6 noyabr tarixində Anım Günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri: İki bacının tək qardaşı Fuad Xankişiyev, evin tək oğlu, bir övlad atası Oruc Nəcəfli, qardaşı Qazi olan və nişanlı Elşən Mehbalıyev, ailənin dörd övladından biri və subay olan Daşqın Şəfiyev-SABAH HƏM DƏ CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜ, 30 YAŞI TAMAM OLAN VÜQAR İSMAYILZADƏ – FOTOLAR

Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fuad Şöhrət oğlu Xankişiyev və Oruc Rövşən oğlu Nəcəflinin Anım günləridir.

Fuad Xankişiyev və Oruc Nəcəflinin sabah-6 noyabr 2026-cı il tarixində Əbədiyyətə uğurlanmalarından altı il keçir.

Etikxeber.az xəbər verir ki, Oruc Nəcəfli 1989-cu ilin 6 oktyabr tarixində Yevlax rayonunun Tanrıqulular kəndində dünyaya gəlib.

Ailənin iki övladından biri, tək bacının tək qardaşı olub.

Atalarını illər öncə itiriblər.

1996-2007-ci illərdə Mingəçevir şəhərində Nizami Gəncəvi adına 8 nömrəli tam orta məktəbdə təhsil alıb.

2007-2011-ci illərdə isə Mingəçevir Politexnik İnstitutunda “İnformatika və hesablama texnikası” ixtisası üzrə ali təhsil alıb.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub və Ağdərə istiqamətində, “Tülkü dərəsi” adlanan ərazidə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Oktyabrın 17-də Şəhid olsa da, bir müddət onun nəşini götürmək mümkün olmayıb.

Yalnız 19 gün sonra nəşi tapılıb və noyabr 6-da Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra medallarla və 2026-cı ilin 25 iyun tarixində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Oruc həm də ailəli olub.

Bir qızı Vətənə əmanət qalıb.

***

Fuad Xankişiyev 1996-cı ilin aprelin 12-də Mingəçevir şəhərində dünyaya gəlib.

Ailənin üç övladından biri, iki bacının tək qardaşı olub.

Bacıları ailəlidir.

İkinci Vətən Müharibəsi zamanı Füzulidən Daşlatı-Çanaqçıycan uzun döyüş yolu keçib.

Noyabrın 3-də ağır döyüşlərin birində qəhrəmancasına həlak olan Fuad Xankişiyev noyabrın 6-da Mingəçevirdə-Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra 5 medalla- “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Fuad həm də subay olub.

Şəhidliyindən iki il sonra, 2022-ci ilin may ayının 27-də isə atası Şöhrət Xankişiyev dünyasını dəyişib.

Mingəçevirdə adını daşıyan küçə var.

***

Sabah həm də Bərdə rayonunun Otuzikilər kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Xüsusi Təyinatlı (XTQ) Elşən Təvəkgül oğlu Mehbalıyevin Anım Günüdür.

Elşən Mehbalıyevin də Əbədiyyətə uğurlanmasından altı il keçir.

1994-ci ilin iyul ayının 23-də Bərdənin Otuzikilər kəndində-sadə bir ailədə dünyaya gələn Elşən Mehbalıyev ailənin iki oğlan övladından biri idi.

O, Azərbaycan Ordusunun Kiçik giziri, Xüsusi Təyinatlı olub.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə iştirak edib və noyabr ayında Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 6 noyabr tarixində Otuzikilər kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra bir neçə medalla və bu ilin 25 iyun tarixində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, həm də nişanlı olub.

Şəhidin qardaşı Elnur Mehbalıyev də hərbçi olub.

O da İkinci Vətən Müharibəsində iştirak edib, bir neçə medal və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Elnur hazırda ailəlidir və qızının adına Elşənə qoyub.

***

Sabah Anım Günü olan Şəhidlərimizdən biri də əslən Kəlbəcərli, özü isə Samuxlu olan Daşqın Hidayət oğlu Şəfiyevdir.

Daşqın Şəfiyev  1989-cu ilin avqust ayının 22-də sadə bir ailədə dünyaya gəlib.

Əslən Kəlbəcərli və məcburi köçkün olan Daşqın Şəfiyev ailəsi ilə birlikdə Samuxun Seyidlər kəndində yaşayıb.

Ailədə dörd uşaq-üç qardaş, bir bacı olublar.

Qardaşları və tək bacısı hazırda ailəlidirlər.

Daşqın İkinci Vətən Müharibəsinə, Vətənin müdafiəsinə könüllü qoşulub.

Döyüş yolu cəmi 10 gün, oktyabrın 25-dən noyabrın 4-dək davam edib.

Axırıncı dəfə də elə həmin gün, noyabrın 4-də ailəsi ilə danışıb.

İkinci Vətən Müharibəsi zamanı bir sıra döyüş bölgələrində olub və noyabr ayının 4-də, müharibənin başa çatmasına cəmi 6 gün qalmış Laçın istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi ayın 5-də yaşadığı evə gətirilib, noyabrın 6-da isə Seyidlər kənd qəbiristanlığında dəfn olunub.

Daşqın həm də Seyidlərin yeganə İkinci Vətən Müharibəsi Şəhididir.

Seyidlər kəndində adını daşıyan küçə var.

Şəhidliyindən sonra bir neçə medalla və ordenlə təltif olunub.

O da Fuad və Elşən kimi subay olub.

***

Sabah eyni zamanda, əslən Cəbrayıllı olan Beyləqanlı İkinci Vətən Müharibəsi Şəhidi Vaqif Vüqar oğlu İsmayılzadənin Cənnətdəki altıncı doğum günüdür.

Onun 30 yaşı tamam olur.

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.

Tək bacısı hazırda Şəhid qardaşı ilə evlidir və bir övlad anasıdır.

1996-cı ilin noyabr ayının 6-da dünyaya gələn Vaqif İsmayılzadə 2002-2013-cü illərdə orta məktəbdə oxuyub.

18 yaşını tamamladıqdan sonra isə Əsgərliyə yollanıb.

Əsgərliyini başa vurduqdan sonra yenidən evinə-ailəsinə qayıdıb və son üç il ərzində, yəni, Şəhidliyinə kimi hərbi polisdə çalışıb.

Ana tərəfdən qohumu olan Samirə xanımla ailə həyatı qurub.

Atasının adını daşıyan Vüqarı və Renatı dünyaya gəlib.

Hər iki övladı da orta məktəb şagirdidir.

İkinci Vətən Müharibəsinə qatılan Vaqif oktyabr ayının 21-də Xocavənd istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi beş gün sonra əldə edilib və 26 oktyabr tarixində Bahar qəsəbə qəbiristanlığında-Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medalla və 25 iyun 2026-cı il tarixində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək-SABAH

Read Next

Sabah Anım, Şəhadət və Doğum günləri olan İkinci Vətən Müharibəsi və Antiterror Şəhidləri-ADİL İBRAHİMLİ, XALİD HASSAN, MEHDİ FƏRZULLAZADƏ, NİZAMİ OSMANOV VƏ HÜSEYN NƏSİBOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir