6 ay 6 gün sonra yenidən Tərtərimdə-QƏHRƏMAN, QALİB TƏRTƏRDƏ GÖRDÜKLƏRİM, YAŞADIQLARIM VƏ… – KAMİL HƏMZƏOĞLU – FOTOLAR

Tərtərim, Qəhrəman Tərtərlilərim…

32 illik qanlı Qarabağ münaqişəsinin, Birinci və İkinci Qarabağ Savaşının canlı şahidi, iştirakçısı…

Xüsusilə, 2016-cı ilin Aprel döyüşlərinin və 44 günlük İkinci Qarabağ Savaşının, İkinci Vətən Müharibəsinin ağırlığını çiyinlərində daşıyan-Azərbaycanımızın iki Qəhrəman rayonundan biri…

İkinci Vətən Müharibəsində düşmən qarşısında canlı sipərə, qalxana dönən, sözün əsl mənasında ətdən çəpər çəkən-Azərbaycanın “ikinci Stalinqradı” Tərtərim…

Hər gün minlərlə top, raket, artilleriya mərmilərinə, atəşlərinə məruz qalan, amma geri çəkilməyən, düşmən qarşısında mərdi-mərdanə dayanan, Səhidlər verən, Yaralılarının sayı-hesabı bilinməyən, evləri-eşikləri, iş yerləri, küçələri dağıdılan, vəhşiliyə, barbarlıq və vandallıqlara məruz qalan rayonumuz…

Əyilməyən, sınmayan, yenilməyən Tərtərimiz, Tərtərlilərim

Tərtər və Tərtərlilərim(iz) haqqında nə qədər yazılsa, nə qədər deyilsə, yenə də azdır…

Saatlar, günlər, həftələr bəs etməz Tərtərin və Tərtərlilərin İgidliyini, Qəhrəmanlığını, Mübarizliyini vəsf etməyə…

***

Tərtərdə də sonuncu dəfə ötən ilin avqustun 15-də olmuşdum…

Xeyli, doyunca gəzib-dolaşmışdım…üzü Ağdərəmizəcən…

Və havasından, yelindən…hiss etmişdim ki, Müharibə-İkinci Vətən Savaşı qaçılmazdır və uzaqda deyil…

Və bu dəfə Qələbə də, Zəfər də bizim, bizimlə olacaq…

Hətta hiss etdiklərimi, duyduqlarımı, ola biləcəkləri də sosial şəbəkə hesabımda sözlərə, kəlmələrə çevirmişdim…

Və…cəmi bir ay 12 gün sonra, yəni, sentyabrın 27-də, səhər erkən saatlarında da İkinci Vətən Müharibəsi başlamış və cəmi 44 gün çəkmişdi, cəmi 44 gün çəkdi…

Hiss etdiklərim, duyduqlarım, ola biləcəklər də oldu…

Ali Baş Komandanın-ölkə Prezidenti cənab İlham Əliyevin Müzəffər Ordusu, İgid, Qəhrəman Azərbaycan Əsgəri, bir andaca müsəlləh Əsgər olan Azərbaycan Xalqı murdar və alçaq ermənilər, faşist və terrorist Ermənistan, onun qanlı havadarları üzərində tarixi, möhtəşəm Qələbə qazandı, Zəfər çaldı…

Cəmi 44 günə 32 illik qanlı münaqişəyə son qoyuldu…

Azərbaycan Qarabağına qovuşdu, aranlı-dağlı Qarabağlı oldu…

Bu möhtəşəm Qələbədə, Zəfərdə də Tərtər və Tərtərlilərimin yeri, rolu əvəzsiz, müstəsnadır…

Çünki qeyd etdiyim kimi, İkinci Qarabağ Savaşının bütün mənəvi və maddi ağırlığını, yükünü, zərbəsini çiyinlərində şərəflə daşıyan iki bölgəmizdən biri Goranboy və biri də Tərtər oldu…

Tərtər və Tərtərlilər bu sınaqdan da alnı açıq, üz ağ çıxdı…

***

Dünən, 21 fevral 2021-ci il tarixində yenidən Tərtərimdə oldum…

6 ay 6 gün öncə olduğum Tərtərimdə gəzib-dolaşdığım yerlərdə bir daha oldum…Müharibəni hələ də canında, ruhunda yaşayan, yaşadan bölgələrdə, rayonun özündə, Şıxarxda, Seyidimlidə, Çaylıda – ta ki, Suqovuşan və Talışacan – bir çox yerlərdə oldum…

Hələ də binalarda, iş yerlərində, yaşayış mənzillərində, bir çox obyektlərdə …müharibənin qanlı izləri qalmaqdadır…

Xüsusilə də, demək olar ki, 44 günün hər saniyəsində atəş altında olan və 27 sentyabrıcan müasir, abad Şıxarx qəsəbəsində…

Gözlərimə inana bilmirdim gördüklərimdən…

Elə bir bina,elə bir mənzil, elə bir obyekt, elə bir müəssisə…yox idi, yoxdur ki, dağıntıya, top, raket mərmilərinə, atəşlərinə məruz qalmamış olsun…

Baxdıqca, dəhşətə gəlirdim…

Bu vəhşiliyi də ancaq və ancaq insanlıq adına utanc olan naxələf ermənilər və onun Şimallı-Cənublu, Qərbli-Şərqli havadarları edə bilərdi…

Amma və lakin…

Qeyd etdiyim kimi, artıq müharibədə də geridə qalıb, möhtəşəm Qələbəmizlə başa çatıb, artıq həyat da əvvəlki, normal axarına-məcrasına dönüb-dönməkdədir…

Tərtərlilər də, elə rayona pənah gətirmiş məcburi köçkünlər də artıq Qələbəni yaşayır, həyata əvvəlkindən də dördəlli sarılırlar, sarılıblar…

Çalışırlar, vuruşurlar, yaralarını sarırlar və yenə də hər an-hər şeyə hazırdırlar…

Bəli, bu mənzərə, insanlardakı ovqat, gələcəyə daha ümidli, daha nikbin baxışlar məni çox sevindirdi və Tərtərimdən geriyə-rayonumuza, Qəhrəman Goranboyumdan, Qəhrəman Qızılhacılımdan da Bakımıza elə bu-gözəl hisslərlə döndüm…

Allah cəmi Şəhidlərimizə rəhmət etsin, cəmi Yaralılarımıza, Qazilərimizə kömək olsun!

Allah bu möhtəşəm Qələbə və Zəfəri bizə çox görməsin, onu daha əbədi, dönməz, əbədiyaşar etsin!

Qarabağ bizimdir, Qarabağ bizim olub, Qarabağ bizim də olacaq, Qarabağ bizdədir, Qarabağ bizdə də olacaq!

Onun sahibi də, yiyəsi də bizik, dağlı-aranlı Qarabağ, Qarabağlı Azərbaycan, Azərbaycanlılar, Azərbaycan türkləri!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

21-22 fevral 2021-ci il,

Goranboy-Tərtər-Goranboy-Bakı

Etikxeber.az

Read Previous

Mehriban Əliyevanın Birinci vitse-prezidentliyindən 4 il ötdü-BƏHRUZ MƏHƏRRƏMOV YAZDI

Read Next

Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçılarının Ankarada görüşü keçiriləcək-RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir