6-cı çağırış MM-in ilk sessiyası-4 aylıq fəaliyyəti nələrlə yadda qaldı – DEPUTATLAR ÖTƏN DÖNƏMİ NECƏ QİYMƏTLƏNDİRDİLƏR?

Eldəniz SƏLİMOV: “Dünyada və onun bir parçası olan ölkəmizdə yaşanan çətin, üzücü pandemiya dövrünə baxmayaraq, yeni formalaşdırılan parlament, yeni tərkibli və yeni ruhlu 6-cı çağırış Milli Məclis ötən 4 əy ərzində kifayət qədər səmərəli, effektiv və məhsuldar işləyə bildi”

Bu gün yeni tərkibli 6-cı çağırış Milli Məclis (MM) ilk sessiyasını-yaz və növbədənkənar sessiyalarını başa vurdu.

Qeyd edək ki, bu ilin fevral ayının 9-da ölkədə növbədənkənar (6-cı çağırış) parlament seçkiləri keçirildi və cəmi 4 dairənin nəticələri ləğv edilməklə, 121 Seçki Dairəsindən qalib namizədlərin mandatları müvafiq olaraq, Mərkəzi Seçki Komissiyası (MSK) və Konstitusiya Məhkəməsi (KM) tərəfindən təsdiqləndi.

Mart ayının 10-da isə ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə 6-cı çağırış MM-in ilk-açılış iclası keçirildi.

İlk iclasda parlamentin yeni rəhbərliyi və komitə sədrləri seçilmişdi.

Əgər indiyə kimi (2000-ci ildən), parlamentin rəhbərliyindəki 4 şəxsdən 3-ü hakim Yeni Azərbaycan Partiyasının (YAP), 1-i isə müstəqillərin (bitərəflərin) təmsilçisi olmuşdusa, bu dəfə yalnız spiker və birinci vitse-spiker MM-də çoxluğu təmsil edən hakim partiyanın nümayənsəsi olaraq, bu vəzifələrə seçildilər.

Eyni zamanda, vitse-spikerlərdən biri (1990-95-ci illərdən sonra ilk dəfə olaraq) parlamentdə təmsil olunan partiyalardan birinin-3 mandata sahib olan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təmsilçisi, biri isə müstəqillərinin nümayəndəsi olaraq seçildi.

Belə ki, 4-cü və 5-cı çağırış MM-in üzvü, professor, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, “Avronest” Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri, YAP üzvü Sahibə Qafarova parlamenrin spikeri, yenə də hakim partiyanın təmsilçisi, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli birinci vitse-spiker, 2000-ci ildən parlamentin üzvü olan, professor, VHP-çi deputat Fəzail İbrahimli və 2005-ci ildən deputat olan Adil Əliyev vitse-spiker seçildi.

Onu da qeyd edək ki, S. Qafarova Azərbaycanda son 30 ildə qanunverici orqana rəhbərlik edən ikinci xanım siyasətçi və parlamentaridir.

Bununla belə, ilk dəfə olaraq, parlamentin komitə sədrləri sədr müavinləri YAP üzvləri, müstəqillər ilə yanaşı, parlamentdə təmsilçilik əldə etmiş digər partiyaların nümayəndələrindən formalaşdırıldı.

Artıq 6-cı çağırış MM-in 4 aylıq fəaliyyəti geridə qaldı, tarixə döndü.

Bəs görəsən, yeni və öncəki çağırışlardan parlamentdə təmsil olunan millət vəkilləri 6-cı çağırış MM-in ilk sessiyadakı fəaliyyətini necə qiymətləndirirlər?

Etikxeber.az bir neçə millət vəkilinin fikirlərini təqdim edir:

MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov:

-6-cı çağırış MM-in fəaliyyətini çox normal, müsbət qiymətləndirirəm. Baxmyaraq ki, koronavirus pandemiyası ilə bağlı mürəkkəb bir şəraitdə işləyirik, ancaq Milli Məclisin rəhbərliyi sağ olsun, həmişə çalışır ki, işləmək üçün hər cür şərait yaradılsın. Otaqlar həmişə dezinfeksiya olunur. Bildiyiniz kimi, Milli Məclisin iclas otaqları, iclas zalları qapalı bir məkandır. Burada yoluxma ehtimalı çox ola bilər. Amma bunun qarşısını almaq üçün, demək olar ki, hər iclasdan əvvəl dezinfeksiya olunur. Sonra Milli Məclisin deputatları olaraq, üç dəfə testdən keçmişik. Bunun özü də asan başa gələn məsələ deyil. Yəni, Milli Məclisin rəhbərliyinin çalışması, səyləri nəticəsində bütün bu məsələlər təşkil olunur ki, deputatlar özlərini rahat hiss eləsinlər və qanunvericilik prosesi ilə məşğul olsunlar. Mən həmçinin, hesab edirəm ki, nəzərdə tutduğumuz qanun layihələrinin hamısını qəbul edə bildik. Bir sözlə, 6-cı çağırış MM-in fəaliyyətindən, ilk sessiyanın yekunlarından razıyam.

Millət vəkili Naqif Həmzəyev:

– 6-cı çağırış Milli Məclisin fəaliyyətinə,ilk sessiyanın yekunlarına nəzər salsaq biz onu görərik ki, ilk növbədə möhtərəm cənab Prezidentimizin açılış iclasındakı nitqi, orada proqramı xarakterli mesajları deputatların fəaliyyətində kəskin dönüşün yaranmağına səbəb oldu. Ümumilikdə biz xalqla, vətəndaşlarla sıx işləyən millət vəkillərinin çoxluq təşkil etdiyi bu dönəmi müşahidə etdik. Həmçinin, pandemiya dövründə digər təşkilatlardan, dövlət qurumlarından fərqli olaraq, MM-in, millət vəkillərinin fəaliyyəti qətiyyən dayanmadı, hətta, qanunvericilik səviyyəsində addımlar atıldı ki, deputatların ofisi fəaliyyət göstərə bilsin və seçicilərin yanında olsun. Xüsusilə, pandemiyanın ilk dönəmində özünüz də müşahidə etdiyiniz kimi, millət vəkilləri seçicilərin yanında oldular, humanitar yardımlar göstərdilər, imkansız vətəndaşlara, şəhid ailələrinə və xüsusi statuslu insanlara dəstək oldular. Bununla yanaşı, sosial şəbəkələrdən də özünüz izləyirsiniz ki, millət vəkilləri hər ay öz fəaliyyətləri ilə bağlı hesabatlar verirlər.

Mediada daha çox onların fəaliyyəti görsənir və ümumilikdə belə düşünürəm ki, həm qəbul olunmuş qanunların çoxluğu, həm Milli Məclisin hər həftə toplaşması, həm çoxlu sayda qanunlarla bağlı müxtəlif fikirlərin səslənməsi, xüsusilə, seçicilərin istəyinin Milli Məclisdə səsləndirilməsi çox müsbət qarşılandı. Ən vacib məsələlərdən biri isə ondan ibarətdir ki, gündəlik müzakirələrin Milli Məclisdə təşkil olunması həm media tərəfindən, həm bizim seçicilərimiz tərəfindən, həmçinin, deputatlarımız tərəfindən çox müsbət qarşılanır ki, artıq bu dönəm, ötən 4 ay müddətində deputatları daha çox danışan, daha çox fəallıq göstərən gördük. Bu baxımdan, düşünürəm ki, payız sessiyasında bu hal daha da artacaq, Milli Məclisin deputatları xalqın, seçicilərin səsini bu kürsüdən daha geniş şəkildə çatdıra biləcək və nəticədə hökumətlə Milli Məclis arasındakı əməkdaşlıq da daha yüksək səviyyəyə qalxa biləcək.

Millət vəkili Elşad Mirbəşiroğlu:

– Təəssüflə qeyd etmək istəyirəm ki, 6-cı çağırış Milli Məclis fəaliyyətinə kifayət qədər gərgin bir dönəmdə başladı. Bildiyiniz kimi, Milli Məclisin fəaliyyətə başlaması ilə bir dövrdə qlobal miqyasda pandemiya elan olundu. Amma buna baxmayaraq, mən belə hesab edirəm ki, 6-cı çağırış Milli Məclis öz işinə kifayət qədər uğurla başladı. Həm qanunyaradıcılığı baxımından, həm də dünyada cərəyan edən proseslərə reaksiya nümayiş etdirilməsi baxımından Milli Məclis kifayət qədər çeviklik göstərə bildi. Həmçinin, nəzərə almaq lazımdır ki, Milli Məclis pandemiya dövrünün tələblərinə uyğun da davranmalı oldu. Belə ki, insanların müəyyənləşdirilmiş qaydalara əməl etmələri üçün çağırışlar, maarifləndirmə işlərinin aparılması istiqamətində də Milli Məclis öz üzərinə kifayət qədər iş, məsuliyyət götürmüş oldu və həyata keçirilən bu işlərin ciddi praktiki əhəmiyyəti oldu.

Ümumiyyətlə, Milli Məclisin üzvləri tərəfindən vətəndaşlara çağırışların edilməsi, dövlət tərəfindən müəyyənləşdirilmiş davranış qaydalarına əməl etmələri ilə bağlı onlarla maarifləndirmə, təbliğat işlərinin aparılması bütövlükdə cəmiyyət üzvlərinin həyatlarının, sağlamlıqlarının qorunması baxımından kifayət qədər təsirli oldu. Yekun olaraq qeyd etmək istəyirəm ki, dünya miqyasında mövcud gərginliyə, çətinliklərə baxmayaraq, Azərbaycan Respublikasının 6-cı çağırış Milli Məclisi nümayiş etdirə bildi ki, kifayət qədər potensiala malikdir və təbii ki, ölkənin inkişafını təmin edəcək keyfiyyətli qanunvericilik bazasının bundan sonra da hazırlanmasında səmərəli fəaliyyət göstərə biləcək.

Millət vəkili Eldəniz Səlimov:

-Hesab edirəm ki, dünyada və onun bir parçası olan ölkəmizdə yaşanan çətin, üzücü pandemiya dövrünə baxmayaraq, yeni formalaşdırılan parlament, yeni tərkibli və yeni ruhlu 6-cı çağırış Milli Məclis ötən 4 əy ərzində kifayət qədər səmərəli, effektiv və məhsuldar işləyə bildi. Milli Məclis demək olar ki, bütün baş verən proseslərə, hadisələrə, dövlət başçısı tərəfindən həyata keçirilən siyasətə, islahatlar kursuna vaxtında və zamanında çevik reaksiya nümyiş etdirdi. Parlamentdə yeni bir ab-hava yarandı. Xüsusilə, qanun layihələrinin, o cümlədən, cari məsələlərin müzakirələrində əsl demokratiklik, əsl şəffaflıq, əsl qaynarlıq təmin olundu, hər bir kəsə söz demək imkanı, fürsəti yaradıldı.

Buna görə də başda parlamentimizin sədri hörmətli Sahibə xanım Qafarova olmaqla, Milli Məclisin bütün rəhbərliyinə dərin minnətdarlığımı ifadə edirəm. Onların fəaliyyəti xüsusi təqdirə layiqdir. Bu baxımdan hesab edirəm ki, MM-in 4 aylıq fəaliyyəti çox müsbətdir və bu proses bundan sonrakı dönəmlərdə də, məntiqi olaraq, davam edəcək. MM həm ölkədəki islahatlar kursuna, həm də insanlarımızın, vətəndaşlarımızın rifahının təmin olunmasına yönəlik qanunvericilik bazasınının daha da təkmilləşdirilməsində, daha da modernləşdirilməsində, daha da işlək mexanizmlərə malik olmasında öz sözünü deyə biləcək. Buna hər cür potensial və imkan var.

11:15, 30 iyun

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Millət vəkili Milli Mətbuatın 145 illiyi ilə bağlı Sərəncamına görə-ÖLKƏ PREZİDENTİNƏ TƏŞƏKKÜR ETDİ

Read Next

Daha 588 yeni yoluxma-DAHA 7 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir