“Bunların hamısı Azərbaycan xalqının sərvətləri kimi qəbul olunaraq, ölkəmizə geri qaytarılmalıdır…”-ZAHİD ORUC ELDAR MAHMUDOVUN MÜLKLƏRİ VƏ ƏMLAKLARINDAN SÖZ AÇDI…

İndi biz müstəqil dövlətimizin peşəkar kadrlarla bağlı az qala Qarabağ məsələsi qədər ümummilli əhəmiyyət daşıyan problemləri həll etməliyik.

Etikxeber.az məlumat verir ki, bunu bu gün Milli Məclisin (MM) plenar iclasında çıxışı zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Z. Oruc deyib ki, İlham Əliyevin Prezident seçilməsindən sonra uzun illər ölkəmizin iqtisadi müstəqilliyini təmin etməyə çalışması, mühüm transmilli layihələr vasitəsilə beynəlxalq əlaqələrimizi və  təhlükəsizliyimizi gücləndirməsi, Qarabağ müharibəsinin ağır humanitar nəticələrini aradan qaldırması və infratsruktur quruculuğunu həll etməsi danılmaz həqiqətdir: 

“Eyni zamanda 2015-ci ildə MTN və sonrakı illər digər hökumət strukturları ətrafında baş verən hadisələr sübut etdi ki, kadr siyasəti bütün iqtisadi, sosial, siyasi, hərbi-təhlükəsizlik problemlərindən daha yüksəkdə dayanır və bir nömrəli dövləti vəzifədir. Əslində nə Dövlət İdarəçilik Akademiyası, nə də digər universitetlər ayrıca götürülmüş halda konkret nazirliklər üçün kadr yetişdirmir. Burada vahid bir standart və tələb yoxdur. Bəli, İlham Əliyev yeni elitanı formalaşdırır və bu zaman “toxunulmaz şəxs yoxdur” şüarını irəli sürür. Lakin bir birinin ardınca nazirlər, icra hakimiyyəti rəhbərləri və digər yüksək çinli məmurların vəzifədən məhz yarıtmaz işlərinə, korrupsiya və digər qanunsuz əməllərə görə getməsi sübut edir ki, kadrların seçilməsi, yerləşdirilməsi, rotasiyası ətrafında hüquqi mexanizmlərin təkmilləşməsinə dərin ehtiyac duyulur ki, burada da Parlamentin rolu əvəzsiz ola bilər.

Diqqət edin, MTN, Rabitə, Vergilər, Nəqliyyat və son olaraq, Mədəniyyət nazirlərinin vəzifələrdən getməsi hansı şəraitdə baş verib, səbəbləri nə olub, onda belə nümunələri bizi gənclərimiz üçün təklif edə bilmirik. 5 icra hakimiyyəti başçısının rəhbəri külli miqdarda büdcə vəsaitləri və vətəndaşların haqlarını mənimsəməkdə ittiham olunur. MTN sabiq nazirinin düz  beş ildir ki, Britaniya ərazirlərində 100 milyonlarla funt dəyərində mülkləri və əmlakları haqda söhbət gedir. Əlbəttə bunların hamısı Azərbaycan xalqının sərvətləri kimi qəbul olunaraq, ölkəmizə geri qaytarılmalıdır, lakin bizi daha çox kadr məsələsi narahat etməlidir”.

Millət vəkili qeyd edib ki, müstəqilliyimizn yeni mərhələsində İlham Əliyev məhz yeni hakimiyyət qurur:

“Ölkə rəhbəri son aylar bütün komanda üzvlərinə çağırış edir ki, kim nəfsinə qalib gələ bilmirsə, onda özlərini bədbəxt etməsinlər, kənara çəkilsinlər, vəzifədən getsinlər. Elitanın səfərbərliyi üçün sərt idarəçilik şərtlərini: fəaliyyət-nəticələrə görə məsuliyyət   tələb edir. ​Siyasi sistemin yeni konfiqurasiyası deyəndə, yalnız dövlət idarəçiliyi deyil, siyasi  sistemin bütün spektrindən söhbət gedir. Bu siyasi sistemin bütün sahələrində siyasi partiyalar, gənclər təşkilatlarında kadrlar yeniləşməsi gedir. Rusiya PA-da kadr siyasəti -Dövlət Qulluğu məsələləri və İdarəçilik sahəsində Kadr Ehtiyatları üzrə Komissiya   yaradllıb. Bu gün-2020-ci  il 1 iyun tarixi üçün ehtiyat kadrlar siyahısında 140 nəfərin adı var. Kadr siyasətində dönüş yaranması bütün sahələrdə nailiyyətlərlə bərabər, ilk növbədə torpaqlarmızın işğaldan azad olunmasına kömək edəcək, Prezidentin fədakar və misilsiz işlərinin uguruna müsbət təsir edəcək, dövlətimizi vətəndaşın gözündə ucaldacaq. Mən təklif edirəm ki, dövlət idarəçiliyinə kadr hazırlığının vəziyyəti ilə bağlı böyük plenar sessiya keçirilsin və orada dövlət siyasətini həyata keçirənlərlə yanaşı, universitetlər, elmi mərkəzlər və 3-cü sektor təmsilçiləri də iştirak etsin. Əlbəttə, ”Yüksəliş” müsabiqəsini hamı alqışlayır, lakin dövlətimizin ehtiyacı 18 nəfərdən min dəfələrlə çoxdur”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Adil Əliyev, Əminə Ağazadə, Elşad Mirbəşiroğlu, Arzu Nağıyev…- KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ÜZRƏ KOMİSSİYANIN MM-DƏN OLAN YENİ ÜZVLƏRİ

Read Next

“Bank sektorunda sağlamlaşma prosesi bu gün də davam edir…”-MM-İN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir