“65 min tondan artıq xam pambığın toplanması gözlənilir ki, bu da tədarük ediləcək məhsulun 65 faizi deməkdir”- “MKT İstehsalat Kommersiya” MMC

“2016-cı ildə pambıq əkini üçün 50 min hektar sahə hədəf götürülüb. Bu məqsədlə “MKT İstehsalat Kommersiya” MMC tərəfindən aidiyyəti dövlət qurumları və pambıq istehsalçıları ilə birgə pambıq əkininə yararlı torpaqların müəyyən edilməsi üçün qısa müddət ərzində ərazilərə baxış keçirilib və fəaliyyət istiqamətləri müəyyənləşdirilib”.

Etikxeber.az xəbər verir ki, bunu “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktorunun müavini Bəhruz Camalov deyib.

Onun sözlərinə görə, Prezidenti Administrasiyasının dəstəyi, habelə yerli icra hakimiyyəti orqanları, müvafiq qurumlar, şirkət və fermerlərin səyi nəticəsində MKT tərəfindən 24 rayon üzrə 31474 hektar sahədə pambıq əkini aparılıb.

O, deyib ki, bunun 5000 hektarı MKT-nin innovasiya təsərrüfatlarında, qalan 26474 hektarı isə 2949 fermerlə bağlanan müqavilələr əsasında əkilib. Ümumilikdə şirkət üzrə 30713 hektar sahədə çıxış alınıb.

Həmçinin, qeyd edib ki, 2015-ci ildə şirkət üzrə əkin sahəsi 7730 hektar, orta məhsuldarlıq 28,5 sentner olub. Bu, respublika üzrə 2015-ci ildə 18,8 sentner təşkil edib. 2016-cı il üçün planlaşdırılan əkin sahəsi əvvəlcə 10-14 min hektar olsa da, Sizin tapşırıqlarınızdan sonra əkin sahəsinin 31,5 min hektara qədər artırılması mümkün olub.

“Pambıqçılara göstərilən qayğı və diqqət bu gün öz bəhrəsini verməkdədir. Belə ki, pambıq əkininə ayrılan subsidiyalar, gübrə və pestisidlərə tətbiq olunan güzəştlər, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən gətirilən texnikaların güzəştli şərtlərlə satılması fermerlərin daha çox qazanc əldə etməsinə zəmin yaradıb. “Aqrolizinq” ASC tərəfindən təchizatı nəzərdə tutulan müasir suvarma sistemlərinə də güzəşt tətbiq edilməsi məsələsi gündəmdədir.

Hazırda MKT şirkəti 2817 ədəd texnika ilə fermerlərə xidmət göstərməkdədir. Şirkət tərəfindən dəyəri 2 094 425 ABŞ dolları olan 690,475 ton yüksək reproduksiyalı, məhsuldar pambıq toxumu idxal edilib və mövsüm üçün toxum tələbatı tam ödənilib.

Cari mövsümdə şirkət tərəfindən pambıq əkini üçün 31506 hektarda şum, 76520 hektarda mala, tandem disk, 14055 hektarda arat, 31474 hektarda səpin, 20388 hektarda seyrəltmə, 70835 hektarda suvarma, 117469 hektarda kultivasiya, 80503 hektarda kətmənləmə işləri aparılıb. Sahələrə 6836 ton gübrə verilib, 52000 litr kimyəvi preparatdan istifadə edilib, ümumilikdə 17.328.595 manat maliyyələşdirmə həyata keçirilib.

MKT tərəfindən sahələrdən 65000 tondan artıq xam pambığın toplanması gözlənilir ki, bu da respublika üzrə tədarük ediləcək məhsulun 65 faizi deməkdir. Xam pambıq 13 qəbul məntəqəsində tədarük, 10 pambıqtəmizləmə zavodunda isə emal ediləcək. Qeyd edək ki, 10 pambıqtəmizləmə zavodu həm də qəbul məntəqəsi kimi fəaliyyət göstərir. Tədarük ediləcək xam pambığın emalından 24700 ton mahlıc, 32500 ton çiyid, çiyidin emalından isə 3600 ton rafinə edilmiş yağ və 21600 ton jmıx alınacaq. Daxili tələbat (iplik, tekstil, heyvandarlıq) təmin edildikdən sonra ixracdan 34 milyon ABŞ dolları məbləğində vəsaitin daxil olması gözlənilir.

Növbəti illərdə pambıqçılıqda məhsuldarlıq və keyfiyyət göstəricilərini yüksəltmək məqsədilə hazırda aşağıda qeyd olunan işlərə başlanılıb.

2017-ci təsərrüfat ilində pambıq əkini üçün müqavilə bağlanması və şum aparılması işlərinə start verilib, toxumçuluğun inkişaf etdirilməsi məqsədilə elmi-texniki bazanın yaradılması və lifsizləşdirilmiş toxumluq çiyid istehsalı zavodunun layihə-tikintisi üzərində işlər aparılır. Gələn il pambıq əkininin qismən, 2018-ci ildən başlayaraq tam yerli istehsal toxumla təchiz olunması planlaşdırılır. Əkilməyən sahələrin əkinəyararlı vəziyyətə gətirilməsi prioritet vəzifələrdəndir və hazırda müvafiq qurumlarla ərazilərin monitorinqi aparılır, pivot müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı yeni layihələr üzərində işlər gedir.

Pivot sistemlərinin tətbiqi sudan istifadəyə qənaət etməklə yanaşı, ənənəvi üsulla müqayisədə məhsuldarlığın 1,5-2 dəfə artırılmasına, eyni zamanda, növbəli əkin sisteminə böyük imkanlar yaradır. Taxıl pambıq üçün sələfli bitki olduğundan, pivot suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə pambıqçılığın inkişafı, eyni zamanda, taxılçılığı da inkişaf etdirəcək.

Qeyd etmək istərdim ki, MKT-nin Yevlax, İmişli, Ağcabədi, Beyləqan, Saatlı və Samux rayonlarında yerləşən innovasiya təsərrüfatlarında 6750 hektar sahəni əhatə edən 149 ədəd pivot müasir suvarma sistemləri quraşdırılıb və bu istiqamətdə işlər davam etdirilir. Hazırda Yevlax innovasiya təsərrüfatında tam formalaşmış sahələr üzrə 45-50 sentner məhsul gözlənilir…“-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

 

Read Previous

Teatr mövsümünü “Tülkü tülkü tünbəki” tamaşası ilə açdılar

Read Next

İlham Əliyevlə Fatma Hüseynova arasında maraqlı dialoq yaşandı: “Eşidən də deyir Allah Prezidentin köməyi olsun ki…”- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir