“Kəlbəcərin işğalı əslində həmin tarixdən bir il əvvəl Ağdaban faciəsi ilə başlamışdı…”-JALƏ ƏLİYEVA YAZDI

2 aprel – tariximizin kədərli, üzüntülü günlərindən biridir.

Bundan 27 il əvvəl daha bir qədim diyarımız, gözəl Kəlbəcər erməni qəsbkarları tərəfindən işğal edildi.

Tam 27 il!

Tam 511 şəhid!

İşğal nəticəsində 511 nəfər dinc əhali (o cümlədən 20 uşaq) ağlasığmaz üsullarla qətlə yetirildi, 1231 nəfər (o cümlədən 20 azyaşlı körpə) ağır işgəncələrə məruz qalaraq əsir götürüldü, 3-ü qız olmaqla 10 uşaq itkin düşdü, 2500 nəfər (onlardan 3-ü azyaşlıdır) əlil oldu, 78 uşaq valideynlərindən birini itirdi. 53.340 kəlbəcərlinin taleyinə didərginlik payı düşdü.

Kəlbəcərin işğalı əslində həmin tarixdən bir il əvvəl Ağdaban faciəsi ilə başlamışdı.

Bu günlərdə – 8 aprel tarixində qanlı yaddaşının 28 – ci ilini dolduracaq olan Ağdaban kəndi bir gecədə tamamilə yandırıldı, 779 sakinə işgəncələr verildi.

İşğal zamanı ermənilər tərəfindən 67 nəfər öldürüldü, yaşları 90-100 arasında olan 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırıldı, 12 nəfərə ağır bədən xəsarəti yetirildi, 2 nəfər itkin düşdü…

Həmin gecə böyük ustad, Dədə Şəmşirin ocağından 16 nəfər ailə üzvü amansızlıqla qətlə yetirildi.

Dədə Şəmşirin evi yağmalandı, gülləbaran edildi, əlyazmaları yandırıldı.

Böyük bir el-oba yerlə-yeksan oldu…

Bütöv Azərbaycan naminə, doğma torpaq uğruna canından keçən, minbir məhrumiyətə məruz qalan yüzlərlə ata-anamızı, bacı-qardaşımızı, övladlarımızı rəhmətlə anırıq!

Başın sağ olsun Vətən! Başın sağ olsun, Kəlbəcər!

Dədə Şəmşir yadigarı, şeirləri yurd həsrəti, yurd sevgisinə bələnmiş, yaradıcılığı təpədən dırnağa zəngin lirikayla yoğrulmuş dəyərli Cavid Qənbəroğlunun elə həmin günlərdə, Kəlbəcərin işğalı gecəsi, 2 aprel 1993 tarixində yana-yana qələmə aldığı “Vətən,ox!” şeiri isə qoy bütün şəhidlərimizin, Vətən həsrətlilərimizin ruhuna bu gün bir dua kimi səslənsin!

Yaşamaqdı – aylar ötür, il keçir,

Günlərimin biri ağdı, biri yox.

Bu dünyanı görə-görə gəlmişəm,

İnsanların biri acdı, biri tox.

Məəttələm Yaradanın işinə –

Qeyrətsizlər necə döyür döşünə?!

Yaddan çıxıb kişilik nə, kişi nə,

Haçan olar namərdindən kişi çox?…

Ayaq açıb, var toplayır gədələr,

Az qalırlar xalqı söküb-didələr.

Yoxa çıxıb alp-ərənlər, dədələr,

Hədəfinə gəlib çatmır nizə, ox.

Tufan qopdu, çadır qaldı çətənsiz,

Ruha dönüb dolaşırıq bədənsiz.

Oba köçdü, ellər qaldı Vətənsiz,

Dilim gəlmir deyim yoxsan, Vətən! Ox!…

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az


Read Previous

Əli Əsədovun parlamentdəki ilk hesabatının vaxtı-MƏLUM OLDU-DEPUTATLAR YENƏ TESTDƏN KEÇİRİLƏ, HÖKUMƏT ÜZVLƏRİNDƏN VƏ MİLLƏT VƏKİLLƏRİNDƏN YAŞI 65-İ KEÇƏNLƏR İCLASA QATILMAYA BİLƏR – YENİLƏNİB

Read Next

“Şəhidimiz Dəmirli Hüseyn, Novruzov Fərahim və Məmmədov Muradın valideynlərinə zəng edərək, onlara bir daha səbr dilədim…”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir