“Prezidentin üstünlüyü və böyüklüyü ondadır ki, o, heç zaman xırda hisslərlə yaşamayıb…”-DEPUTAT

Eldəniz SƏLİMOV: “Bir birlikdə güclüyük və birlikdə də bu sınaqdan, bu imtahandan üzüağ, alnıaçıq çıxacağıq. Necə ki, bugünə qədər çox sınaqlardan, imtahanlardan birlikdə alnıaçıq, üzüağ çıxmağı bacarmışıq”

Etikxeber.az millət vəkili Eldəniz Səlimovla müsahibənin davamını təqdim edir:

-Eldəniz müəllim, istər pandemiyanın aradan qaldırılması istiqamətində ölkədə görülən işlər, istərsə də əldə olunan nəticələr onu deməyə əsas verirmi ki, Azərbaycan dövləti bu problemin də öhdəsindən tam gələ biləcək?

-Necə ki, bu bəlanın ciddiliyini vaxtında qəbul edib, dövlət olaraq, qətiyyətli, cəsarətli addımlar atdıqsa, uğurlu nəticələr əldə etdiksə, üzvü olduğumuz Türk Şurasının dövlət və hökumət başçıları, eləcə, Ümumdünya Səhiyyə Təşkilatının, digər ölkələrinin təqdirini qazandıqsa, nümunə olduğumuz hər kəs tərəfindən bəyan edildisə, yenə də hamıdan öncə-ilk ölkələrdən biri və birincisi olaraq, bu bəladan qurtulacağıq. Həmin  günlər uzaqda deyil, qapımızın ağzındadır. Bir balaca  da səbr və deyilənlərə axıracan əməl etmək lazımdır. Bir birlikdə güclüyük və birlikdə də bu sınaqdan, bu imtahandan üzüağ, alnıaçıq çıxacağıq. Necə ki, bugünə qədər çox sınaqlardan, imtahanlardan birlikdə alnıaçıq, üzüağ çıxmağı bacarmışıq.

-Bu ərəfədə bir müsbət tendensiyanı da müşahidə edirik ki, ölkədə iqtisadi və sosial sahədə atılan məqsədyönlü addımlarla yanaşı, siyasi sahədə də islahatlar gedir, yeni siyasi mühit yaranır. Müxalif partiyalarla görüşlərin keçirilməsi, iki partiyanın dövlət qeydiyyatına alınması, həmçinin İlqar Məmmədov və Rəsul Cəfərovun bəraət alması, bütün bunlar hakimiyyətin ölkədə siyasi konfiqurasiyanın yaranmasına yönəlik addımları deyilmi?

-Bütün sahələrdə olduğu kimi, siyasi sahədə və məhkəmə-hüquq sistemində də islahatlar prosesi davam etdirilməkdə və öz müsbət nəticələrini verməkdədir. Bu islahatların da anonsu hələ bir il öncə, ölkə Prezidentinin 2019-cu ilin martın 20-də Azərbaycan xalqına Novruz təbrikində verilmişdi. Həmin vaxtdan ötən dövr ərzində də atılan addımlar yenə hamının, hamımızın gözləri önündədir. Bu tarixi günlərin və anların şahidləri və iştirakçılarırıq. 1993-cü ildən, Ulu Öndərin ikinci dəfə hakimiyyətə dönüşündən sonra, xüsusilə, ölkə Prezidentinin son 17 illik hakimiyyəti dönəmində ölkəmizdə əsl vətəndaş həmrəyliyi bərqərar olub, insanlarımız Azərbaycan dövlətinin atdığı addımlardan məmnundurlar, razıdırlar və bunu son 27 ildə keçirilən seçkilərin nəticələri bir daha əyani şəkildə təsdiqləyir. Azərbaycan insanı Heydər Əliyev yoluna və bu yolun layiqli davamçısı cənab İlham Əliyevə inanır, ona dəstəyini ifadə edir. Amma bununla belə, ölkədə siyasi dialoq mühitinin tam bərqərar olunması vacibdir ki, yenə də bu məsələdə ilk və qətiyyətli addım atan ölkə Prezidenti cənab İlham Əliyev oldu və son iki ayda atılan bütün addımların birmənalı və şəksiz müəllifi dövlət başçısıdır. Məhz onun həyata keçirdiyi islahatlar, göstərdiyi iradə nəticəsində həm siyasi səhnədə, həm də məhkəmə-hüquq sistemində böyük uğurlar əldə edilməkdədir. Ali Məhkəmənin son qərarı da bir daha bunun-Azərbaycan hüquqi-demokratik ölkə olduğunun əyani, bariz nümunəsidir. Həm də onun nümunəsi və sübutudur ki, Azərbaycan müstəqil dövlətdir və heç kimsənin təzyiqi, diktəsi ilə hərəkət etməyib və etməyəcək. Ona təsir etməyin mənası yoxdur. Azərbaycan öz qərarlarını özü verib, bundan sonra da müstəqil dövlət olaraq, qərarlarını özü verəcək. Bunu hər kəs bilsin və qulaqlarına sırğa etsin. Ölkəmizdə yaranan yeni siyasi konfiqurasiyada da məhz  o qüvvələr yer alıblar və alacaqlar ki,  hər zaman konstruktiv mövqe sərgiləmələri ilə seçiləcəklər, hər zaman dövlətdən, dövlətçilikdən yana olacaqlar. Kənarda qalanlar isə özlərindən küssünlər. Çünki buna layiq deyillər. Öz əməlləri ilə özlərini kənarda qoyublar və qoyacaqlar.

-Eyni zamanda vaxtı ilə hakimiyyətə qarşı radikal çıxışları ilə seçilən Əhməd Orucun müalicəsinin şəxsən dövlət başçısı tərəfindən nəzarətə götürülməsi onu deməyə əsas verirmi ki, Cənab Prezident opponentlərindən fərqli olaraq qisasçılıq meyillərindən tamamilə uzaqdır və İlham Əliyev hər bir vətəndaşın prezidentidir?

-Ölkə Prezidentinin üstünlüyü və böyüklüyü ondadır ki, o, heç zaman xırda hisslərlə yaşamayıb və yaşamayır. Heç təsadüfi deyil ki, 2003-cü ilin andiçmə mərasimində də ölkə Prezidentinin ilk bəyanatı bu oldu ki, o, bütün azərbaycanlıların, bütün dünya azərbaycanlılarının Prezidenti olacaq. Hər bir vədinə sadiq qaldığı, hər bir vədini reallaşdırdığı kimi, son 17 ildə bu vədinə də daim və hər zaman sadiq qalmaqda, hər bir məsələyə əsl lider və rəhbər prizmasından yanaşmaqda, mövqe sərgiləməkdədir. Bu baxımdan, ölkə Prezidentinin bu addımı, bu jesti də onun liderlik, rəhbərlik keyfiyyətlərindən, insanlığından, insanpərvərliyindən irəli gəlir.

-Ancaq maraqlı məqam ondan ibarətdir ki, radikal siyasi düşərgə hakimiyyət tərəfindən uzanan dialoq, əməkdaşlıq əlini geri çevirir. Onların bu davranışını necə dəyərləndirərdiniz?

-Çox mənfi və pis qiymətləndirirəm. Onlar məğlubiyyətə, fiaskoya uğramış, mənəvi və siyasi cəhətdən deqradasiyaya uğramış, özlərini ifşa etmiş qüvvələrdir. Hər nə qədər özlərinin “mövcudluqlarını” sübut etməyə, “biz də varıq” deməyə çalışsalar da,  rəzillikləri, uğursuzluqları açıq-aydın ortadadır və kimsə də onları ciddiyə almır. Onlara ən layiqli cavabı son 27 ildə Azərbaycan xalqı verib, verir və bundan sonra da verəcək. Onlar artıq tarixin toz basmış arxivinə tullanılıblar. İndi dövran, zəmanə onların, əli kərimlilərin, “milli şura”dakıların dövranı, zəmanəsi deyil. “Bəlkə də qaytardılar” olmayıb və olmayacaq (Olaylar).

Etikxeber.az

Read Previous

Karantini pozan 43177 hərəkət iştirakçısı məsuliyyətə cəlb edildi-DYP

Read Next

“Moris Meterlinkin “Göy quş” və Elçinin “Teleskop”əsərlərinə manumental tərtibatlar etmişəm…”- RƏSSAM MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir