“Nə qədər çətin olsa da, əsəblər nə qədər tarıma çəkilsə də…”-DEPUTATDAN ÖLKƏ VƏTƏNDAŞLARINA NÖVBƏTİ SƏSLƏNİŞ

Bu gündən-bu gecədən, saat 00:00-dan ölkədə yenidən iki həftəlik sərtləşdirilmiş karantin rejimi tətbiq olunur.

Əgər əvvəlcə 8 bölgə, o cümlədən, paytaxt Bakı bu sıraya daxil idisə, indi daha 8 bölgə- Goranboy, Siyəzən, Xacmaz və digərləri sərt karantin altına salınan bölgələr sırasındadır…Bu da səbəbsiz deyil…Çünki səbəb son bir neçə günün kədərli və narahatedici statistikası, yoluxma hallarının 500-dən aşağı düşməməsi, 600-ə çatması və məntiqi olaraq, ölüm hallarının artmasıdır.

Eyni zamanda, adları bu sıraya daxil edilmiş 8 bölgədə vəziyyətin ürəkacan olmamasıdır. Düzdür, təmsilçisi olduğum Zərdab və Ucar rayonlarında vəziyyət qənaətbəxşdir, TƏBİB rəhbəri də son mətbuat konfransında bunu dilə gətirdi, amma ümumən götürdükdə ölkə üzrə vəziyyət ürəkacan deyil.

Çox təəssüflər olsun ki, son 4 ayda ərzində bu qədər görülən işlərə, atılan çoxsaylı addımlara, dövlətin belə bir çətin şəraitdə, iqtisadiyyatın demək olar ki, dayandığı, neftin qiymətlərinin azaldığı bir dönəmdə bütün yükü və ağırlığı öz üzərinə götürməsinə baxmayaraq, bugünkü mənzərə əmələ gəldi…Operativ Qərargahın, TƏBİB-in, son aylarımızın qəhrəmanları olan həkimlərimizin, səhiyyə, tibbi işçilərinin, mütəxəssislərin cağırışlarına, tövsiyələrinə, məsləhətlərinə, xəbərdarlıqlarına, xüsusi karantin rejiminin şərtlərinə və tələblərinə, xüsusilə, hər bir məsələdə hər birimizə örnək və nümunə olan dövlət başçımızın-cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın müraciətlərinə baxmayaraq, bir çox insanımız, vətəndaşımız yenə öz bildiyini etdi, tibbi maskalardan və əlcəklərdən yararlanmadı, sosial məsafəni gözləmədi, bir çox hallarda da, sanitar-gigiyenik qaydalara əməl və riayət etmədi.

Yumşaldılma qərarlarından sui-istifadəyə üstünlük verilərək, məsuliyyətsizlik, biganəlik, laqeydlik nümayiş etdirildi…”Bu, bir oyundur…” səfsəfəsinə özlərini inandıraraq, həm özlərinin, həm də yaxınlarının, onlarla təmasda olan insanlarının həyatını təhlükə və risq altına atdılar…Amma yetər, kifayətdir, hər kəs artıq bu bəlanın ciddiliyini qəbul etməli, bütün tələblərə və şərtlərə bəhanə gətirmədən sayğı göstərməli, tibbi maska və əlcəklərdən yararlanmalı, sosial məsafəni gözləməlidir.

Nə qədər çətin olsa da, əsəblər nə qədər tarıma çəkilsə də, digər sosial problemlər yaşansa da, hamı bir nəfər kimi və birmənalı şəkildə Operativ Qərargahın qərarlarına, həm xüsusi karantin, həm sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə əməl etməlidir.

Başqa yol, başqa yolumuz yoxdur…Əgər bu bəlaya bulaşmaq istəmiriksə, bu bəladan qurtulmağı düşünürüksə, o zaman hər birimiz öz timsalımızda vətəndaş məsuliyəti və həmrəyliyi nümayiş etdirməli, dövlətimizin çiyinləri üzərinə bu ağır şəraitdə daha böyük və daha ağır yükün düşməsinə razı olmamalı, imkan verməməliyik.

Çünki hər gün büdcədən 100 milyonlarla vəsait bu məsələlərə pul ayrılır…Hansı ki, bu vəziyyətdən tezliklə qurtulsaq, həm dövlətimizin yükü azalar, həm də həmin pullar digər vacib problemlərimizin həllinə, ölkəmizin inkişafına yönələr.

Odur ki, hər bir kəsə bir daha çağırış edir və səslənirəm ki, bu günə kimi dözmüşüksə, səbr etmişiksə, bundan sonra da dözək, səbr edək, deyilənləri elliklə yerinə yetirək və birlikdə “gizli düşmən”dən birdəfəlik canımızı qurtaraq.

Biz yalnız birlikdə bacara, birlikdə qurtula, birlikdə güclü ola bilərik!

Jalə ƏLİYEVA,

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor

00:02

Etikxeber.az

Read Previous

Bakıda daha bir-GÜCLÜ YANĞIN – NAZİR MÜAVİNİ YANĞIN YERİNƏ GƏLDİ – YANĞIN SÖNDÜRÜLDÜ -YENİLƏNİB – (6)

Read Next

“Çingiz Aytmatovla çəkdirdiyim şəkilləri onların qarşısına qoyub, “baxın” dedim, özüm isə nə üçünsə bir neçə dəqiqəliyə bayıra çıxdım…Çıxan kimi dostlarımdan biri deyibmiş ki, bu şəkillər “montaja” oxşayır…”-EKS-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir