qapanmaya gedir”. PA rəsmisi həmçinin, deyib ki, xaricdən, Türkiyə və Rusiyadan gələn həkimlər Azərbaycan həkimlərinin həyata keçirdiyi tədbirləri yüksək dəyərləndirirlər. H. Hacıyev deyib ki, bu çətin məqamda təcrübə mübaliləsi vacibdir: “Azərbaycanda artım var və belə bir vaxtda təcrübə mübadiləsi vacibdir. Azərbaycanda yoluxma az olanda bizim də həkimlərimiz başqa ölkələrə köməyə gedə bilərlər. Həkimlərimiz arasında yoluxma və ölüm halları olan halda belə dəstək vacibdir”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Kubadan da Azərbaycana həkimlər gələcək: “Kubanın dünyada böyük təcrübəsi var. Xüsusən Kubanın Ebola virusuna qarşı böyük təcrübəsi var. Kuba və Azərbaycan arasında dostluq münasibəti mövcuddur və imzalanmış sazişə uyğun olaraq Kubadan həkimlər gələcək”.

17:28

***

PA rəsmisi sonra ölkə vətəndaşlarını maksimum xarici səfərlərdən çəkinməyə çağırıb.

 H. Hacıyev deyib ki, epidemioloji vəziyyətdən asılı olaraq sərhədlər hər an bağlana bilər: “Ona görə də vətəndaşlarımız tibbi ehtiyaclar yoxdursa, maksimum xarici səfərlərdən çəkinsinlər”. Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Əfqanıstanda Azərbaycan sülhməramlıları arasında 1 yoluxma qeydə alınıb və Azərbaycana gətirilib:

“Digər sülhməramlılar arasında yoluxma yoxdur”.

17:36

***

“190 manat birdəfəlik ödəmə ilə bağlı məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ətraflı cavab verib”.

Bunu da öz növbəsində PA rəsmisi bildirib.

H. Hacıyev deyib ki, ödəmələrdə gecikmələr olarsa, nazirlik yaxın vaxtlarda buna da ətraflı cavab verəcək.

Daha sonra “Xüsusilə də xaricdəki tələbələrlə bağlı valideynlər müraciət edirlər”-deyən H. Hacıyev bildirib ki, xaricə reyslərdə məqsəd xaricdəki vətəndaşlarımızın Azərbaycana gəlməsidir: “Tibbi ehtiyaclarla bağlı Azərbaycan vətəndaşları xaricə gedə bilərlər. Biznes ehtiyacları ilə bağlı da xaricə gedənlər ola bilər. Amma biz hər zaman vətəndaşlarımıza xaricə getməməyi tövsiyə edirik”.

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva isə deyib ki, müalicəyə ehtiyacı olanların, iş fəaliyyəti ilə əlaqədar getməsi vacib olanların  bölgələrə gediş-gəlişinə icazə verilir.

17:56

***

“Azərbaycanda koronavirusa qarşı mübarizədə bütün dövlət strukturlarının fəaliyyəti qarşılıqlı əlaqə şəraitində həyata keçirilir”-deyən PA rəsmisi TƏBİB və Səhiyyə Nazirliyi arasında əmək bölgüsünə də toxunub.

H. Hacıyev deyib ki, Azərbaycanda səhiyyə sistemində islahatların aparılması nəzərdə tutulurdu: “Koronavirus müharibəsi səbəbindən TƏBİB və Səhiyyə Nazirliyi arasında təhsil-təslim, səlahiyyətlərin bölgüsü tam başa çatmayıb. Ona görə də hər iki qurumun birgə fəaliyyəti təşkil olunur. Məqsəd koronavirusa qarşı mübarizənin effektiv aparılmasıdır”.

“Səhiyyə naziri Oqtay Şirəliyevin səhhətində hər hansı problem yoxdur, iş başındadır və koronavirusla mübarizədə aktiv iştirak edir”. 

Bunu isə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov bildirib.

Səhiyyə Nazirliyinin aparat rəhbəri deyib ki, nazirliyin əməkdaşları ictimaiyyət qarşısına çıxır və sualları cavablandırır.

Etikxeber.az

Read Previous

Deputat daha bir videoqəbul-KEÇİRDİ

Read Next

“İstəsəniz sizə metro kartımı göstərə bilərəm…”-HİKMƏT HACIYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir